Zaur Əliyev: “Hüquq fakültəsi hüquq elminin inkişafı və hüquq üzrə kadrların ha­zır­lanması sahəsində əsas elmi mərkəzdir” - MÜSAHİBƏ


  • 27 Yanvar 15:31

Belə bir deyim var ki, yubiley əlamətdar tarix olmaqla yanaşı, həm də, bir hesabatdır. Demək olar ki, atalar sözünə çevrilmiş bu deyimi əsas tutaraq respublikamızın ən qocaman və ən böyük hüquq fakültəsi olan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyevlə 45 illik yubileyi ərəfəsində görüşdük.

İlk növbədə, müsahibim haqqında qısa bioqrafik məlumat verərək demək istərdim ki, onun hüquq sahəsində və elmində fəaliyyəti heç də dekan olduğu dövrdən başlamır. Zaur Əliyev 1980-ci il yanvarın 29-da Bərdə şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri 132 saylı orta məktəbi, 2000-ci ildə Bakı Dövlət Universiteti, “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavriat səviyyəsini, 2002-ci ildə həmin ixtisas üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2009-cu ildə həmin universitetin “Beynəlxalq hüquq” ixtisası üzrə aspiranturasını bitirmiş və “Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyası” mövzusunda dissertasiya işi müdafiə etmişdir. Beynəlxalq hüquq və insan hüquqlarına dair 90-dan çox elmi əsərin müəllifidir. 30-dan çox elmi məqaləsi xarici ölkələrdə çap olunmuşdur. Bir sıra elmi əsərləri Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsinin kitabxanasında və Cenevrədə BMT-nin kitabxanasında saxlanılır. Hüquq üzrə fəlsəfə doktoru, dosentdir.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının, habelə Vəkillər Kollegiyasının İxtisas Komissiyasının üzvüdür.

- Zaur müəllim, ilk növbədə qarşıdan gələn yubileyiniz münasibətilə sizi e-huquq.az kollektivi adından təbrik edirik, can sağlığı və işlərinizdə uğurlar arzulayırıq. Ölkəmizin ilk hüquq fakültəsi olan 97 yaşlı fakültəyə üçüncü ildir ki, dekan olaraq rəhbərlik edirsiniz. Qısa olaraq fakültənin keçdiyi inkişaf yolu və bugünkü vəziyyəti haqqında fikirləriniz oxucularımıza maraqlı olar.

- Təşəkkür edirəm təbrikinizə və xoş arzularınıza görə. Sizi və oxucularımızı salamlayıram. Çox doğru qeyd etdiniz ki, 97 yaşlı Hüquq fakültəsi, Şərqi Avropa regionunun ən böyük, qocaman və nüfuzlu fakültələrindən biri olan Hüquq fakültəsinin dekanı olmaq çox şərəfli, eyni zamanda da məsuliyyətlidir. 1928-ci il dekabrın 17-də müstəqil fakültə kimi təsis olunmuş Bakı Dövlət Universitetinin Hüquq fakültəsi hüquq elminin və praktikasının inkişafında mühüm rol oynayaraq, ölkəmizdə hüquq təhsilinin bünövrəsini qoymuşdur. Fakültə yarandığı ilk gündən bugünədək ixtisaslı kadrların hazırlanması, hüquqi düşüncənin və hüquq mədəniyyətinin formalaşdırılması və inkişafı, hüquqi dövlət quruculuğuna və dövlət idarəçiliyinə töhfə vermək missiyasını uğurla yerinə yetirir. Fakültənin yetirmələri sırasında tanınmış hakimlər, prokurorlar, vəkillər, hüquqşünas alimlər və dövlət xadimləri yer almış, Azərbaycanın hüquq mühitində dərin izlər buraxmışlar. Hazırda fakültə müasir tədris proqramları və beynəlxalq əlaqələri ilə təhsil prosesini uğurla apararaq, tələbələrini müasir qlobal çağırışlara uyğun peşəkar hüquqşünaslar kimi yetişdirməyə davam edir. Zəngin tarixi ilə fakültə Azərbaycan hüquq təhsilinin əsas dayağı olaraq qalmaqdadır. Hüquq fakültəsi bu 97 ildə dövlətçiliyin möhkəmləndirilməsi, hüquq qaydasının təmin edilməsi işinə mühüm töhfələr vermiş, zaman-zaman müəyyən problemlərlə də üzləşmişdir. Hüquq fakültəsinin yarandığı vaxtdan 1960-cı illərin sonuna qədər əsas problemlərdən biri bu sahədə milli kadrların, o cümlədən hüquq üzrə alim və pedaqoqların azlığı olmuşdur. Ümummilli Lider Heydər Əliyevin SSRİ dövründə Azərbaycana rəhbərliyə gəlməsi ilə dövlətdə və cəmiyyətdə baş vermiş müsbət dəyişikliklər Hüquq fakültəsinə də sirayət etmişdir. Məhz Ulu Öndərin qətiyyəti sayəsində Hüquq fakültəsinə qəbul olmaqda mövcud maneələr tam aradan qaldırıldı, hüquq təhsili və elmi sahəsində çalışan alim­lərin milliləşdi­rilməsinə nail olundu, İttifaqın nüfuzlu ali təhsil müəssisələrinə azərbaycanlıların göndərilməsinə başlanıldı, hü­quq təhsilində şəffaflıq təmin edildi, hüquqşünas kadrların sayının artırılması və onların cəmiyyətdə rolunun düzgün müəyyən edilməsi istiqamətində mü­hüm işlər görüldü. Bütün bunlar Ulu Öndərin hüquq elminin və təhsilinin inkişafı sahəsində böyük xidmətləridir. Məhz buna görə Hüquq fakültəsinin inkişafında ən mühüm mərhələ Ümummilli Liderimiz Heydər Əliyevin respublikamıza rəhbər təyin olunduğu dövrdən başlayır. O vaxta qədər Hüquq fakültəsinə yalnız yüksək vəzifəli şəxslərin övladları daxil ola bilirdilər. Ancaq Ulu Öndərimizin ədalətli islahatları nəticəsində bu bürokratik maneə aradan qaldırıldı və Hüquq fakültəsi xalqın ixtiyarına verildi. Bu, o zaman çox böyük inqilabi addım idi. Yəni sadə ailələrdən olan şəxslər də artıq Hüquq fakültəsinə qəbul olmağa başladılar. Ulu Öndərimiz o vaxt hüquq sahəsində milli kadrlarımızın hazırlanması ilə həm də müstəqilliyimizin təməlini qoyurdu. Ona qədər hüquq üzrə kadrlar əsasən rus, ukraynalı və digər millətlərdən idi. Ancaq Ulu Öndərimizin göstərişi ilə müxtəlif respublikalara hüquq təhsili almağa göndərilən azərbaycanlı tələbələr təhsillərini başa vurduqdan sonra Vətənə döndülər və bizim milli kadrlarımız formalaşmağa başladı.

