- 26 Fevral 20:03
Bakıda 15 nəfərin ölümünə səbəb olan etil spirti ilə bağlı araşdırma aparılır.
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
"Hələlik əlavə məlumat verə bilməyəcəm", - deyə nazir qeyd edib.
Qeyd edək ki, 22-23 fevralda Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisə yerlərində aşkar edilən gigiyenik vasitələrin və etil spirtinin satış nöqtələrindən də nümunələr götürülməklə tərkibi yoxlanılarkən gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib.
“Starlyuks” markalı gigiyenik vasitənin istehsalçısı Səbuhi Xanhüseynov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə