Kirayə verdiyi evi satılan vətəndaş məhkəmə qərarından narazıdır


  • 19 Mart 11:56

Vətəndaş Turan Nəbili anası Leyla Nəbiyevaya məxsus mənzilin kirayə müqaviləsi bağladıqları şəxs tərəfindən qanunsuz olaraq satılmasından şikayətçidir.

E-huquq.az-a müraciət edən zərərçəkmişin oğlu bildirib ki, anası Bakı şəhəri, Xətai Rayonu, Süleyman Vəzirov küçəsi, 1157-ci məhəllə, 17C nömrəli evin 13 nömrəli mənzilini 2023-cü ilin iyul ayında Rauf Kazımov adlı şəxsə kirayəyə verib. Tərəflər aralarında notarial qaydada kirayə müqaviləsi imzalayıb. Elə hər şey də buradan başlayıb.

“Avqust ayında kirayəçi Rauf Kazımov Rusiyanın Tümen şəhərində saxta etibarnamə hazırlayaraq real dəyəri 350 min manat olan mənzili satışa çıxarıb. O, 2023-cü ilin avqustun 10-da Binəqədi rayon, 48 saylı Notariusda mənzili Anar Hacıyev adlı şəxsə 150 min manata satıb. 4 gün keçməmiş isə Anar həmin mənzili 170 min manata Əmrahov Dəyanət adlı şəxsə satıb. Dekabr ayında isə mənzil Azər Həsənova 240 min manata satılıb”, - deyə şikayətçi bildirib.

T.Nəbilinin sözlərinə görə, sonra Azər Həsənov elan saytlarının birində həmin mənzili satışa çıxarıb. O, real dəyəri 350 min manat olan mənzili guya təcili pul lazım olduğu üçün dəyərindən çox aşağı - 299 min manata təklif edib.

Şikayətçi deyib ki, hazırda Azər Həsənov mənzilə öz dostunu yerləşdirib: “Mən bütün bu olanlardan çox gec xəbər tutmuşam. Çünki bu müddət ərzində Rauf Kazımov hər ay mənə kirayə pulu ödəyib. Bir gün qəfil binanın komendantı mənə zəng edib dedi ki, siz evinizi satmısınız deyəsən. Çünki bir nəfər gəlib komendanta deyib ki, bu bizim evdir. Mən təəcübləndim, dedim ki, evi heç kimə satmamışam. Gəlib gördüm ki, Azər evi aldığını iddia edir”.

“Nə mən, nə də anam heç vaxt Rusiyada olmamışıq. Bu fakt elə özlüyündə Tümendə hazırlanan həmin etibarnamənin saxta olmasını təsdiq edir”, - deyə T.Nəbili qeyd edib.

Dələduzluğun qurbanı olduqlarını deyən vətəndaş bu cinayət əməllərinə Eyvaz Fərzəliyev adlı şəxsin başçılıq etdiyini iddia edib: “Rauf Kazımov həbs edilib. Hazırda onunla bağlı istintaq gedir. Anar Hacıyev isə axtarışdadır. Mən bu hadisədən sonra Raufla əlaqə saxladım. Rauf həmin vaxt Rusiyada idi. Mənə hətta həbs olunmağa belə razı olduğunu dedi. Bildirdi k, Bakıya gəlməsə, Rusiyada törətdiyi əməllərə görə onu öldürəcəklər. Özü etiraf etdi ki, notariuslara əvvəlcədən tapşırıqla gedib. Onların əlində satışın rəsmiləşməsinə dair bankdan “çıxarış”ları var. Hər şeyi “qanuna uyğun” şəkildə ediblər. Əslində isə Rauf heç yazı yazmağı bacarmır. Hətta başqa bir nəfərin də başına belə bir oyun açdığını və həmin şəxsə xəbər etməyimi xahiş elədi. Bu cinayəti planlaşdıranlar ona deyiblər ki, sən sadəcə imza çəkəcəksən. Bunun qarşılığında isə ona 5-10 min pul verilib. Raufun adına milyonlarla borc var. Bu etirafların məndə səs qeydləri də var”.

Vətəndaş deyib ki, bu şəxslər əlbirdirlər və mütəşəkkil cinayətkar dəstə olaraq fəaliyyət göstərirlər: “Onlar Bakı şəhərində digər şəxslərin də mənzil və obyektlərini bu qaydada ələ keçiriblər. Onlarla da əlaqə saxlamışam. Hamımızın başına eyni ssenari gəlib”.

T.Nəbili bildirib ki, anası - zərərçəkmiş Leyla Nəbiyeva məsələ ilə bağlı məhkəməyə müraciət edib: “Xətai Rayon Məhkəməsi bizim xeyrimizə qərar qəbul etdi. Qərara əsasən, sözügedən etibarnamə cinayət yolu ilə bağlanmış əqd kimi tanındı. Lakin qarşı tərəf qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət etdi. Evi sonuncu alan Azər Həsənov sələmçidir. Rauf Kazımov evləri, obyektləri Anarın Hacıyevin adına keçirdikdən sonra son mərhələdə sələmçilərə satır. Bizim kimi digər zərərçəkmişlərin də evi son mərhələdə sələmçiyə satılıb. Bununla da özlərini "vicdanlı əldə edən" kimi təqdim etmək istəyirlər. Azər Həsənov deyir ki, 6 aydır ev axtarırmış. Nəhayət bu evi bəyənib “alıb”. Lakin o mənzili elə aldığı gün satışa çıxarıb. Hakimə deyir ki, ilk dəfədir ki, ev alıb. Lakin elə məhkəmə prosesində məlum oldu ki, adında 30-dan çox alqı-satqı var. Bakı Apellyasiya Məhkəməsində bizim işə hakim Fərrux Qasımov sədrlik edirdi. Hakim özü də bu məsələdə xeyli sayda səhvlərin olduğunu gördü və iradlar tutdu. Buna baxmayaraq, tamamilə ədalətsiz qərar qəbul olundu”.