Qeyd etmək lazımdır ki, Hüquq fakültəsinin formalaşması və inkişafında dəyərli alimlərimiz Qasım Cəfərov, Qara Məmmədov, Cəfər Mövsümov, Qasım Manayev, Murtuz Ələsgərov, Əli Əliyev, Məmməd Xə­ləfov, Əjdər İbrahimov, Məhbubə Qafarzadə, Məsumə Mə­likova, Kəmalə Sarıcalinskaya və digərlərinin əvəzsiz rolu olmuşdur.

- Zaur müəllim, növbəti sualımı gənclərlə bağlı vermək istərdim. Ümummilli lider Heydər Əliyev gənclərə inandığını vurğulayaraq, onları Azərbaycanın gələcəyi adlandırırdı. Hüquq fakültəsinin tələbələri gənclər sırasında ictimai həyatda fəallığı ilə seçilirlər. Bu fəallığın daha da artırılması sahəsində nə kimi işlər görürsünüz?

- Dekan olaraq fəaliyyətə başladığım dövrdən (2022-ci ilin may ayından – red.) etibarən tədris prosesinin tələbələrin cəlb olunması ilə təkmilləşdirilməsini qarşıma əsas məqsədlərdən biri kimi qoymuşam. Bilirsiniz ki, Magna Charta Universitatumun (Universitetlərin Böyük Xartiyasının – red.) müddəaları da bəyan edir ki, tədris və tədqiqat bir-birindən ayrılmaz olmalı və tələbələr bilik axtarışında fəal iştirak etməlidirlər. Ona görə də ilkin olaraq, fakültənin tarixində ilk dəfə olaraq “Tələbədən tələbəyə” layihəsinin icrasına başladıq. Burada əsas mahiyyət ondan ibarətdir ki, xüsusi təlim keçmiş yuxarı kurs tələbələri tərəfindən aşağı kurs tələbələri üçün hüquqa dair müxtəlif mövzular üzrə interaktiv təlimlər keçirilir. İlk təlim 9 dekabr 2022-ci il tarixində “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” mövzusu üzrə fərqli kurslardan olan tələbələr üçün keçirildi və bu ənənə bu günə qədər davam etdirilir. Qeyd edim ki, bu layihə tələbələrin böyük marağına səbəb oldu. Belə ki, yuxarı kurs tələbələri aşağı kurs tələbələrinə əvvəlcədən müəyyən edilmiş mövzu üzrə təlim keçərək özlərinin təqdimat, ictimai nitq, arqumentasiya kimi bacarıqlarını inkişaf etdirir, aşağı kurs tələbələri isə mövzu barəsində zəruri biliklər əldə edirlər. Bundan əlavə, 2024-cü ilin may ayından “Tələbədən məktəbliyə” adlı yeni layihəyə başladıq. “Tələbədən məktəbliyə” layihəsinin ilk tədbiri fakültəmizin Tələbə Gənclər Təşkilatının üzvləri tərəfindən Gənc İstedadlar Liseyində keçirildi. Görüş zamanı məktəblilərlə interaktiv sessiyalar keçirildi, onlarla hüquq təhsili, hüquqşünaslıq ixtisası, hüquq fakültəsi, onun tarixi, nailiyyətləri, yaratdığı imkanlar və digər məsələlər müzakirə edildi, tələbələr və məktəblilərin birgə iştirakı ilə real kazuslar üzərində işlər görüldü. Belə görüşlər həm məktəblilərin hüquqi savadlılığının artırılmasına, həm də tələbələrimizin tədrisdə fəal iştirakına xidmət edir.

- Tələbələrin öz bilik səviyyəsini düzgün inkişaf etdirməsi, onların vətənpərvərlik ruhunda formalaşması üçün hansı işlər görülür?

