- 11 Mart 19:01
Nazirlər Kabineti “Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən hallar, fəaliyyət sahələri və məhsullar”ı təsdiq edib.
E-huquq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Bu sənəd Rəqabət Məcəlləsinə əsasən hazırlanıb. Məcəllənin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən hallar aşağıdakılardır:
- Bütün ölkə ərazisində və ya ayrı-ayrı yerlərində (bu halda hərbi vəziyyət elan edildiyi ərazinin (ərazilərin) hüdudlarında) hərbi vəziyyət elan edildikdə;
- Ölkənin ayrı-ayrı yerlərində fövqəladə vəziyyət elan edildikdə (elan edildiyi ərazidə).
Məcəllənin tələbləri aşağıdakı fəaliyyət sahələrinə və məhsullara tətbiq edilmir:
- hüquqi şəxs yaratmadan kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olan fiziki şəxslərin, habelə ailə kəndli təsərrüfatlarının istehsal və digər təsərrüfat fəaliyyəti (məhsulların emalı, saxlanması, daşınması və satılması);
- həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti;
- sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması (sənaye üsulu ilə istehsal istisna olmaqla);
- bütün növ nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarının həyata keçirilməsi;
- “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunla müəyyən edilmiş əşyalar.