- 19:54
Bu gün baş verən daha bir mina partlayışı nəticəsində azyaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.
"2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər həlak olub və ya yaralanıb.
Azərbaycan bir daha beynəlxalq ictimaiyyəti mina təmizləmə prosesinin təcili və vacib olduğunu tanımağa, ölkəmizin bu istiqamətdə gördüyü səylərə dəstək verməyə çağırır. Eyni zamanda, Ermənistanın genişmiqyaslı və qəsdən həyata keçirdiyi mina çirklənməsinə görə məsuliyyətə cəlb olunması tələb olunur. Bu mina təhlükəsi günahsız insanların həyatını təhlükəyə atır və post-münaqişə bərpa prosesini ciddi şəkildə əngəlləyir", - XİN-in paylaşımında deyilir.
Qeyd edək ki, Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində 1983-cü il təvəllüdlü kənd sakini Məmmədov Səbuhi Elman oğlu və iki azyaşlı övladı piyada əleyhinə minanın partlayışı nəticəsində xəsarət alıb. Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində baș verən hadisədə isə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlunun partlayış nəticəsində sağ ayağın topuq nahiyyəsi amputasiya olunub.