- Təbii ki, bizim əsas vəzifəmiz savadlı hüquqşünaslar yetişdirməklə yanaşı, həm də vətənpərvər, hüquqi dövlət quruculuğuna və hüquqi islahatlara töhfə verə biləcək mütəxəssislərin hazırlanmasından ibarətdir. Bu baxımdan, informasiya cəmiyyətinin formalaşdığı bir dövrdə tələbələrin dünyada və respublikamızda baş verən hadisələrlə bağlı düzgün məlumatlandırılması fakültənin informasiya mübadiləsində aktiv iştirakını tələb edir. Bununla yanaşı tələbələrə vətənpərvərlik ruhunun aşılanması əsas məqsədlərimizdən biridir. Fakültəmizin məzunları olan Vətən müharibəsi iştirakçıları ilə görüşlərin keçirilməsi tələbələrə vətənpərvərlik hissinin aşılanmasının bariz nümunəsidir. Hər il Anım Günü və Zəfər Günü ərəfəsində Hüquq fakültəsinin məzunları və tələbələri olan Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçiririk, şəhid məzunumuz Ceyhun Şalıyevin abidəsini və ailəsini ziyarət edirik. Yadıma gəlir ki, 2022-ci ildə Zəfər bayramını müəllimlərimiz və tələbələrimizlə birgə Qarabağ torpağında fakültəmizin məzunu, Vətən müharibəsi iştirakçısı Qafar Nəzərovun toy mərasimində qeyd etdik. Bundan başqa tələbələrimiz Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilmiş “Şuşa tələbələrin gözü ilə” adlı layihə çərçivəsində Şuşa şəhərinə səfər etdilər. Layihənin məqsədi Azərbaycanda təhsil alan istedadlı gənclərin Qarabağa qayıdış prosesində fəal iştirakını təmin etmək, tələbələri Şuşanın zəngin tarixi və mədəni irsi ilə bağlı maarifləndirməkdən ibarət olmuşdur. Hüquq fakültəsində tələbələrin asudə vaxtının səmərəli təşkili həm onların şəxsiyyətinin inkişafına, həm də zərərli vərdişlərdən uzaq olmasına istiqamətlənmişdir. Tələbələr arasında müntəzəm olaraq müxtəlif idman yarışları, şahmat, futbol oyunları, müsabiqələr və marafonlar təşkil edilir. Tələbələrimiz asudə vaxtlarında həm də xeyirxah işlərlə də məşğul olurlar. Məsələn, 26 avqust 2024-cü il tarixində fakültənin tələbələri uşaq evini ziyarət etmişlər. Ziyarət çərçivəsində tələbələr uşaqlarla səmərəli vaxt keçirmiş, interaktiv və əyləncəli oyunlar təşkil etmişlər.

- Bildiyimiz kimi, yeni texnologiyaların inkişafı tədris sahəsinə də öz təsirini göstərir. Ona görə də artıq əvvəlki, müəyyən qədər köhnəlmiş metodikalar dövrün tələbinə cavab vermir. Fakültədə hansı yeni metodikaların tətbiqini qeyd edə bilərsiniz?

Fəaliyyətimizdə tədrisin keyfiyyət meyarlarına xüsusi diqqət yetiririk. Bu meyar Bolonya sisteminin əsas müddəalarından birini təşkil edir. Eyni zamanda, Təhsil üçün İnçhon Bəyannaməsi 2030-da qeyd olunur ki, təhsilin bütün səviyyələrdə və bütün şəraitlərdə ədalətli və effektiv olması üçün kifayət qədər keyfiyyətə malik olması təmin olunmalıdır. Bunun üçün bütün tələbələrin ehtiyaclarına cavab verən, yaxşı ixtisaslı, təlim keçmiş müəllimlər tərəfindən tədris olunan, müvafiq pedaqoji yanaşmalardan istifadə edən və müvafiq informasiya-kommunikasiya texnologiyaları ilə dəstəklənən tədris və təlim metodları və məzmunu tələb olunur. Bu məqsədlə fakültə üzrə professor-müəllim heyəti ilə ayrı-ayrılıqda mütəmadi olaraq görüşlər təşkil edərək tədris prosesində yeni metodikaların tətbiqinə başlamışıq. Yeni metodikalar əsasında işləmək bacarığı olmayan kadrlar üçün “Təlimçilər üçün təlim”, “Tədrisin təkmilləşdirilməsi” kimi fakültədaxili təlimlər təşkil etməyi planlaşdırırıq ki, bu da bütün professor-müəllim heyətinin müasir metodikalarla mühazirə və məşğələ dərslərini aparmasını təmin edəcək. Zamanla mühazirə və məşğələlərin keçirilməsi üsulları tamamilə dəyişəcəkdir.

- Təbii ki, ali təhsil müəssisəsi yalnız nəzəri biliklərin verilməsi ilə kifayətlənməməlidir. Nəzəriyyə və təcrübənin əlaqəli şəkildə tədrisi daha uğurlu nəticələr verir. Hüquq fakültəsi qeyd olunan məsələnin təmin olunması üçün hansı işləri görür və aidiyyəti qurumlarla hansı formada əməkdaşlıq edir?

