- 16 Aprel 18:41
ABŞ-da aparılan son araşdırmalar hətta az miqdarda spirt istehlakının belə xərçəngə səbəb ola biləcəyini məlum olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hər il təxminən 100 min xərçəng xəstəliyi və 20 min xərçəngə bağlı ölüm birbaşa spirt istehlakı ilə bağlıdır. Bu rəqəm alkaqollu içkinin təsiri altında baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayından təxminən 10 dəfə çoxdur.
1980-ci illərdən bəri aparılan araşdırmalar göstərir ki, alkoqolun xərçənglə birbaşa əlaqəsi var. Spirtlə ağız boşluğu, boğaz, qırtlaq, yemək borusu, qaraciyər, yoğun bağırsaq, düz bağırsaq və döş, mədəaltı vəzi xərçəngi arasında güclü əlaqə olduğu bildirilir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bağlı olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi 2012-ci ildə spirti ən təhlükəli qrup olan "Qrup 1 kanserogen" qrupuna daxil edib. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) və Milli Sağlamlıq İnstitutları da alkoqolun müxtəlif xərçəng növlərinə səbəb olduğuna dair qəti elmi sübutların olduğunu təsdiqləyir.
Xərçəng hüceyrələr nəzarətsiz çoxaldıqda baş verir. Alkoqol DNT-ni zədələyir, bu hüceyrə bölünməsi prosesində mutasiyalara səbəb olur və şişin inkişafına təkan verir.
Spirtin xərçəngə səbəb olmasının yolları dörd başlıq altında qruplaşdırılır: Alkoqol mübadiləsi, oksidləşdirici stress və iltihab, hormon səviyyələrində dəyişikliklər, tütün kimi digər kanserogenlərlə qarşılıqlı əlaqə
Alkoqol orqanizmdə asetaldehid adlı zərərli kimyəvi maddəyə çevrilir. Bundan əlavə, spirt sərbəst radikalların istehsalını artıraraq hüceyrə quruluşunu zədələyir. Bu, zülalların yanlış sintezinə, iltihaba və şiş meydana gəlməsinə səbəb ola bilər.
Xüsusilə süd vəzi xərçəngi ilə əlaqəli estrogen səviyyələrini artıran spirt, bədəndəki A vitamini səviyyəsini azaldaraq bu riski daha da artırır.
Alkoqol siqaret tüstüsünün tərkibindəki kanserogen maddələrin orqanizmdə daha asan sorulmasına səbəb olur.
Hər bir fərdin genetik quruluşu, həyat tərzi və sağlamlıq vəziyyəti spirtin orqanizmə təsirini dəyişir. Bu səbəbdən mütəxəssislər spirtli içki qəbul etmə vərdişlərini nəzərdən keçirməyi və ondan imtina etməyi tövsiyə edirlər.
Humay Eminqızı