- 21:02
"Müasir tariximizdə ilk dəfə olaraq Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün tarixi bir fürsət yaranıb".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “TRT World” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, təxminən 30 il ərzində Azərbaycanın əraziləri işğal altında qaldı və 44 günlük Vətən müharibəsi nəticəsində bu silahlı qarşıdurma başa çatdı.
“Müharibənin bitməsindən dərhal sonra, dövlət başçımızın təşəbbüsü ilə Azərbaycan yüksək səviyyədə düşmənçiliyə son qoymağı və sülh sazişi üzərində işləməyi təklif etdi.
Təxminən 13 ay ərzində bu təklifə Ermənistan tərəfindən heç bir cavab verilmədi. Daha sonra, 2022-ci ilin fevral ayında Azərbaycan Ermənistana gələcək sülh sazişinə dair beş əsas prinsip təqdim etdi və bu sənəd ictimaiyyətə açıqlandı. Həmin ilin oktyabr ayında - daha dəqiq desək, 2022-ci ilin oktyabrında sülh sazişi layihəsinə dair ilk danışıqlar Cenevrədə keçirildi. Onu da qeyd etmək istəyirəm ki, bu sazişin ilkin layihəsini də Azərbaycan təqdim etmişdi.
İki il yarım davam edən danışıqlar və 12 dəfə sənəd mübadiləsindən sonra bu ilin mart ayında biz danışıqları yekunlaşdırdıq və sülh sazişinin mətni üzərində razılığa gəldik”, - Bayramov qeyd edib.