- Əsas məqsədlərimizdən biri də ondan ibarətdir ki, tədris prosesini yeni metodikalar əsasında quraq. Artıq müəyyən nailiyyətlər eldə etmişik. Fakültə istər tədris prosesinin təşkilində, istərsə də elmi tədqiqatların həyata keçirilməsi sahəsində nəzəriyyə və təcrübəni əlaqələndirmək istiqamətində səmərəli fəaliyyət göstərərək, hibrid tədris metodunu ortaya qoymuşdur. Bu metod müxtəlif formalarda tətbiq olunur. Məsələn, müxtəlif dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində praktiki işçilərin, təcrübəli mütəxəssislərin tələbələrlə görüşü, ustad dərslərin keçirilməsi, həmçinin dövlət orqanlarının, məhkəmələrin, prokurorluğun, vəkil bürolarının fəaliyyəti ilə tanışlıq səfərlərinin təşkilini qeyd edə bilərik. Bu məqsədlə 2022-ci ildən başlayaraq, Hüquq fakültəsi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi arasında razılaşmaya əsasən, müntəzəm şəkildə tələbələrimizin ədliyyə orqanları ilə tanışlıq səfərləri təşkil olunur. Tələbələr əvvəlcədən tərtib olunmuş plan əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində, Probasiya xidmətində, Notariat, qeydiyyat və reyestr baş idarəsində, Qanunvericilik baş idarəsində və digər struktur bölmələrdə olmuş, həmin orqanların fəaliyyəti ilə yaxından tanış olmuşlar. Həmçinin ədliyyə orqanlarının əməkdaşları fakültədə tələbələr üçün praktiki mövzularda mühazirələr söyləmişlər. Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurası ilə əməkdaşlıq çərçivəsində tələbələr müntəzəm olaraq məhkəmə orqanlarında olurlar. Onlar məhkəmələrin fəaliyyəti, məhkəmə-hüquq islahatları, insan hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumatlandırılır, habelə məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlükləri, hakimlərin fəaliyyəti, müvafiq infrastrukturun yenilənməsi istiqamətində görülən işlərlə tanış olurlar. Baş Prokurorluqla əməkdaşlıq çərçivəsində tələbələrimiz müntəzəm olaraq prokurorluq orqanlarında, həmçinin elm və tədris mərkəzində olur, prokurorluq orqanlarının işi ilə yaxından tanış olurlar. Fakültənin mütəmadi əməkdaşlıq etdiyi qurumlardan biri də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasıdır. Fakültənin tələbələri Vəkillər Kollegiyasının dəstəyi ilə müntəzəm olaraq nüfuzlu beynəlxalq məhkəmə müsabiqələrində və digər yarışlarda iştirak edərək Fakültəni layiqincə təmsil edirlər. Həmçinin, tələbələrimiz müxtəlif vəkil bürolarında təcrübə keçərək praktik bilik və bacarıqlarını artırırlar. Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıqda fakültədə yeni kafedra - “Əqli mülkiyyət hüququ” kafedrası yaradılmışdır. Əqli mülkiyyət hüququ ixtisaslaşması üzrə təhsil alan magistrantların dərslərinin praktiki hissəsi Agentlikdə keçirilir ki, bu da onların peşəkar mütəxəssis kimi formalaşmasında mühüm rol oynayır. Fakültəmizin sıx əməkdaşlıq etdiyi qurumlardan biri də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə magistratura səviyyəsində yeni ixtisaslaşma olan “Mədəniyyət hüququ” ixtisaslaşması açılmışdır. Sevindirici haldır ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həmin ixtisaslaşma üzrə təhsil alan magistrantlar ötən ilin dekabr ayında Türkiyə Respublikasında nüfuzlu ali təhsil müəssisələrində və qurumlarında təcrübə keçdilər. Bütün bunlar məhz hüquq elminin və təhsilinin müasir standartlara uyğun təşkilinə xidmət edərək, təcrübi biliklərin əldə olunmasına, gənclərimizin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə xidmət edir. Həmçinin, Azərbaycan Respublikasının Milli Məclisi, Konstitusiya Məhkəməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ombudsman Aparatı, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Hüquq və İnsan Haqları İnstitutu, Gənclər Fondu, Mediasiya Şurası ilə də tədris sahəsində sıx əməkdaşlıq edirik. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumlarında Hüquq fakültəsinin professor-müəllim heyəti ekspert qismində iştirak edərək qanunvericiliyin müxtəlif sahələri üzrə rəylər verirlər. Biz həm də digər ali təhsil müəssisələrinin - Milli Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Polis Akademiyası, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, Vəkillər Kollegiyasının Akademiyası, Naxçıvan Dövlət Universitetinin hüquq fakültələri və müvafiq struktur bölmələri ilə də səmərəli əməkdaşlıq edirik.

- Bir sıra tələbələr Hüquq fakültəsini bitirdikdən sonra müxtəlif beynəlxalq qurumlarda fəaliyyət göstərirlər. Siz tədrisdə beynəlxalq əlaqələrin inkişaf etdirilməsi üçün hansı tədbirlər görürsünüz?

