- 19:36
Bakıda qonşusunu döyməkdə təqsirləndirilən Fuad Kərimovun (ad və soyaq şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Nigar İmanovanının sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F.Kərimov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 10% dövlət nəfinə pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilib.
Məhkəmə istintaqı zamanı 2005-ci il təvəllüdlü F.Kərimov deyib ki, zərərçəkmiş şəxs A.Əliyev ilə aralarında təxminən 3 il müddətdir ki, ədavət var. Belə ki, A.Əliyev təxminən üç il öncə anası N.Kərimovanın istifadəsində olan mobil nömrəyə tanışlıq məqsədi ilə mesaj yazıb. Bu səbəbdən atası və anası arasında mübahisə yaranmış və nikahları pozulub. Bır müddət sonra anasının günahsız olması, A.Əliyevin mesaj yazması öz təsdiqini tapdığından atası və anası barışıb. Hadisə baş verən gün o, qohumuna məxsus "Niva" markalı avtomobil ilə yaşadığı evə doğru hərəkətdə olan zaman qarşıdan qonşuluqda yaşayan A.Əliyevin gəldiyini görüb. A.Əliyev əlində yüklərlə onun hərəkət yolunun qarşısına çıxıb və o, avtomobili dayandıraraq sonuncuya nə qədər yolundan çəkilməsini söyləsə də, çəkilməyib Bir neçə dəfə siqnal vermiş olmağıma baxmayaraq, A.Əliyev buna məhəl qoymayıb, əksinə ona qarşı nalayiq ifadələr işlətməyə başlayıb. O, avtomobildən enərək, A.Əliyevin nə üçün hərəkət yolunun qarşısını kəsdiyini, nə üçün nalayiq ifadələr işlətdiyini soruşub, A.Əliyev isə üzərinə hücum çəkməyə cəhd edərək əlində yükləri ona tərəf hərəkət etdirib. O, A.Əliyevin onu vurmasının qarşısını almaq məqsədilə sonuncunun sinə nahiyəsindən arxaya doğru itələyib. Bunun nəticəsində A.Əliyev tarazlığını saxlaya bilməyib yerə yıxılıb. Kənardan onların mübahisələrini görən şəxslər yanlarına gələrək, onları bir- birindən aralaşdırıblar. Daha sonra əmisi T.Kərimov da hadisə yerinə gəlib və onlar birlikdə oradan uzaqlaşıblar. Onlar bir-birindən uzaqlaşdıqdan sonra A.Əliyevin mobil telefonunun yerə düşdüyünü gördüyü üçün sonuncunun mobil telefonunu başqası tərəfindən oğurlanmaması üçün təhvil vermək məqsədi ilə özü ilə götürüb. F.Kərimov deyib ki, zərərçəkmiş şəxsin bədəni üzərində olan xəsarətlərdən məlumatsızdır. Həmin xəsarətlərin kim tərəfindən yetirilməsini bilmir.
Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş A.Əliyev isə ifadəsində göstərib ki, təxminən bir neçə ildir ki, onların aralarında mübahisəli məsələlər vardır. Hadisə baş verən gün evdən çıxaraq yaxın qohumu xəstə olduğu üçün sonuncunun yanına gedirmiş. Bu zaman yaşadığı evin yaxınlığında F.Kərimov və əmisi T.Kərimov avtomobil ilə yanına gəlib və idarə etdikləri avtomobili onun üzərimə sürüblər. Avtomobili T.Kərimov idarə edirmiş. Sonra hər ikisi avtomobildən düşüblər. Bu zaman F.Kərimov əlində qara rəngli "beşbarmağa" oxşar bıçaq və əmisi T.Kərimov adlı şəxsin əlində isə dəmir və daş parçası olub. O, bunları gördükdən sonra qaçaraq oradan uzaqlaşmaq istəyib. Lakin buna nail ola bilməyib. T.Kərimov ayaqlarından tutaraq onu arxası üstə yerə yıxıb. Sonra F.Kərimov və əmisi onun bədəninin müxtəlif nahiyələrindən zərbələr vurmağa başlayıblar. Bu zaman vurulan zərbələrin təsirindən huşunu itirib və özündə olmayıb. Bir neçə dəqiqə sonra özünə gəldikdən sonra F.Kərimovun onu mobil telefonla videolentə qeydə aldığını görüb. Ayağa qalxdıqdan sonra yaxınlıqda olan tanımadığı şəxslər ona köməklik göstəriblər. F.Kərimov və əmisi gəldikləri avtomobilə minərək oradan uzaqlaşıb gediblər. Bundan sonra o, mobil telefonumu axtarıb, lakin tapa bilməyib. Orada olan şəxslər ona mobil telefonunun F.Kərimov və əmisinin götürərək özləri ilə apardıqlarını deyiblər. Daha sonra DİN-in 102 xidmətinə zəng edərək, baş vermiş hadisə ilə əlaqədar olaraq məlumat verib.
Şəbnəm Mehdizadə