İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək


  • 11 Aprel 10:16

Bakı metrosunda sıxlığın aradan qaldırılması məqsədilə yaşıl və qırmızı xətlərin bir-birindən tam şəkildə ayrılması və hər birinin müstəqil fəaliyyət rejiminə keçməsi planlaşdırılır.

Bu barədə e-huquq.az-a “Bakı Metropoliteni” QSC-dən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, bu məqsədlə ilk olaraq “Dərnəgül” elektrik deposunun tikintisinə start verilib:

“Bu depo yaşıl xəttin müstəqil texniki təminatını, digər xətlərdən tam ayrılaraq müstəqil fəaliyyət göstərməsini və qatarların gecələməsini təmin edəcək.

Depo tikintisinin birinci mərhələsi başa çatdıqdan sonra növbəti əsas mərhələyə – “Cəfər Cabbarlı” və “Nizami” stansiyalarını birləşdirəcək yeni tunelin tikintisinə start veriləcək. 1976-cı ildən fəaliyyət göstərən mövcud tunel modifikasiya olunacaq, əlavə 200 metrlik yeni tunel tikilərək “Nizami” stansiyasını birbaşa “Cəfər Cabbarlı” stansiyası ilə birləşdirəcək. Bununla da yaşıl xətt müstəqil şəkildə işləməyə başlayacaq.

Birləşmə tunelinin tikintisi mürəkkəb geoloji şəraitdə həyata keçiriləcəyindən yerli və beynəlxalq mühəndislərin ilkin qiymətləndirmələrinə əsasən, işlərin təxminən 10-11 ay davam edəcəyi proqnozlaşdırılır”.

Bundan başqa, bildirilib ki, layihə çərçivəsində bu işlərə paralel şəkildə sərnişinlərin rahat keçidi üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirəcək əlavə keçid tunelinin tikintisi də planlaşdırılır.

Görüləcək işlərin nəticəsində platformalarda sərnişin sıxlığı azalacaq və gözləmə müddəti qısalacaq:

“Bu gün “28 May” stansiyasında həm “İçərişəhər”, həm də “Dərnəgül” istiqamətinə gedən qatarlara eyni platformada növbəli şəkildə minik həyata keçirilir. Bu isə sərnişin axınının bir-birinə mane olması, platformada sıxlıq və nizamsızlıq kimi problemlərə səbəb olur.

Xətlərin ayrılması ilə bu xaotik vəziyyət aradan qalxacaq və bununla da “28 May” stansiyasından yalnız “İçərişəhər” və “Həzi Aslanov” istiqamətinə, “Cəfər Cabbarlı” stansiyasından isə yalnız “Dərnəgül” və “Xətai” istiqamətinə gedən qatarlara minik mümkün olacaq.

Bildirilib ki, əgər sərnişinin son dayanacağı hazırda olduğu xətt üzrə yerləşmirsə, o zaman “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında keçid edərək digər xətdə səfərini rahatlıqla davam etdirə bilər. Bu, qatarlara minik prosesini daha rahat və dinamik edərək platformada gözləməni nizamlı və təhlükəsiz hala gətirəcək.

Bununla yanaşı, xətlərin ayrılması sayəsində qatarlararası interval da mərhələli şəkildə azalacaqdır. Eyni zamanda, bu addımlar metronun illik sərnişin daşıma qabiliyyətini 16 milyon nəfərədək artıraraq şəhərin yerüstü nəqliyyat yükünün azaldılmasına və dayanıqlı inkişafına mühüm töhfə verəcək”.

Oxşar xəbərlər