- 15:10
Bir müddət öncə vətəndaş Orxan Şirinzadənin “Maşınqayıran” MTK ilə bağlı şikayətini yayımlamışdıq. Redaksiyamıza müraciət edən vətəndaş ona məxsus obyektin qanunsuz olaraq başqasına satıldığını iddia etmişdi. Bildirmişdi ki, “Maşınqayıran” MTK ona müraciət edərək obyektinin yerləşdiyi ərazidə tikinti işləri aparmaq barədə niyyətini bildirib. Orxan Şirinzadə MTK-ya inanaraq öz razılığını verib.
O.Şirinzadə qeyd etmişdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq Prospekti, ev 54 ünvanında yerləşən rəsmi çıxarışla 110.8 kvadrat metr, faktiki olaraq isə daha çox sahəsi olan tam təmirli obyekti olub. Obyekt 3.500 manat məbləğində icarə haqqı qarşılığında gəlinlik mağazası kimi fəaliyyət göstərirmiş.
“Maşınqayıran” MTK ilə müqavilə bağlayan vətəndaş müəyyən şərtlər qarşılığında həmin ərazidə MTK-nın bina tikməsinə razılıq verib. Bu səbəbdən vətəndaş Orxan Şirinzadə ilə “Maşınqayıran” MTK ilə 13 may 2022-ci il tarixli 109 nömrəli “Əvəzləşdirmə” müqaviləsi bağlanılıb. Həmin müqavilənim bəndlərinə görə, O.Şirinzadə xüsusi mülkiyyətində olan obyektin sökülməsinə razılıq verib, MTK isə əvəzində bina inşa edilənə və ona obyekt verilənə qədər hər ay kompensasiya məbləği olaraq 3.500 AZN pul ödəyir və nəticədə 230 kv m qeyri-yaşayəş və 40 kv m qaraj verir. Müqavilənin 1.2-ci bəndinə əsasən, çıxarışla müqavilə arasında fərq olduqda, əlavə olaraq hər 1 kv m görə 15.000 AZN pul ödəyir. Lakin tikinti işləri yekunlaşdıqdan sonra MTK müqavilə şərtlərinə əməl etməyib. Belə ki, bu müddət ərzində O.Şirinzadəyə ödənilməli olan kirayə pulları ödənilməyib, tikinti başa çatdıqdan sonra öz obyekti deyil, dəyərindən 70-80 faiz aşağı sahə təklif olunub, öz obyekti isə başqa bir şəxsə satılıb.
O.Şirinzadə MTK-ya qarşı iddia qaldıraraq kirayə pulların ödənilməsi üçün məhkəməyə müraciət edib, tələbi haqlı və qanuni olduğu səbəbindən onun xeyrinə məhkəmə qətnaməsi çıxarılıb. Lakin MTK Azərbaycan Respublikasının adından çıxarılmış yekun məhkəmə aktını icra etməkdən boyun qaçırmaqla yanaşı, ona qarşı süni surətdə vaxtı uzatmaq məqsədilə məhkəmədə əsassız olaraq yeni iddialar verib.
Məsələni diqqətdə saxlayan e-huquq.az həmin iddiaların təmin olunmaması barədə məlumat əldə edib. Belə ki, məhkəmə O.Şirinzadənin xeyrinə qərar qəbul edib. Buna baxmayaraq, o, hüquqlarının bərpa olunmasına nail ola bilmir.
O.Şirinzadə deyib ki, əlində məhkəmə qərarı olmasına baxamaraq, MTK qanunsuz əməllərinə davam edir və onun mülkiyyət hüququnu pozur. Vətəndaş deyir ki, məsələ ilə əlaqədar aidiyyəti qurumlara etdiyi müraciətlər də nəticəsiz qalıb. Çarəsiz qalan O.Şirinzadə hüquqlarının bərba olunması üçün ölkə başçısı cənab İlham Əliyevə müraciət edəcəyini bildirib.
“MTK-nın ayrı-ayrı vəzifəli şəxsləri məni aldadaraq əmlakımı əvəzsiz əldə edib, heç bir kirayə haqqı ödəmədən, əmlakımı sökərək yerində hündürmərtəbəli bina inşa ediblər, əvəzində isə həmin inşa edilmiş binada vəd verilmiş sahə üzrə obyekt verilməyib. Beləliklə, mənə qarşı aldatma yolu ilə əmlakım ələ keçirilib və xüsusilə külli miqdarda ziyan vurulub. Mənim istəyim odur ki, haqq-ədalət öz yerini tapsın. Mənə qarşı edilən bu qanunsuz əməllərə son qoyulsun, cavabdeh olan vəzifəli şəxslər məsuliyyətə cəlb olunsunlar”, - deyə şikayətçi bildirib.
Qeyd edək ki, MTK-lar tərəfindən vətəndaşların bu formada aldadılması hallarına tez-tez rast gəlinir. Bir müddət öncə tanınmış vəkil, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev də saytımıza açıqlamasında MTK-ların vətəndaşların mülkiyyət hüququnu pozmasından bəhs etmişdi. Bildirmişdi ki, MTK-lar vətəndaşların etibarından istifadə edərək onlarla müqavilə bağlayır və vətəndaşın razılığı ilə əmlakını sökür. Sonradan isə vətəndaşlara heç bir kompensasiya ödənilmir. Uzun çəkən məhkəmə proseslərindən sonra vətəndaşların xeyrinə qətnamə çıxarılsa da, MTK-lar həmin qətnamələri icra etmirlər. MTK tikinti işlərini yekunlaşdırdıqdan sonra fəaliyyətini dayandırır. İnşa edilmiş binada ayrı-ayrı mülkiyyətçilər yaranır. Həmin MTK-nın balansında nə pul vəsaiti, nə də əmlak olmur. İcra sənədi də icra olunmadan məhkəməyə geri qaytarılır. Beləliklə, vətəndaşlara külli miqdarda zərər dəyir.
Ş.Mirzəyev təklif edib ki, bütün bu hallarla bağlı Baş Prokurorluğun rəhbərliyi ilə xüsusi komissiya yaradılmalı və həmin komissiyanın tərkibində aidiyyəti qurumlar təmsil olunmalıdır. Komissiya həm əmlakını itirmiş şəxslərin şikayətlərini araşdırmalı, həm də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamalıdır.
Mövzunu diqqətdə saxlayacağıq.