- Tədris prosesində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərini rəhbər tutaraq, tələbələrin beynəlxalq təşkilatların təcrübəsindən əyani şəkildə faydalanması, tədris prosesində təqdim olunan nəzəri biliklərin təcrübədə tətbiqi metodlarını və qaydalarını öyrənməsini hədəfləyir. Fakültəmizdə mütəmadi olaraq, beynəlxalq ekspertlər, nüfuzlu alimlər tərəfindən mühazirələr təşkil edirik ki, bu, yalnız tələbələr üçün deyil, həm də gənc müəllimlər üçün dayanıqlı bilik mənbəyi kimi faydalı olur. Məsələn, Dünya Bankının mərkəzi qərargahının əməkdaşı, vergi hüququ sahəsində tanınmış beynəlxalq ekspert, məşhur ispaniyalı alim professor Raul Varela vergi hüququna dair mühazirə ilə tələbələr qarşısında çıxış etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq elmləri doktoru, professor Lətif Hüseynov, BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar üzrə komitəsinin üzvü, hüquq elmləri doktoru, professor Aslan Abaşidze, Beynəlxalq Qızıl Xaç Komitəsinin Şərqi Avropa üzrə koordinatoru, beynəlxalq humanitar hüquq üzrə tanınmış beynəlxalq ekspert Andrey Kozik, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Avropa Şurasının ölkəmizdəki ofisinin rəhbəri Petr Zix, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki İlham Rəhimov, tanınmış amerikalı vəkil və professor Tomas Qlassman və digər alim və ekspertlər müxtəlif vaxtlarda tələbələr qarşısında mühazirələrlə çıxış etmişlər. Hüquq fakültəsi üçün ən böyük uğur kimi ötən il fakültəmizin bir ilkə imza ataraq Avropa Hüquq Fakültələri Assosiasiyasına tamhüquqlu üzv seçilməsini qeyd edə bilərəm ki, bu, tədrisin keyfiyyət göstəricisinə öz müsbət təsirini göstərib. Üzvlük çərçivəsində Assosiasiyanın konfranslarında, görüşlərində, illik forumlarında fakültəmizi təmsil etmək kimi fürsətlər təklif olunur. Qeyd edim ki, Avropa Hüquq Fakültələri Assosiasiyası 1995-ci ildə Belçikanın Leuven şəhərində Avropanın müxtəlif universitetlərində yerləşən 80-dən çox Hüquq məktəbləri və fakültələri tərəfindən təsis edilmişdir. Təşkilatın bu gün 200-dən çox üzvü vardır. Avropanın nüfuzlu universitetlərinin hüquq məktəbləri və fakültələri bu təşkilatın üzvüdür, məsələn Leyden Universiteti, Maastrixt Universiteti, Rotterdam Erasmus Universiteti, Lund Universiteti, Barselona Universiteti, Strasburq Universiteti, Sürix Universiteti, Edinburq Universiteti, Şeffild Universiteti, Koç Universiteti, Vyana Universiteti, Kopenhagen Universiteti və digər tanınmış ali məktəblərin hüquq məktəbləri və fakültələri bu təşkilatın üzvləridirlər. Hazırda təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri Avropa məkanında hüquq təhsili sahəsində islahatların aparılmasıdır. Bu nüfuzlu təşkilata üzv qəbul edilməyimiz fakültəmizin Avropa məkanında qabaqcıl fakültə kimi tanınmasının göstəricisidir. Eyni zamanda, tədris sahəsində beynəlxalq əlaqələrin fakültənin dinamik inkişafına təsirinin digər bir bariz nümunəsi 2023-cü ilin 9-13 oktyabr tarixlərində fakültənin bir qrup müəllim-tələbə heyətinin Strasburq şəhərinə Avropa Şurasının mənzil-qərargahına təlim səfərini qeyd etmək olar. Təlim səfəri çərçivəsində müəllim və tələbə heyətinin Avropa Şurasının departament və bölmə rəhbərləri, İnsan hüquqları üzrə komissarlığın nümayəndələri, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri ilə görüşləri, Avropa Şurasının ekspertləri tərəfindən mühazirələrin keçirilməsi həyata keçirildi. Biz bu gün də nüfuzlu ekspertlərin fakültəmizdə tədris sahəsinə öz töhfəsini verməsi üçün layihələr üzərində çalışırıq.

- Tələbələriniz müsabiqələrdə, olimpiadalarda iştirak edirmi və belə tədbirlər fakültəniz tərəfindən keçirilirmi?

- Hər zaman tələbələrə debatlarda, yarışlarda və müsabiqələrdə iştirak üçün şərait yaratmağa və dəstək göstərməyə çalışırıq. Tələbələrimiz həm yerli müsabiqə və yarışlarda fəal iştirak edirlər, həm də beynəlxalq müsabiqələrdə ön sıraları tuturlar. Məsələn, “Willem C.Vis” Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsini qeyd edə bilərəm ki, 2023-cü ilin fevral ayında tələbələrimiz müsabiqənin Tbilisidə keçirilmiş finalaqədərki mərhələsinin qalibi oldular. Tələbəmiz Azər Seyidli 2023-cü ildə Avropa Şurasının 46 üzv-dövlətindən minlərlə gənclərin sırasından seçilərək “Gənc təmsilçi” statusuna layiq görüldü və Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilmiş 44-cü sessiyasında iştirak etdi. Dördüncü və ikinci kurs tələbələrindən ibarət komandamız ötən ilin noyabrında Belarus Respublikasının Minsk şəhərində keçirilmiş "Nürnberq prosesi və müasir beynəlxalq hüquq" beynəlxalq müsabiqəsində "Müdafiə tərəfinin hüquqi mövqeyinin ən yaxşı təqdimatına görə" nominasiyası üzrə qalib elan olundu. Tələbəmiz Zeynal Zeynallı isə həmin müsabiqədə "ən yaxşı natiq" nominasiyasının qalibi oldu. 2024-cü ildə Fakültənin keçirdiyi ən önəmli tədbirlərdən biri də Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 illiyinə həsr edilmiş "Respublika Hüquq Olimpiadası" oldu. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində keçirilən Olimpiada bu formatda hüququn bütün əsas sahələrini əhatə edən Olimpiada olaraq respublikamızda ilk dəfə keçirilmişdir. Növbəti illərdə də olimpiada və intellektual yarışların keçirilməsi ənənəsi davam etdiriləcəkdir. Tələbələrimiz tərəfindən mütəmadi olaraq parlament və məhkəmə simulyasiyaları keçirilir. Onların sırasında 2022-2024-cü illərdə “Səhnələşdirilmiş parlament debatı” adlı simulyasiyanı, “Gözlənilən mühakimə”, “İttiham yoxsa bəraət?” məhkəmə simulyasiyalarını qeyd edə bilərəm.

- Həm professor-müəllim heyətinin, həm də doktorant və magistrantların elmi tədqiqat işlərinə cəlb olunmasına hansı formada dəstək verirsiniz?

