XII Qlobal Bakı Forumu başa çatdı


  • 15 Mart 18:42

Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu başa çatıb.

E-huquq.az xəbər verir ki, 3 gün davam edən tədbirdə ümumilikdə 11 panel müzakirə baş tutub.

Forum çərçivəsində dünyanın qarşılaşdığı ən aktual problemlər müzakirə edilib. Əsas müzakirə mövzuları qlobal geosiyasi dəyişikliklər, çoxqütblü dünya düzənində multilateralizmin rolu, BMT-nin gələcək inkişaf istiqamətləri, sülh və münaqişələrin həlli, yeni dünya nizamında orta güclərin rolu, iqlim dəyişikliyi ilə mübarizə, texnologiyaların inkişafı və onların təsiri, gender, təhlükəsizlik və səhiyyə sistemindəki böhranlar olub.

Panel müzakirələrində çıxışçılar qlobal miqyasda təhlükəsizlik, diplomatik əməkdaşlıq və dayanıqlı inkişaf məsələlərinə toxunaraq, qlobal aktorların məsuliyyətli tərəfdaşlıq çərçivəsində əməkdaşlıq etməsinin vacibliyini vurğulayıblar. Yeni dünya düzənində orta güclərin rolunun artdığı bildirilib və multilateralizmə yenidən baxılması zərurəti qeyd olunub. BMT-nin gələcək fəaliyyət istiqamətləri və yeni qlobal konsensusun yaradılması məsələsi xüsusi diqqət mərkəzində olub.

Burada, həmçinin COP 29-un nəticələri və yaşıl transformasiya mövzusu geniş müzakirə edilib. İqlim dəyişikliyinin qlobal təhlükəsizliyə təsiri və onun qadınlar üçün yaratdığı risklər vurğulanıb. Süni intellekt və yeni texnologiyaların dünya siyasətinə, iqtisadiyyatına və cəmiyyətə təsiri qiymətləndirilib.

Qlobal səhiyyə böhranları, xüsusilə pandemiyalar zamanı hazırlıqlı olmaq və səhiyyə sahəsində bərabərlik prinsipinin təmin olunması kimi məsələlər də diqqət mərkəzində olub. Forum iştirakçıları münaqişədən sonra yenidənqurma və sülh proseslərinin uğurla həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Builki forumda diqqət çəkən panellərdən biri də “Gənclər danışsın, biz dinləyək” adlı panel müzakirəsi olub. Burada gənclərin qlobal problemlər və onların həlli yollarına dair fikirləri dinlənilib. Gənc nəsil nümayəndələri texnologiya, iqlim dəyişikliyi, təhsil və səhiyyə kimi sahələrdə innovativ yanaşmaların tətbiqi ilə bağlı öz baxışlarını bölüşüblər.

Qlobal Bakı Forumu dünyanın qarşısında duran çağırışları müzakirə etməklə yanaşı, onların həlli üçün praktik yanaşmaların inkişaf etdirilməsi baxımından mühüm platforma rolunu oynayıb.

Qeyd edək ki, forumda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç, Albaniya Prezidenti Bayram Beqay və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə yanaşı 25-dən çox sabiq dövlət başçısı, 15-dən artıq keçmiş baş nazir, 10-a yaxın BMT agentliklərinin rəhbərlərii, 25-dən çox sabiq nazir və nazir müavinləri daxil olmaqla, ümumilikdə 60-dan çox ölkədən 300-dən çox nüfuzlu dünya liderləri iştirak edib.

Oxşar xəbərlər