Əmək müqaviləsi bağlamaq niyə vacibdir və işçi üçün hansı hüquqları yaradır? - VİDEO


  • 8 Aprel 14:34

Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasındakı münasibətlər əmək müqaviləsi ilə tənzimlənməlidir. Lakin bəzi hallarda işçilər müqaviləsiz işləyir. Bu isə onların hüquqlarının pozulmasına və gələcəkdə ciddi problemlərlə qarşılaşmasına səbəb olur. Statistik göstəricilərə əsasən, hazırda ölkədə əmək müqaviləsi olmadan çalışanların sayı daha üstündür. Bu da o deməkdir ki, qeyri-rəsmi əmək bazarı böyük paya sahibdir.

E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev ARB24-ün "İş Sizlikdir" verilişinin efirində əmək müqaviləsinin əhəmiyyətindən, əmək müqaviləsi olmadan çalışan işçiləri gözləyən risklərdən danışıb.

O bildirib ki, bir çox hallarda işəgötürənlər qanunvericiliyin tələblərini və öhdəliklərini artıq maddi yük kimi qiymətləndirdikləri üçün əmək müqaviləsi bağlamaqdan yayınırlar.

"Təəssüf ki, bəzən vətəndaşlarım özləri də əmək müqaviləsinin bağlanmasına laqeyd yanaşırlar. İşçilər bəzən heç o müqaviləni oxumur, şərtləri ilə tanış olmurlar. Halbuki işçilər əmək müqaviləsi ilə tanış olmalı, onu diqqətlə oxumalıdırlar. Çünki əmək müqaviləsi əmək münasibətlərinin təməlini yaradan bir sənəddir. Bu müqavilə formal bir kağız daşıyıcı deyil. Əmək müqaviləsi işçi və işəgötürən arasında münasibətləri, hüquq və öhdəlikləri yaradan və möhkəmləndirən sənəddir. Əmək müqaviləsi olmayan işçinin sosial sığortası, pensiya kapitalı, analıq və xəstəlik məzuniyyətləri ilə əlaqəli təminatı, məhkəmədə əmək haqqının tələb hüququnun müdafiəsi zəifləyir", - deyə vəkil qeyd edib.

Ş.Mirzəyev deyib ki, əmək müqaviləsi təkcə işçinin deyil, eləcə də işəgötürənin hüquqlarını müdafiə edir: "Çünki işəgötürənin də öz hüquqları var. İşçi tərəfindən vurulan maddi zərər, işçinin vaxtında və lazımi qaydada vəzifə və öhdəliklərini yerinə yetirilməsi, işçinin işəgötürən məsuliyyəti... İşəgötürən isə maddi yükə görə və işçini qısa zamanda problemsiz qaydada işdən azad etmək üçün əmək müqaviləsindən yayınır. İnzibati Xətalar Məcəlləsində əmək müqaviləsi olmadan hər hansı iş və ya xidmət göstərməyə görə cərimə nəzərdə tutulmuşdur. Belə hallarda fiziki şəxslərə 1000 manatdan 2000 manata qədər, vəzifəli şəxslərə 3000 manatdan 5000 manata qədər, hüquqi şəxsləriə isə 20 min manatdan 25 min manata qədər cərimə tətbiq oluna bilər. Bu hal sistematik xarakter daşıyırsa və çox sayda işçini əhatə edərsə, bu artıq cinayət məsuliyyətinə gətirib çıxara bilər".

Vəkilin sözlərinə görə, vətəndaşın əmək müqaviləsi olmadan işləməsi fərdi problem deyil, bu sosial baxımdan təhlükəli bir məsələdir: "Yəni bir vətəndaş əmək müqaviləsi olmadan çalışırsa, o qanunla əldə edə biləcəyi bütün hüquqlardan məhrum olur. Hətta işdə qəza baş versə belə, onun orada rəsmi işləməsi sual altında qalır. Təcrübədə bununla bağlı acınacaqlı hallara rast gəlirik.Yəni vətəndaş bir növ özü öz hüquqlarının pozulması ilə razılaşır. Bu da onun öz hüquqlarını müdafiə etməsinə imkan vermir. Yaxşı olardı ki, hər bir əmək müqaviləsi işçi tərəfindən diqqətlə oxunulsun. Təəssüflər olsun ki, bəzən işçi öz etibarını göstərmək üçün müqaviləni oxumadan, şifahi razılaşma əsasında imzalayır. İşçi elə zənn edir ki, şifahi formada danışılan hər şey müqavilədə öz əksini tapıb. Halbuki əksər hallarda belə olmur".

Daha ətraflı aşağıdakı videoda:

Oxşar xəbərlər