Azərbaycanda hava şarı pilotu şəhadətnaməsinin verilməsinə dair tələblər müəyyənləşdi


  • 14 Aprel 13:51

“Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları” təsdiqlənib.

E-huquq.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda hava şarı pilotu şəhadətnaməsinin verilməsinə dair tələblər müəyyənləşib.

Hava şarları aşağıdakı siniflərə və qruplara bölünür:

İsti hava şarı sinfi:

- A qrupu: 3400 m³ qədər zərf tutumu;

- B qrupu: 3401 m³ - 6000 m³ aralığında olan zərf tutumu;

- C qrupu: 6 001 m³ - 10 500 m³ aralığında olan zərf tutumu;

-D qrupu: 10 500 m³-dən çox zərf tutumu;

Qaz-hava şarı sinfi;

- qarışıq şar sinfi;

- isti hava dirijablı sinfi.

Qeyd olunub ki, hava şarı pilotu şəhadətnaməsinin verilməsi üçün yaşı 18-dən az olmayan şəxslər müraciət etmək hüququna malikdirlər. Hava şarı pilotu şəhadətnaməsi ilə verilən əsas imtiyaz ödənişsiz olaraq qeyrikommersiya əməliyyatlarında və müvafiq ixtisas qeydinə malik olduqda kommersiya əməliyyatlarında hava şarının kapitanı kimi çıxış etməkdən ibarətdir.

Şəhadətnamə sahibləri yalnız tətbiq olunan ən son tələblərə əməl etdikdə və tibbi arayışları qüvvədə olduqda öz imtiyazlarından istifadə etməlidirlər.

Ərizəçi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən sertifikatlaşdırılmış təlim təşkilatında hava şarı imtiyazları üzrə təlim kursunu bitirməlidir. Təlim kursu nəzəri bilik və uçuş təlimatını əhatə etməlidir. Ərizəçi bu Qaydalara uyğun olaraq Agentlikdə nəzəri bilik imtahanından keçməlidir.

Ərizəçilər hava şarında kapitan pilot qismində veriləcək imtiyazlara uyğun şəkildə prosedurları və manevrləri yerinə yetirmək bacarığını nümayiş etdirməli və bununla praktiki bacarıq testini keçməlidirlər. Ərizəçi Sinif 2 tibbi sertifikata malik olmalıdır.

Oxşar xəbərlər