- 15:45
Azərbaycanın dövlət suverenliyi, müstəqillik yolunda atdığı ən mühüm addımlardan biri olub. Bu suverenliyin qorunması və möhkəmləndirilməsi prosesində Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır. Onun uzaqgörən siyasəti və qətiyyətli addımları Azərbaycanın müstəqilliyini əbədi və dönməz etmişdir.
Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi, xalqımızın tarixi iradəsi və milli mənlik şüurunun təntənəsidir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası, mürəkkəb daxili və xarici təhdidlər qarşısında dayansa da, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dönməz inkişaf yoluna qədəm qoymuşdur. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən 1995-ci il Konstitusiyası ölkənin suverenliyinin hüquqi təminatı olmaqla yanaşı, demokratik dövlət təsisatlarının və məhkəmə hakimiyyətinin əsaslarını da formalaşdırdı.
1991-ci ildə SSRİ-nin dağılması ilə müstəqilliyini bərpa edən Azərbaycan, daxili siyasi çəkişmələr, iqtisadi böhran və xarici təhdidlərlə üz-üzə qaldı. Məhz belə bir şəraitdə, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev, ölkənin suverenliyini qorumaq və gücləndirmək üçün mühüm islahatlara start verdi.
İlk növbədə, Ulu Öndər ölkədə sabitlik yaratmaq üçün milli həmrəyliyə nail oldu. Ermənistanın hərbi təcavüzünə qarşı dayanıqlı müdafiə strategiyası quruldu, ordunun gücləndirilməsi və beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyinin müdafiəsi təmin edildi. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası isə suverenliyin hüquqi əsaslarını möhkəmləndirdi. Bu Konstitusiya xalqın iradəsinə əsaslanaraq, dövlətin müstəqilliyi, ərazi bütövlüyü və demokratik inkişaf yolunu təmin etdi.
Heydər Əliyevin uzaqgörənliyi ilə həyata keçirilən “Əsrin Müqaviləsi” isə Azərbaycanın iqtisadi suverenliyinin təməlini qoydu. Bu neft sazişi ölkəyə böyük həcmdə xarici investisiyalar cəlb etdi və müstəqil iqtisadi siyasətin aparılmasına şərait yaratdı.
Ulu Öndərin siyasəti nəticəsində Azərbaycan beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa nail oldu, müstəqil xarici siyasət yürüdərək balanslı münasibətlər qurdu. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan öz suverenliyini və müstəqilliyini qətiyyətlə qorumaqdadır.
Bu gün Azərbaycan, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirərək, suverenliyini qətiyyətlə qoruyur və gücləndirir. Bu irs, xalqımızın müstəqillik yolunda ən böyük təminatıdır.
Azərbaycan Respublikasının müstəqilliyi və dövlətçiliyinin əsas sütunu onun Konstitusiyasıdır. Ölkəmizin suverenliyini, vətəndaşların hüquq və azadlıqlarını, dövlət quruluşunu tənzimləyən bu ali qanun, müasir Azərbaycan dövlətinin təməlidir. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə Konstitusiyanın dövlətçilik həyatında oynadığı mühüm rolu bir daha öz təsdiqini tapmışdır.
Ümummilli Lider Heydər Əliyev Konstitusiya haqqında danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Konstitusiyamızın müəllifi Ulu Öndər Heydər Əliyev Əsas Qanunun ən mükəmməl formada hazırlanmasını zəruri sayaraq bildirirdi: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.
Suverenlik, dövlətin daxili və xarici işlərində heç bir xarici qüvvənin müdaxiləsi olmadan müstəqil şəkildə qərarlar qəbul etməsi hüququdur. Bu anlayış ilk dəfə XVII əsrdə fransız filosofu Jan Boden tərəfindən işlənmişdir və dövlətin əsas atributlarından biri kimi qəbul olunur.
“Suverenlik” anlayışına iki mövqedən yanaşılmalıdır: xalqın suverenliyi və dövlət suverenliyi. Xalqın suverenliyi prinsipi Konstitusiyanın 2-ci maddəsində açıqlanır.
Dövlət suverenliyi dövlət hakimiyyətinin vahidliyində və aliliyində, habelə onun orqanlarının hüquqi aktlarının bütün hüquqi və fiziki şəxslər üçün məcburi xarakter daşımasında ifadə olunur.
İstər xalq suverenliyi, istərsə də dövlət suverenliyi hüquqa əsaslanan münasibətlər çərçivəsində demokratik cəmiyyətin təşəkkülünə və inkişafına xidmət etməlidir. Bu iki suverenliyin harmonik sintezi xalqı hakimiyyətə, hakimiyyəti isə xalqa yaxınlaşdırılmalı, xalqın siyasi iradəsi ilə dövlətin siyasi iradəsini ümumi məqsədlər ətrafında uzlaşdırılmalıdır. Azərbaycan Respublikası isə bu harmonik sintezə ən yaxşı səviyyədə nail olmuş güclü bir dövlətdir.
Azərbaycanın suverenliyi Konstitusiya ilə təsbit olunmuş, qanunların aliliyi və milli maraqların qorunması ilə təmin edilir. Suverenlik ölkəmizin dövlətçilik ənənələrinin, müstəqilliyinin və beynəlxalq nüfuzunun əsasını təşkil edir.
Bu gün Azərbaycan, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirərək, suverenliyini qətiyyətlə qoruyur və gücləndirir. Bu irs, xalqımızın müstəqillik yolunda ən böyük təminatıdır.
