Vəkil Şaiq Mirzəyev "TikTok"un bağlanmasını istəyir: "Çox gec olmadan gənclərimizi xilas edək!"


  • 11:23

"Sosial media platformaları hər birimizin həyatının ayrılmaz parçasına çevrilib. İstər gündəlik həyatda, istərsə də işimizlə bağlı hər birimiz müxtəlif sosial media platformalarından istifadə edirik. Etiraf etməliyik ki, sosial media kanallarının həm əyləncə baxımından, həm də işlərimizin icrasında bizə çox faydası var və müasir dövrdə həyatımızı onlardan ayrı təssəvvür edə bilmərik. Amma təəssüf ki, sosial media vasitələri işimizi və həyatımızı asanlaşdırmaqla yanaşı müxtəlif zərərli vərdişlərə yol açır. Xüsusilə də rekord sayda istifadəçisi olan "TikTok" platformasında neqativ hallara tez-tez rast gəlirik".

Bunu e-huquq.az-a açıqlamasında vəkil, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev deyib.

“Əsrlərdən bəri qoruyub övladlarımıza miras qoyduğumuz milli mənəvi və ailə dəyərlərimizə, əxlaqi keyfiyyətlərimizə zidd olan yüzlərlə, bəlkə də minlərlə paylaşımların yer aldığı "TikTok" həm də cinayət tərkibli əməllərin icrası üçün bir növ vasitəçiyə çevrilib. Çünki "TikTok" digər sosial media platformaları ilə müqayisədə təhlükəsizliyin təmin edilməsi məsələsində xeyli geridədir. "Facebook", "Instagram" və digər platformalarda nəzarət mexanizmi, müəlliflik hüququ var. Orada insanın şəxsi həyatına dair paylaşımlar olduqda, müəlliflik hüququ pozulduqda, yaxud kiminsə şərəf və layaqətini alçalatmaq məqsədilə paylaşımlar olunduqda qarşı tərəfin şikayət etmək hüququ var. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində şərəf və layaqətin dövlət tərəfindən müdafiə olunması öz əksini tapıb. Konstitusiyamızın 46-cı maddəsində qeyd olunur ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Qeyd etdiyim kimi, Azərbaycanda digər sosial media platformalarında yol verilən qanun pozuntusu ilə bağlı artıq məhkəmə təcrübəsi formalaşıb. Amma "TikTok" bu mənada heç də əlverişli deyil. Bu platformada insanın şəxsi məlumatları asanlıqla deşifrə edilir, yayılır və üçüncü şəxslərə ötürülür, insanların şərəf və layqəti heçə sayılır. Təsadüfi deyil ki, platforma bu kimi problemlərin qarşısını almadığına görə bütün dünyada tənqid edilir", - deyə vəkil bildirib.

Ş.Mirzəyev deyib ki, "TikTok"da cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi mümkünsüz hala çevrilib: "Əslində "TikTok"da baş tutan qanunsuz və cinayət tərkibli əməlləri saymaqla bitməz. Düzdür, özlüyündə platformanın istifadəçilərini təhlükəsiz və müsbət bir mühitdə saxlamaq üçün bir sıra qaydaları var. Amma nəzarət mexanizmi düzgün qurulmadığı üçün bu qaydalar asanlıqla pozulur. Buna görə də platforma artıq bir növ cinayət tərkibli əməllərin vasitəçisi olub. Belə demək olarsa, "TikTok" həm də narkotik tacirlərin işinə yarayır. Çünki istifadəçilər bu platformalarda satıcılılarla rahatlıqla əlaqə qura bilir. İstifadəsi qadağan edilən psixotrop və narkotik maddələrin satışını həyata keçirən xeyli sayda səhifələr var. Hətta bəzi istifadəçilər narkotiki təbliğ edən paylaşımlar etməkdən belə çəkinmirlər. Bu da təbii ki, öz növbəsində ciddi hüquqi və etik problemlərə yol açır. Cinayəti törədən şəxslərin müəyyən edilməsi, aşkarlanması və məsuliyyətə cəlb edilməsi az qala mümkünsüzdür.

