- 15:44
Xüsusilə havaların dəyişkən olduğu yaz aylarında bir çox insan dəridə quruluq, gərginlik, qabıqlanma və qaşınma kimi problemlərlə üzləşir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Etlik Şəhər Xəstəxanasının dermatoloqu, professor Selda Pelin Kartalın fikrincə, bu dövrdə dərinin nəm balansı pozulur və düzgün tədbir görülmədikdə dəri sağlamlığı təhlükə altına düşür.
“Xüsusilə yaz aylarında temperaturun və rütubətin qəfil dəyişməsi dəri həssaslığının artmasına səbəb olur. Soyuq və quru havalar, tez-tez isti su ilə çimmək, sərt sabunlar və nəmləndirici vasitələrdən yetərsiz istifadə dəridəki təbii yağ tarazlığını pozur”, - deyə Pelin Kartal bildirib.
Onun sözlərinə görə, A, D, E və B qrupu vitaminlərinin çatışmazlığı dəri sağlamlığına ciddi ziyan vura bilər.
Bəs mövsümi keçidlərdə dəri qurumasının qarşısını almaq üçün nə etmək lazımdır? Professor Selda Pelin Kartal öz tövsiyələrini bölüşüb:
“Dərinizə uyğun zəngin nəmləndiricilərdən istifadə edin. Duş qəbul edərkən isti su yerinə ilıq suyu seçin və uzun vannalardan çəkinin. Bol su için, gündə ən az 8-10 stəkan su dərini içəridən nəmləndirməyə kömək edir. Dəri baryerini qoruyun, zərərlərin qarşısını almaq üçün zərif təmizləyicilərdən və bariyeri dəstəkləyən məhsullardan istifadə edin. Kifayət qədər yatın, dəri gecə boyu özünü yeniləyir. Sağlam qidalanın, tərkibində omeqa-3, E və C vitaminləri olan qidalar dərini dəstəkləyir”.
Humay Eminqızı