- 10:55
“Instagram” mesajlaşma funksiyasına əhəmiyyətli yeniliklər tətbiq edib.
E-huquq.az xarici mətbuata istinadən xəbr verir ki, istifadəçilərin mesajlaşma təcrübəsini daha funksional hala gətirməyi hədəfləyən “Meta” “Instagram” mesajlaşma funksiyasını “iMessage” kimi güclü mesajlaşma proqramlarına rəqib etmək istəyir.
“Meta” tərəfindən elan edilən yeniləmə ilə birbaşa tərcümə aləti “Instagram”a inteqrasiya edilib. İstifadəçilər mesajın üzərinə basıb "Tərcümə et" seçimini seçdikdə, “Instagram” mesajı proqramda müəyyən edilmiş üstünlüklərə uyğun olaraq avtomatik tərcümə edəcək.
Bundan əlavə, əvvəllər təqdim edilmiş planlaşdırılmış mesaj funksiyası da yeniliklərə daxildir. Bu funksiya ilə istifadəçilər mesajlarının müəyyən bir vaxtda göndərilməsini planlaşdıra bilərlər.
Digər bir yenilik isə musiqinin paylaşılması ilə bağlıdır. İstifadəçilər artıq söhbətdə “Stiker” bölməsinə klikləyərək və “Musiqi” ikonasını seçməklə “Instagram”ın audio kitabxanasındakı mahnıları birbaşa mesaj kimi paylaşa bilərlər.
Bundan başqa, “Meta” “WhatsApp” və “Messenger”də tapılan mesajların bərkidilməsi funksiyasını “Instagram”a da gətirib. İndi vacib mesajlar, media məzmunu və yumoristik yazılar fərdi və ya qrup çatlarında asanlıqla tapıla bilər. Bundan əlavə, istifadəçilər artıq qrup çatları üçün xüsusi QR kodları yarada və qrupa hələ qoşulmamış dostlarını və ailə üzvlərini dəvət edə biləcəklər.
Qeyd edək ki, bu yaxınlarda bir postda paylaşıla bilən media sayı əvvəlki 10 məzmun limitindən 20-yə qədər artırılıb.
Humay Eminqızı