- 20 Fevral 22:40
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 17-də Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən e-huquq.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyəti, həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat-tranzit, neft-qaz, energetika və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.
Avtomobil və dəmir yolları bağlantılarının yaradılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur - Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və digər birgə layihələrin icra vəziyyəti nəzərdən keçirildi.
Eyni zamanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, dənizin çirkləndirilməsinin və dayazlaşmasının qarşısının alınması, habelə Xəzər dənizi hövzəsində əməkdaşlıqla bağlı bir sıra digər məsələlər barədə müzakirələr aparıldı.