Müsahibə mərhələsinə buraxılmış hakimliyə namizədlərin siyahısı açıqlandı


  • 17 Aprel 17:42

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində Hakimlərin Seçki Komitəsi tərəfindən yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakim vəzifəsinə namizədlərin seçim prosesi fasiləsiz davam etdirilir.

Hakimlərin Seçki Komitəsindən e-huquq.az-a verilən məlumata görə, davamlı olaraq aparılan müsabiqə çərçivəsində növbəti test imtahanında müvəffəqiyyət qazanmış hakimliyə namizədlərlə 2025-ci il 9 fevral tarixdə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda elektron qaydada yazılı imtahan keçirilib, imtahan zamanı cinayət və mülki sahələr üzrə kazus xarakterli 2 sual 4 saat ərzində cavablandırılıb.

Hakimliyə namizədlərin cavab vərəqələri kodlaşdırılaraq anonim qaydada, ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssislər tərəfindən ayrı-ayrılıqda yoxlanılıb. Qaydalara əsasən, namizədin həm cinayət, həm də mülki sahələr üzrə topladığı ballar cəmlənib və 2-yə bölünərək, yekun bal müəyyən olunub.

İmtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 61 nəfər hakimliyə namizəd müsahibə mərhələsinə buraxılıb. Müvafiq mərhələ 2025-ci il 5 may tarixdən başlayaraq növbəli qaydada keçiriləcəkdir.

Xatırladaq ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və növbəti test imtahanı cari ilin sentyabr ayının 21-də keçiriləcək. Hakimlərin Seçki Komitəsi hakim olmaq arzusunda olan şəxsləri müsabiqədə daha fəal iştiraka dəvət edir.

Müsahibə mərhələsinə buraxılmış hakimliyə namizədlərin şəxsi eyniləşdirmə kodu üzrə siyahısı:

Oxşar xəbərlər