- Hüquq fakültəsinin elmi bazasının müasir tələblərə cavab verən vəsaitlərlə zənginləşdirilməsi əsas məqsədlərimizdən biridir. Bu məqsədin yerinə yetirilməsi üçün yeni dərslik, dərs vəsaiti və digər tədris vəsaitlərinin hazırlanmasına və nəşr olunmasına var gücümüzlə çalışırıq. Son iki il ərzində Fakültə tərəfindən hüququn müxtəlif sahələri üzrə 50-dən çox kitab hazırlanaraq nəşr olunmuşdur ki, onlardan 36-sı dərsliklərdir. Professor-müəllim heyətinin elmi fəaliyyəti inkişaf edir. İl ərzində beynəlxalq elmmetrik bazalarda dərc olunmuş elmi məqalələrin statistikası da bunu təsdiq edir. Belə ki, 2023-cü ilin yanvar ayından bu günədək Fakültə əməkdaşlarının dərc etdirdiyi elmi məqalələrin sayı 200-ü ötmüşdür. Fakültədə elmi fəaliyyət sahəsində nəzərəçarpacaq artım müşahidə olunur. Yeri gəlmişkən qeyd edim ki, “Times Higher Education” reytinq təşkilatı 2025-ci il üçün dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin ixtisaslar üzrə reytinq siyahısını açıqlayıb. Reytinq nəticələrinə əsasən, Bakı Dövlət Universiteti yer aldığı kateqoriyaların sayına və mövqeyinə görə Azərbaycanda lider mövqeyini qorumaqda davam edir. Ümumilikdə isə BDU-nun qiymətləndirmə nəticələri əvvəlki illə müqayisədə 10-15 faiz nisbətində artıb. Hal-hazırda Hüquq fakültəsində 25‐dən çox hüquq elmləri doktoru və 100‐ə yaxın hüquq üzrə fəlsəfə doktoru olmaqla ümumilikdə 120‐dən çox professor‐müəllim fəaliyyət göstərir. Hüquq ixtisası üzrə Avropada, ABŞ, Türkiyə və digər xarici dövlətlərdə təhsil almış azərbaycanlı məzunlar da bu gün Hüquq fakültəsində tədris prosesini uğurla aparırlar. Fakültədə Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Gənclər Təşkilatı aktiv fəaliyyət göstərir. Hüquq fakültəsində redaksiya heyəti nüfuzlu yerli və xarici alimlərdən ibarət “Beynəlxalq hüquq və inteqrasiya problemləri” və “Azərbaycan hüquq jurnalı” adlı xüsusi elmi‐analitik və praktiki jurnallar buraxılır. Bundan başqa, Hüquq fakültəsində Tələbə Elmi Cəmiyyəti tərəfindən “Hein Online” və “SCOPUS” məlumat bazasına daxil olan “Tələbə Hüquq Jurnalı” dərc edilir. “Tələbə Hüquq Jurnalı” Cənubi Qafqazda HeinOnline hüquqi araşdırma məlumat bazasında yerləşdirilən ilk və “SCOPUS” məlumat bazasına daxil olan yeganə hüquq jurnalıdır. Fakültədə mütəmadi olaraq beynəlxalq və respublika səviyyəli elmi‐praktiki konfranslar keçirilir və onların materialları dərc edilir.

- Qanunu hazırlayanlar və tətbiq edənlər hüquqşünaslardır. Lakin bəzi hallarda qanunvericilikdə ziddiyyətlər və boşluqlar olur. Hüquq fakültəsi olaraq qanunvericiliyin təkmilləşdirilməsi üzrə hər hansı fəaliyyətiniz olubmu?

- Təbii ki, Hüquq fakültəsinin professor-müəllim heyəti hüquq elminin və tədrisinin inkişafı üçün çalışmaqla yanaşı, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də fəaliyyət göstərirlər. Öz fəaliyyətim dövrünə təsadüf edən bir neçə əsas faktı qeyd edə bilərəm. Bilirsiniz ki, birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxslərin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini tənzimləmək üçün 9 iyun 2023-cü il tarixində “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun qəbul edilmişdir. Həmin Qanunun icrası ilə bağlı Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrası “Azərbaycanda mülki işlərdə həssas qruplardan olan şəxslərin ödənişsiz hüquqi yardıma çıxışının təkmilləşdirilməsi” mövzusunda silsilə müzakirələr təşkil etmişdir. Müzakirələrdə professor-müəllim heyəti ilə yanaşı hakimlər, vəkillər, tələbələr də iştirak etmişlər. Müzakirələrin nəticəsində mülki işlərdə həssas qruplardan olan şəxslərin ödənişsiz yüksək keyfiyyətli peşəkar hüquqi yardıma əlçatanlığının təkmilləşdirilməsi məqsədilə qanunda bir sıra dəyişiklik və əlavələrin edilməsinə dair təkliflər irəli sürülmüşdür. İrəli sürülən təkliflər ümumiləşdirilərək Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinə göndərilmişdir. Əmək və ekologiya hüququ kafedrası tərəfindən Əmək qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı kompleks təkliflər paketi hazırlanmışdır. Mülki hüquq kafedrasının bir qrup müəllimi hazırda Mülki Məcəllənin təkmilləşdirilməsi üzərində ciddi iş aparırlar. Bundan başqa, Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrası nəzdində “Cinayət hüququ dərnəyi” təsis edilib. Tələbə və müəllim kollektivi hər ay müxtəlif mövzularla dərnəkdə çıxış edir, müzakirələr aparırlar. Cinayət hüququ və kriminologiya kafedrası tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə “ekosid” və “urbisid” əməllərinin kriminallaşdırılması ilə əlaqədar olaraq 104-1 və 104-2-ci maddələrin əlavə edilməsi haqqında təkliflər hazırlandı, Fakültə Elmi Şurasının 26 dekabr 2022-ci il tarixli 04 saylı qərarı ilə təsdiq edildi və müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisinə və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinə göndərildi. 22 oktyabr 2024-cü il tarixində Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər, Məcəlləyə “Ekosid” adlı 104-1-ci maddənin əlavə edilməsi bu fəaliyyətimizin uğurlu olduğunu sübut edir. Fakültənin alimləri həmçinin məhkəmə praktikasının təkmilləşdirilməsi sahəsində də çalışırlar.

- 2024-cü il yaddaşlarda COP29 kimi mühüm beynəlxalq tədbirlə qaldı. Bu tədbir zamanı fakültəniz hansı formada iştirak edirdi?

- Dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan COP29-a ölkəmizin sədrlik etməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasətinin nəticələrindən biri hesab olunmalıdır. Beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malik olan respublikamız COP29-un da müvəffəqiyyətlə başa çatdırılmasına nail oldu. COP29-un çox yaxşı təşkil olunmasının bütün qonaqlar tərəfindən yüksək qiymətləndirməsindən qürur duyduğunu bildirən cənab Prezidentimizin qeyd etdiyi kimi, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü. Bu beynəlxalq tədbirin keçirilməsi dövründə fakültəmiz də özünəməxsus fəaliyyətini davam etdirirdi. COP29-un mahiyyəti və məqsədləri barədə aydın təsəvvür formalaşdırılması məqsədilə Hüquq fakültəsində bir sıra tədbirlər və təlimlər təşkil edildi. Bunlar sırasında COP29 barədə infosessiya, "Tələbədən tələbəyə" layihəsi çərçivəsində COP29-a həsr olunmuş "Ətraf mühit və insan hüquqları" mövzusunda təlimlər xüsusi qeyd olunmalıdır. Ümumilikdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Tələbədən tələbəyə” və “Tələbədən məktəbliyə” layihələri çərçivəsində il ərzində respublikamızda geniş hüquqi maarifləndirmə kampaniyası keçirdik. Hətta kənd məktəblərinə qədər gedib çıxdıq. Məsələn, 2024-cü ilin 4 noyabr tarixində Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Quba rayonu II Nügədi kəndində yerləşən 2 nömrəli tam orta məktəbdə “Tələbədən məktəbliyə” layihəsinin təlimi keçirildi. Tədbir çərçivəsində məktəblilər və müəllimlər iqlim dəyişikliyinin hüquqi xüsusiyyətlərinin əhəmiyyəti, ətraf mühitin qorunması mövzularında ətraflı məlumat aldılar, eyni zamanda iqlim dəyişikliyinin təsirləri ilə bağlı geniş müzakirələr aparıldı. Bütövlükdə bu təlimlər tələbələrin və məktəblilərin böyük marağına səbəb olmaqla, hüquqi və ekoloji maarifləndirmə baxımından əhəmiyyətli oldular. Bununla yanaşı, Fakültədə “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Tərəflər Konfransı barədə” məlumat kitabçası hazırlandı və çap edildi. Hüquq fakültəsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 ərəfəsində hazırlanan bu vəsait BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və COP haqqında zəruri məlumatları, onların hüquqi statusu və mahiyyətini əks etdirməklə COP barədə zəruri məlumatların geniş oxucu auditoriyasına çatmasını təmin etmiş oldu. Eyni zamanda, Fakültə tələbələri COP29 çərçivəsində könüllü qismində iştirak üçün cəlb edildilər. Həmçinin, tələbələrlə birlikdə COP29-un keçirildiyi məkanda olduq. Burada iqlim böhranı ilə mübarizəyə həsr olunmuş, müxtəlif təşkilatlar və qurumlar üçün tərəfdaşlıq imkanları təklif edən sərgilərlə tanış olduq. Xüsusilə Heydər Əliyev Fondunun pavilyonu ilə tanışlıq bizdə böyük təəssürat yaratdı. COP29 çərçivəsində “Mübadilələr və iqlim innovasiyası: iqlimin açıqlanması, karbon bazarları və xalis sıfır" mövzusuna həsr olunmuş sessiyada tələbələrimizlə birlikdə iştirak etdik. Ümumilikdə COP29-da Hüquq fakültəsindən 40-dək tələbə könüllü və 2 tələbəmiz isə ştat işçisi qismində iştirak etmişdir. Bu da bir ilk oldu ki və bəlkə respublikada yeganə fakültə olduq ki, iki tələbəmiz – Sadıqova Həmidə və Sadıqova Nəzrin, özü də hər ikisi Prezident təqaüdçüsüdür COP29-a məhz ştat işçi olaraq cəlb edildilər. COP29-da fəal iştiraklarına görə tələbələrimiz Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış təşəkkürnamə ilə təltif olundular. Həmin an onların sevincinin həddi-hüdudu yox idi. Dövlət başçısı tərəfindən verilmiş bu yüksək mükafat Azərbaycan Respublikası Prezidentinin tələbələrə olan diqqət və qayğısının bariz nümunəsidir. Cənab Prezidentə dərin təşəkkürümüzü bildiririk.

- Xarici ölkələrin ali məktəblərində təhsillərini davam etdirən tələbələriniz varmı?