Canlı yayım açıb qeyri-qanuni mərc oyunları keçirənlər, əxlaqsız paylaşımlar edərək pul qazananların sayı yüzlərlə, minlərlədir. Bu yaxınlarda Azərbaycanda da belə paylaşımlar edən, oyunlar keçirən bir sıra şəxslər saxlanılıb. Onlardan bəziləri artıq məhkəmə qərarı ilə həbs edilib. Amma bu şəxslərin sayı xeyli çoxdur və durmadan artır. Dövlət bu şəxslərlə mübarizə aparmaqda çətinlik çəkir. Fərd olaraq da qanunsuz fəaliyyətləri gördüyümüz zaman özümüzün və yaxınlarımızın təhlükəsizliyini qorumaq üçün addım ata bilmirik. Onlarla gənc qızlarımız bu platformada şantaj və təhdidə məruz qalır. Yerli mətbuatda tez-tez belə xəbərlərə rast gəlirik. Gənc qızlar şəxsi məlumatlarının, gizli foto şəkillərinin paylaşılması ilə şantaj edilir. Bəzi hallarda polisə şikayət daxil olur. Həmin şəxslər layiqli cəzasını alır. Amma bir çox hallarda qurbanlar cinayətkarların şantajına boyun əyir və bu cinayətkarlara xeyli məbləğdə pul verir. Bəzi gənclər isə təhdid və digər istismar hallarına məruz qala bilir, asan yolla pul qazanmaq üçün gənclərimiz fahişəliyə cəlb edilir. Təəssüf ki, bütün bunlar son nəticədə intihar hallarına da yol aça bilir".

Vəkilin sözlərinə görə, bu platformada yayılan bəzi məzmunlar cəmiyyətimizin milli mənəvi dəyərlərinə uyğun gəlmir: "Bir çox hallarda bu dəyərləri heçə sayan, təhrif edən ideyalar dəstəklənir, təşviq edilir. Məsələn, bəzən Qərb mədəniyyətindən gələn dəyərlər və həyat tərzləri bizə məcburi şəkildə sırınmağa çalışılır. Amma bizim öz adətlərimiz, dəyərlərimiz var. Biz o dəyərləri qoruyub saxlamalıyıq. Dövlət başçısı İlham Əliyevin də dediyi kimi, milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi vəzifəsi dövlətin və hər bir ailənin qarşısında durur. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı dövlətimizin başçısının dediklərinə qulaq verməli, onun siyasətinə dəstək göstərməlidir. Lakin təəssüf ki, biz "TikTok"da bunun tam əksini görürük".

O bildirib ki, "TikTok"un insan sağlamlağına da xeyli mənfi təsiri var: "Gənclərimizin çoxu günün uzun müddətini ekran qarşısında keçirir. Əksər gənclər "TikTok"da saatlarla video izləyir. Bu onların həm fiziki-emosinoal sağlamlığına zərərdir, həm də müsbət vərdişləri məhv edir. Uzun müddət ekran qarşısında video izləyən olan gənclər, yeniyetmələr diqqətini toplamaqda çətinlik çəkir, kitab oxumaq, biri-biri ilə ünsiyyət qurmaq, faydalı iş görmək istəmir. Üstəlik, onların baxdıqları videoların böyük qisminin heç bir maarifləndirici, faydalı tərəfi də yoxdur. Çünki bu platformanın alqoritmi bilərəkdən istifadəçiləri daha çox zərərli video izləməyə təşviq edəcək şəkildə qurulub. Təbii ki, bu da gənclərimizdə, nəinki gənclər hətta yaşlı nəsilin nümayəndələrində belə asılılıq yaradır və insanlar real həyatda xeyli vaxt itirir, onların məhsuldarlığı xeyli azalır. Təsadüfi deyil ki, İngiltərə, Fransa, Avstraliya, Kanada, Hindistan, ABŞ kimi ölkələrdə bu platformadan istifadəyə qadağa qoyulub. Dünyanın inkişaf etmiş ölkələri belə bir qərara gəlibsə, deməli biz də bu barədə ciddi təhlillər aparıb, müvafiq addımlar atmalıyıq. Mən hesab edirəm ki, "TikTok" media platformasının bağlanması ilə bağlı biz də öz milli maraqlarımızdan çıxış edərək müvafiq tədbirlər görməliyik. Bunun üçün aidiyyatı qurumlara səslənmək istəyirəm ki, çox gec olmadan biz də öz gənclərimizi xilas edə bilək. Hesab edirəm ki, Milli Məclisdə bu məsələ gündəmə gətirilməli və müzakirəyə çıxarılmalıdır".

Oxşar xəbərlər