Şikayətçi həmin şəxslərlə bağlı istintaqın gedişindən də narazıdır: “İndiyə kimi sadəcə Rauf Kazımov həbs olunub. Anar Hacıyev isə hələ də axtarışdadır. Digər cinayətkarla bağlı heç bir tədbir görülməyib. Eyvaz Fərzəliyev aylardır axtarışdadır. 7 aydır ki, Bakı şəhərində olan insan necə tapıla bilməz? Əgər belə davam edərsə, bu nümunə cinayətkarları şirnikləndirəcək. Çünki görürlər ki, Bakının mərkəzində bu qədər qanunsuzluq edənlər heç bir cəza almırlar. Məhkəmənin bu qərarı digər insanları da təhlükəyə atır. Çünki belə getsə, hamının evi qanunsuz şəkildə əlindən alınıb başqasına satıla bilər. Biz məsələ ilə bağlı Ali Məhkəməyə müraciət edəcəyik. Bu bina tikiləndən mənzil anamın adınadır. Ortada açıq-aşkar cinayət əməli var. Bizə dəymiş zərəri heç kim ödəmir”.

Məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsindən bildirildi ki, iş materiallarında olan sübutlara əsasən, Əmrahov Dəyanət Samiq oğlu və Həsənov Azər Mütəllim oğlunun əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının həmin şəxslərə məlum olması müəyyən edilmir.

“Məhkəmə əqdlərin etibarsızlığı qənaətinə gəlsə də, həmin şəxslər tərəfindən əmlakla bağlı üçüncü şəxslərin iddiasını mövcudluğundan hansı formada məlumatlı ola bilməsinin mümkünlüyünü əsaslandırmayıb. Apellyasiya instansiyasında məhkəmə tərəfindən bu istiqamətdə araşdırma aparılaraq cavabdeh, həmçinin, cinayət işi üzrə təqsirləndirilən şəxs olan Kazımov Rauf Cəfəroviç məhkəmə iclasına gətirələrək dindirilib, həmin şəxs isə izahatında Əmrahov Dəyanət Samiq oğlu və Həsənov Azər Mütəllim oğlunu, ümumiyyətlə, tanımadığını, bu şəxslərlə heç bir əlaqəsinin olmadığını bildirib. Dəyanət Əmrahov əmlakı əldə edərək üzərində mülkiyyət hüququnu qeydə aldırdıqdan sonra əmlak 4 ay 16 gün onun mülkiyyətində olub, bundan sonra mənzili Həsənov Azər Mütəllim oğluna satıb. Eyni zamanda qeyd edirik ki, qərardan narazı qalan şəxslər kassasiya şikayəti verə bilərlər”, - deyə qeyd olunub.

Xatırladaq ki, tanınmış vəkil, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev e-huquq.az-a açıqlamasında yuxarıda bəhs edilən üsulla vətəndaşların mülkiyyət hüquqlarının pozulması probleminə diqqət çəkmişdi. O son zamanlar bu cür neqativ halların geniş yayılmasından narahatlığını dilə gətirmişdi. Bildirmişdi ki, ayrı-ayrı şəxslər xarici ölkələrdə saxta etibarnamələr əldə edərək vətəndaşın adından onun mənzilini satışa çıxarırlar: “Təəssüf ki, notariuslar həmin etibarnamələrin həqiqi olub-olmadığını yoxlamır. Gözüyumulu şəkildə bu əqdləri həyata keçirilər. Təsəvvür edin ki, vətəndaşın xəbəri olmadan onun evi qanunsuz şəkildə satılır. 3-4 nəfər arasında həmin mənzilin satılması ilə bağlı alqı-satqı müqaviləsi imzalanır ki, sonda “vicdanlı əldə edən” hüququ yaransın”.

Ş.Mirzəyev bildirmişdi ki, Mülki Məcəllənin 182-ci maddəsində qeyd olunur ki, əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Mülkiyyətçi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz.

"Lakin məhkəmələr bu halları geniş araşdırmır. Təcrübədə kifayət qədər işlər var ki, məhkəmələr Mülki Məcəllənin vicdanlı əldə edənlə bağlı normasını formal baxımdan tətbiq edirlər. İşi tam və hərtərəfli araşdırmadan “vicdanlı əldə edən”in xeyrinə qərar çıxarırlar ki, bu da tamamilə qanunsuzdur. Bəzən hakimlər bilərək və ya bilməyərəkdən vicdanlı əldə edən institutundan sui-istifadə edirlər. Nəticədə əsl mülkiyyətçinin konstitusion hüquqları pozulur. Əslində o alıcıların həmin əmlakı hardan, necə, hansı şəraitdə alması araşdırılmalıdır. Cinayət xarakterli hallar aşkar edildikdə iş araşdırılması üçün prokurorluğa göndərilməlidir. Ümumiyyətlə, hesab edirəm ki, yuxarıda sadaladığım bütün hallarla bağlı Baş Prokurorluğun rəhbərliyi ilə xüsusi komissiya yaradılmalıdır. Komissiya həm əmlakını itirmiş şəxslərin şikayətlərini araşdırmalı, həm də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamalıdır”, - deyə vəkil qeyd etmişdi.

Oxşar xəbərlər