Bakı hava limanına dəmir yolu xətti çəkiləcək


  • 28 Yanvar 20:47

Bakının Yeni Suraxanı qəsəbəsindən Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulub.

E-huquq.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.

O qeyd edib ki, məqsəd sərnişin axını artdıqda dəmir yolu xidmət göstərə bilsin: "Şəhər ətrafından paytaxta gün ərzində 400 min sərnişin daxil olur və bu sərnişinlərə xidmət göstərilməsi üçün dəmir yolunun xidmətlərinin genişləndirilməsi proqramı da nəzərdə tutulub. Burada ilk olaraq Abşeron dairəvi yoluna qatarların əlavə edilməsi, yük qatarlarının dairəvi yola daxil olmasının qarşısının alınması üçün Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin mövcud olan, lakin köhnəlmiş və istifadədən çıxarılmış bəzi dəmir yollarının da istifadəyə qaytarılması qərara alınıb. Bunlar “Zabrat 2-Maştağa-“Bağlar-Albalı", "Bakıxanov-Binə-Qala-Yeni Suraxanı-Hövsan" istiqamətləridir ki, bunlar da sərnişin axınına xidmət göstərməyə imkan verəcək".

A.Rzayev vurğulayıb ki, Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur: "Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulmuşdur. “Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq. Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, sərnişinlərə xidmət göstərilə bilsin".

Oxşar xəbərlər