Əgər tarixə nəzər salmış olsaq, görərik ki, müstəqil və suveren ölkə formasında olmaq hər dövlətə nəsib olmamışdır. Azərbaycan tarix boyu işğallara məruz qalıb və 30 ildən artıq müharibə şəraitində yaşamışdır. Bunlara baxmayaraq, mübarizə əzmi qırılmayan və daim inkişaf edən bir ölkəyə çevrilib.
Qeyd olunan kimi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü müxtəlif tarixi dövrlərdə təhdidlərə məruz qalmışdır. Lakin 44 günlük Vətən müharibəsi, xalqımızın və ordumuzun mübarizəsi sayəsində torpaqlarımızın suverenliyinin bərpası ilə nəticələndi. Bu qələbə Azərbaycan Konstitusiyasının 11-ci maddəsində təsbit edilən dövlətin ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin praktiki reallığa çevrildiyini göstərdi.
2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən Müharibəsi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası istiqamətində tarixi qələbə ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan Qarabağ və ətraf rayonları azad edərək, suveren hüquqlarımızı hərbi-siyasi yolla bərpa etdi.
Müharibə iştirakçıları, qazilər və şəhidlərimizin qanı bahasına qazanılan bu suverenlik, təkcə hərbi gücün deyil, eyni zamanda güclü hüquqi bazanın və milli birliyin nəticəsidir. Konstitusiya bu baxımdan, suverenliyimizin qorunmasında əsas hüquqi çərçivə rolunu oynayır. Konstitusiya təkcə dövlətin suverenliyini deyil, həm də vətəndaşların hüquq və vəzifələrini müəyyən edir. 52-ci maddəyə əsasən, “Vətən müdafiəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının borcudur”. Biz də bu borcu yerinə yetirərkən Konstitusiyanın bizə verdiyi hüquqlara və vəzifələrə sadiq qalmışıq.
Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifə və tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirdi. Lokal səviyyədə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu.
Bu hadisəni Azərbaycanın dövlət suverenliyinin formalaşdırılmasında mühüm bir mərhələ hesab etmək olar. Müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, müdrik siyasəti və şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına əldə olunan bu böyük Zəfər xalqımızın milli sərvətidir.
Bunu da qeyd etmək istərdim ki, məhkəmə hakimiyyəti hər bir suveren dövlətin əsas sütunlarından biridir və qanunların aliliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycanda məhkəmə hakimiyyəti Konstitusiya ilə təsbit olunmuş və onun müstəqilliyi dövlətin suverenliyinin əsas təminatçılarından biri kimi çıxış edir. Bu məqalədə məhkəmə hakimiyyətinin suverenliklə əlaqəsi, onun funksiyaları və təminatları barədə bəhs ediləcəkdir.
Suveren dövlətin əsas xüsusiyyətlərindən biri, qanunların qəbulu və onların icrasının müstəqil şəkildə həyata keçirilməsidir. Məhkəmə hakimiyyəti isə məhz qanunların düzgün tətbiqi və hüquqi mübahisələrin həllində əsas mexanizm olaraq çıxış edir. Konstitusiyanın 7-ci maddəsinə görə, Azərbaycanda dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyətləri arasında bölünüb. Bu bölgü, dövlət orqanlarının bir-birinə nəzarət etməsini və suverenliyin daxildən qorunmasını təmin edir.
Belə ki, məndə Gəncə Kommersiya Məhkəməsinin əməkdaşı olmaqdan qürur duyuram. Suveren dövlətin əsas sütunlarından olan bu şərəfli sistem daim qanunların aliliyinin təmin edilməsində mühüm rol oynayır.
Bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ili qeyd olunur.
Vətən sadəcə coğrafi məkan deyil, tarixlə yoğrulmuş müqəddəs bir məkandır. O, hər daşında bir şəhidin qanı, hər çinarında bir igidin əfsanəsi gizlənən torpaqdır. Vətənin hər qarışı bir dastandır.
Vətən torpaqdır, amma təkcə torpaq deyil; o, səngərdə yoldaşının yarasını bağlayan əsgərin əli, şəhid məzarı başında dua edən ananın göz yaşlarıdır. Vətən, hər gecə Tanrıya açılan əllərdəki dua, hər səhər üçrəngli bayrağa dəyən küləyin səsidir.
O, Ulu Öndərin uzaqgörən siyasətində, müdrik kəlamlarında, müstəqilliyin möhkəm təməllərində yaşayır. Vətən, suverenliyin qorunduğu, məhkəmələrdə haqq-ədalətin bərqərar olduğu məqamda nəfəs alır.
Vətən həm də and yeridir — şəhidlərin qanıyla imzalanmış and! 44 gün boyunca döyüşən əsgərlərin “Ya Qarabağ, ya ölüm!” nidasıdır. O nidanın səsi Xudafərində əks-səda verdi, Şuşada zəfər nəğməsinə çevrildi.
Bu gün Vətən azaddır, amma onun azadlığı qorunmalıdır! Çünki Vətən, tarix boyu sınanmış, qanla yazılmış bir tale, ruhla yaşayan bir məmləkətdir.
Vətən — sevməyə borclu olduğun, uğrunda ölməyə hazır olduğun müqəddəs ünvandır!
Nicat Əhməd
Gəncə Kommersiya Məhkəməsində hakim köməkçisi
Vətən müharibəsinin veteranı