Ceyhun Bayramov: Antalya Diplomatiya Forumuna artan marağın şahidi olmaq sevindiricidir


  • 12 Aprel 22:25

Antalya Diplomatiya Forumuna hər il marağın daha da artmasına şahidi olmaq sevindirici haldır.

E-huquq.az xəbər verir ki, bunu IV Antalya Diplomatik Forumunun (ADF) 2-ci günündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında deyib.

Nazir deyib ki, o, hər il bu foruma qatılıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti bu il dördüncü dəfə Antalya Diplomatiya Forumunda iştirak edib. Heyətimiz bu forumda hər il iştirak edir, şəxsən mən bütün forumlara qatılmışam”.

ADF-də ildən-ilə iştirakçı sayının, aparılan müzakirələrin keyfiyyətinin artdığını bildirən nazir deyib ki, sözün əsl mənasında bu, forumu dünyada ən önəmli platformalardan birinə çevirir: “Təbii ki, bu da bizi sevindirir. Hesab edirəm, Türkiyə heyətindən sonra Azərbaycan ən çox nümayəndəsi ilə burada iştirak etdi. Burada dövlət nümayəndələri ilə yanaşı, bizim deputatlarımız, düşüncə mərkəzlərimiz, ekspertlərimiz və Azərbaycan mediası çox geniş təmsil olundu. Nümayəndələrimiz burada aparılan müxtəlif panel müzakirələrində də fəal iştirak etdilər”.

Nümayəndə heyətimizin forum çərçivəsində aparılan müxtəlif panel müzakirələrində də fəal iştirak etdiklərini qeyd edən nazir deyib: “Ermənistan və Gürcüstan xarici işlər nazirləri ilə birlikdə iştirak etdiyimiz Cənubi Qafqaza həsr olunan paneldə Azərbaycan ilə Ermənistan arasındakı normallaşma prosesinin mövcud vəziyyəti, dövlətlərarası sülh və münasibətlərin normallaşması üzrə saziş layihəsinin mətni ilə bağlı razılığın əldə edilməsi, eləcə də Azərbaycanın bununla bağlı gözləntiləri barədə iştirakçılara kifayət qədər geniş məlumat verdim. Paneldə ilk növbədə Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə olan iddiaların aradan qaldırılması, Minsk qrupunun ləğvi ilə bağlı gözləntilərimiz, ümumilikdə Cənubi Qafqazda inkişaf prespektivləri, Azərbaycanın bölgədə uzun illər ərzində oynadığı pozitiv rolu, digər bölgə ölkələri ilə həyata keçirdiyi tədbirlər haqqında danışdıq”.

Türkiyənin XİN başçısı Hakan Fidanla ikitərəfli görüşü barədə danışan Ceyhun Bayramov deyib: “Görüşümüz çox önəmli və əhatəli oldu. Bu görüşlə növbəti dəfə Azərbaycan-Türkiyə arasındakı müxtəlif sahələri əhatə edən, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki münasibətləri ətraflı şəkildə müzakirə etmək imkanımız oldu. Bu fikir mübadilələri bir sıra digər önəmli görüşlərdə də edildi”.

Mənbə: Report

Oxşar xəbərlər