- 21 Fevral 23:45
Vətəndaş ona məxsus obyektin qanunsuz olaraq başqasına satıldığını və aldadıldığını iddia edir.
E-huquq.az-a müraciət edən Orxan Şirinzadənin sözlərinə görə, “Maşınqayıran” MTK ona müraciət edərək obyektinin yerləşdiyi ərazidə tikinti işləri aparmaq barədə niyyətini bildirib. Orxan Şirinzadə MTK-ya inanaraq öz razılığını verib.
O.Şirinzadə qeyd edib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq Prospekti, ev 54 ünvanında yerləşən rəsmi çıxarışla 110.8 kvadrat metr, faktiki olaraq isə 230 kvadrat metr sahəsi olan tam təmirli obyekti olub. Həmin obyektin altında isə 40 kvadrat metrlik qaraj yerləşib. Oranı aylıq 3.500 manat məbləğində icarəyə verib. Obyekt gəlinlik mağazası kimi fəaliyyət göstərirmiş.
““Maşınqayıran” MTK həmin obyektin yerində bina tikmək istəyirdi. Hər ay kirayə haqqını ödəmək (kompensasiya pulu) və tikinti işləri yekunlaşdıqdan sonra inşa edilmiş binada mənə obyekt vermək şərtilə razılığa gələrək müqavilə imzaladıq. Bununla da MTK ilə mənim aramda 13 may 2022-ci il tarixli 109 nömrəli “Əvəzləşdirmə Müqaviləsi” bağlandı. Müqavilənin şərtlərinə görə “Maşınqayıran” MTK-ya xüsusi mülkiyyətimdə olan obyekti təhvil verdiyim gündən yeni binanın tikintisi başa çatana qədər müvəqqəti yaşayış məqsədilə mənə aylıq 3500 (üç min beş yüz) AZN məbləğində icarə haqqı ödənməli idi. Bundan başqa, həmin müqaviləyə əsasən, tikinti işlərinin 18 ay müddətinə başa çatdıraraq yeni inşa edilmiş binada mülkiyyətçiyə yəni, mənə obyekti təhvil verilməli idi. Həmçinin, müqaviləyə əsasən təhvil veriləcək obyektin ümumi sahəsi 230 kv.m. müəyyən edilməklə, 40 kv.m. sahəsi olan qaraj da verilməli idi”, - deyə O,Şirinzadə bildirib.
Onun sözlərinə görə, işlər yekunlaşdıqdan, yəni bina inşa edildikdən sonra “Maşınqayıran” MTK tamam fərqli mövqe nümayiş etdirib: “Mənə vəd verdiklərinin tam əksinə, obyektin dəyərindən 70-80 faiz aşağı sahə (yer) təklif olundu. Öz obyektimi tələb etdikdə isə həmin obyektin artıq başqa adama satıldığını dedilər. Müqavilə üzrə vəd verdikləri obyektin sahəsindən daha az sahə təklif etməklə yanaşı, həmin az sahəli yeri yeni inşa edilmiş binanın ancaq zirzəmisində verə biləcəklərini qeyd etdilər”.
O.Şirinzadə deyib ki, mübahisə ilə əlaqədar MTK-ya qarşı iddia qaldıraraq kirayə pulların ödənilməsi üçün məhkəməyə müraciət edib, tələbi haqlı və qanuni olduğu səbəbindən onun xeyrinə məhkəmə qətnaməsi çıxarılıb: "Qarşı tərəf isə qətnamədən əsassız narazı qalaraq yuxarı məhkəmə instansiyalarına müraciət edib, apellyasiya və Ali Məhkəmə mənim xeyrinə çıxarılmış qətnaməni qüvvəsində saxlayıb. Lakin MTK Azərbaycan Respublikasının adından çıxarılmış yekun məhkəmə aktını icra etməkdən boyun qaçırmağla yanaşı, tam əsassız olaraq mənə qarşı süni surətdə vaxtı uzatmaq məqsədilə məhkəmədə əsassız olaraq yeni iddialar verib. Bu hərəkətləri ilə MTK-nın ayrı-ayrı vəzifəli şəxsləri məni aldadaraq əmlakımı əvəzsiz əldə edib, heç bir kirayə haqqı ödəmədən, əmlakımı sökərək yerində hündürmərtəbəli bina inşa ediblər, əvəzində isə həmin inşa edilmiş binada vəd verilmiş sahə üzrə obyekt verilməyib. Beləliklə, mənə qarşı aldatma yolu ilə külli miqdarda ziyan vurulub".
O.Şirinzadənin sözlərinə görə, MTK onunla münasibətləri müqavilə ilə pərdələməklə, etibar qazanıb, əmlakı əldə edib, sökərək yerində hündür mərtəbəli bina inşa edib və nəticədə müxtəlif bəhanələrlə heç bir kompensasiya məbləği ödənilməyib və nəzərdə tutlmuş obyekt (sahə) verilməyib. Bütün bu hərəkətlərin nəticəsində ona külli miqdarda ziyan vurulmaqla yanaşı, qanunsuz olaraq mülkiyyət hüququ pozulub: “Artıq MTK-nın faktiki sahiblərinin (təsisçilərinin) və vəzifəli şəxslərin bu hərəkətləri onu göstərir ki, onların niyyəti heç də kirayə pulu ödəmək və sonradan yeni inşa edilmiş binada obyekt vermək deyil, əksinə etibar qazanmaq və məni inandırmaq üçün “əvəzləşdirmə müqaviləsi” bağlayaraq, əmlakımı söküb yerində isə yeni hündür mərtəbəli bina inşa etmək olub”.
““Maşınqayıran” MTK-nın faktiki sahibləri (təsisçiləri) və vəzifəli şəxsləri barəsində mənə qarşı törədilmiş qanunsuz əməllərə dair Azərbaycan Respublikasının Baş prokurorluğuna, Daxili İşlər Nazirliyinə, həmçinin Azərbaycan Respublikasının Prezidentinə şikayət ərizəsi ilə müraciət edəcəyəm”, - deyə şikayətçi bildirib.
Qeyd edək ki, MTK-lar tərəfindən vətəndaşların bu formada aldadılması hallarına tez-tez rast gəlinir. Belə ki, MTK-lar vətəndaşların etibarından istifadə edərək onlarla müqavilə bağlayır və vətəndaşın razılığı ilə əmlakını sökür. Sonradan isə vətəndaşlara heç bir kompensasiya ödənilmir. Uzun çəkən məhkəmə proseslərindən sonra vətəndaşların xeyrinə qətnamə çıxarılsa da, MTK-lar həmin qətnamələri icra etmirlər. MTK tikinti işlərini yekunlaşdırdıqdan sonra fəaliyyətini dayandırır. İnşa edilmiş binada ayrı-ayrı mülkiyyətçilər yaranır. Həmin MTK-nın balansında nə pul vəsaiti, nə də əmlak olmur. İcra sənədi də icra olunmadan məhkəyə geri qayıdır. Beləliklə, vətəndaşlara külli miqdarda zərər dəyir. Vətəndaşların bənzər şikayətləri ilə bağlı çıxış edən vəkillər hesab edir ki, bütün bu hallarla bağlı Baş Prokurorluğun rəhbərliyi ilə xüsusi komissiya yaradılmalıdır. Komissiyanın tərkibində aidiyyəti qurumlar təmsil olunmalıdır. Komissiya həm əmlakını itirmiş şəxslərin şikayətlərini araşdırmalı, həm də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamalıdır.