- 17:19
İşğaldan azad olunmuş ərazilərində 2024-cü ildə 6 ümumi təhsil müəssisəsi və 3 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb.
E-huquq.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdə 11 ümumi təhsil müəssisəsi (Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi, Ağdərə rayonu Talış kənd ümumtəhsil məktəbi, Laçın rayonu Zabux kənd tam orta məktəbi, Şuşa şəhər 1 nömrəli tam orta məktəb, Cəbrayıl şəhər Akademik Mehdi Mehdizadə adına tam orta məktəb, Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Laçın şəhər 2 nömrəli tam orta məktəb, Laçın rayon Sus kənd tam orta məktəbi, Xocalı şəhər 1 nömrəli tam orta məktəb, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəb, Xocalı rayonu Ballıca kənd məktəbi) və 6 məktəbəqədər təhsil müəssisəsi (Zəngilan rayonu Ağalı kənd məktəbəqədər təhsil müəssisəsi, Ağdərə rayonu Talış kənd məktəbəqədər təhsil müəssisəsi, Laçın rayon Sus kənd körpələr evi-uşaq bağçası, Laçın rayonu Zabux kənd körpələr evi-uşaq bağçası, Xankəndi şəhəri körpələr evi-uşaq bağçası, Xocalı şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası) fəaliyyətə başlayıb.
Ağdam şəhər 1 nömrəli tam orta məktəb üçün 960 şagird yerlik binasında təmir-tikinti işləri yekunlaşmış, son tamamlanma və abadlıq işləri görülməkdədir.
Kəlbəcər şəhər tam orta məktəb üçün 960 şagird yerlik binanın tikintisi üzrə işlərin 75%-i tamamlanıb, Laçın şəhəri 1 nömrəli 400 şagird yerlik tam orta məktəb, Xocalı rayonu, Malıbəyli kənd 432 şagird yerlik tam orta məktəb, Hadrut qəsəbə tam orta məktəb binalarının tikintisinin layihələndirilməsi başa çatıb.
Ağdam şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası üçün 160 yerlik binanin tikintisi üzrə işlərin 90%-i tamamlanmışdır. Ağdam şəhər 160 yerlik 2 nömrəli körpələr evi- uşaq bağçasının tikintisi işləri davam edir. Zəngilan şəhər körpələr evi-uşaq bağçası üçün 160 yerlik binanın layihə-smeta sənədləri hazırlanıb. Füzuli şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası üçün 240 yerlik binanın tikintisi üzrə işlər davam edir. Şuşa Real Məktəbinin bərpası istiqamətində hesabat ilində təmir-tikinti işləri davam etdirilib, tikinti islərinin 2025-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. Zəngilan şəhər tam orta məktəb üçün 960 şagird yerlik binanın tikintisi davam etmiş, tikinti işlərinin 2025-ci ilin may ayında başa çatdırılması nəzərdə tutulur.
Eyni zamanda, Qarabağ İqtisadi Rayonunda Füzuli Peşə Liseyinin tikintisi işləri davam edib. Ağdam Peşə Təhsili Mərkəzi, Zəngilan Peşə Təhsili Mərkəzi, Qubadlı Peşə Təhsili Mərkəzi, Şuşa şəhər Peşə Təhsili Mərkəzlərinin tikintisi üçün layihə-smeta sənədləri hazırlanır.
Qeyd edilib ki, hesabat ilinin sonuna işğaldan azad olunmuş ərazilərdə yerləşən ümumi təhsil müəssisələrində 2 minə yaxın şagird (məktəbəhazırlıqla birlikdə) təhsil alır və 249 təhsilverən çalışır. Məktəbəqədər təhsil müəssisələrində isə 162 uşaq təhsil alır və 21 təhsilverən fəaliyyət göstərir.