- Bəli. Ötən il bir sıra tələbə və məzunlarımız “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində tam təqaüd qazanmaqla dünyanın nüfuzlu hüquq məktəblərinə qəbul oldular. Bunların sırasında Dünya Universitetləri Reytinqinə əsasən 5-ci yerdə qərarlaşan ABŞ-nin nüfuzlu Berkli Kaliforniya Universitetini, QS sıralamasında dünya doqquzuncusu olan “University College London”u, ABŞ-nin hüquq məktəbləri reytinqində son 35 ildə 1-ci yerdə qərarlaşan və qəbul üzrə ən rəqabətli hüquq məktəbi hesab olunan “Yale Law School”u, “U.S. News & World Report”un reytinqində top 25-də qərarlaşan ən yüksək reytinqli dövlət universitetlərindən biri olan Maryland Universitetini, Böyük Britaniyanın hüquq məktəbləri üzrə yerli reytinq cədvəllərində 1-ci yerdə olan Oksford Universitetinin Hüquq fakültəsini, beynəlxalq reytinq cədvəllərində ilk beşlikdə yerləşən Kembric Universitetini, ABŞ-nin səkkiz ən nüfuzlu ali məktəbini birləşdirən “İvy League” universitetlər sırasına daxil olan və dünyanın 10 ən yaxşı universiteti siyahısında 8-ci yerdə olan məşhur Kolumbiya Universitetini, QS World University Rankings siyahısında 27-ci yerdə qərarlaşan Böyük Britaniyanın nüfuzlu Edinburq Universitetini, Top-10 universitetlər arasında yer alan ABŞ-nin nüfuzlu Çikaqo Universitetini, “US News & World Report” reytinq sistemində 53- cü yerdə qərarlaşan ABŞ-nin Minnesota Universitetini, Çində ən yaxşı hüquq məktəblərindən biri sayılmaqla bərabər bu sahə üzrə reytinqdə 47-ci yerdə qərarlaşan Çin Renmin Universitetinin Hüquq Məktəbini qeyd edə bilərəm. Hazırda tələbələrimiz adlarını çəkdiyim nüfuzlu hüquq məktəblərində əsasən magistratura səviyyəsi üzrə təhsillərini davam etdirirlər. Bundan əlavə üç tələbəmiz isə Alman Akademik Mübadilə Xidmətinin beynəlxalq təqaüdünün 2024-26-cı illər üzrə qalibi oldular və hazırda təhsillərini Almaniyanın nüfuzlu hüquq məktəblərində davam etdirirlər. Tələbələrimizlə, məzunlarımızla fəxr edirik. Əgər fakültəmizin sosial şəbəkələrdə rəsmi səhifəsini izləyirsinizsə onda yəqin görmüş olarsınız ki, yay tətili boyunca xarici universitetlərə qəbul olan hər bir tələbə haqqında məlumat paylaşdıq.

- Zaur müəllim, Hüquq fakültəsinin və tələbələrinizin uğurları bizi də çox sevindirir. Növbəti sualım onunla bağlıdır ki, hüquq təhsilinin bugünkü səviyyəsi sizi qane edirmi?

- Mən bu məsələyə hüquqşünas pedaqoq kimi münasibət bildirmək istəyirəm. Hüquq təhsili elə bir sahədir ki, daim təkmilləşdirməyə ehtiyac vardır. Hüquq sahəsi sürətlə inkişaf edən sahələrdəndir. Hüquq təhsili sahəsində bu gün müəyyən məqamları da qeyd etmək lazımdır. Məsələn, fundamental, həmçinin əsas hüquq fənlərinə ayrılan mühazirə saatlarının azalması bizi narahat edən məsələlərdəndir. Fikrimcə, hüquq nəzəriyyəsi, mülki hüquq, cinayət hüququ, mülki-prosessual hüquq, cinayət-prosessual hüquq, beynəlxalq hüquq, konstitusiya hüququ kimi əsas fənlərə ayrılan saatların artırılması hüquqşünasın formalaşmasında mühüm rolu olan fənlərin tələbələr tərəfindən dərindən mənimsənilməsi baxımından olduqca vacibdir. Digər bir məqam ondan ibarətdir ki, tələbənin peşəkar hüquqşünas kimi formalaşmasında mühüm rola malik olan bəzi fənlər seçmə fənn statusundadır, məsələn, kriminalistika, hüquq fəlsəfəsi, məntiq və digərləri. Bu fənlər məcburi fənn statusunda olmalıdırlar. Hesab edirəm ki, respublikamızda son dövrlər məhkəmə-hüquq sahəsində uğurla həyata keçirilən siyasətdən qaynaqlanaraq hüquq təhsili sahəsində də müəyyən islahatlar aparıla bilər. Fikrimcə, cəmiyyətin hüquq müstəvisindəki tələblərini tam qarşılaya biləcək rəqabətə davamlı kadrların formalaşması üçün hüquq təhsili sahəsində elmi əməkdaşlıq genişlənməli, elmi-tədqiqat işlərinin maliyyələşdirilməsində daxili və beynəlxalq imkanlara çatımlılıq dəstəklənməli, tədris aparan şəxslərin maliyyə imkanları yaxşılaşdırılmalı, beynəlxalq elmi-tədqiqat və tədris müəssisələri ilə əməkdaşlıq gücləndirilməli, hüquq elmi və təhsilinin vahid istiqamətdə əlaqələndirilməsini təmin etməklə elmin nailiyyətlərindən təhsil üçün istifadə edilməsi təmin edilməlidir. Hüquq təhsili sahəsində islahatlar fundamental hüquq təhsilinin mövcud modelinin modernləşdirilməsinə və təkmilləşdirilməsinə nail olunmasına yönəlməlidir. Bir məsələni də qeyd etmək istəyirəm. Bir konfransa hazırlaşırdım, orada hüquq təhsili ilə bağlı çıxışım nəzərdə tutulmuşdu. Ulu Öndərin bir çıxışına rast gəldim, orada indi müzakirə etdiyimiz məsələ ilə bağlı çox mühüm bir məqam var. 1998-ci il dekabrın 10-da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində Ulu Öndər Heydər Əliyev vurğulayıb ki: “Biz bu gün 50 illik yubileyi qeyd edərkən, hesab edirəm, gələcək üçün əsas qənaətimiz ondan ibarət olmalıdır ki, Azərbaycan vətəndaşlarını hüquqi təhsil nöqteyi-nəzərindən inkişaf etdirək. Bu, böyük bir işdir. Mənə belə gəlir ki, bu işi mütəşəkkil və ardıcıl surətdə aparmaq üçün proqram da yazmaq lazımdır və onun həyata keçirilməsini təmin etmək lazımdır”. Ulu Öndərimizin illər öncə səsləndirdiyi bu mühüm fikir bu gün də öz aktuallığını saxlayır. Fikrimcə, hüquq təhsili sahəsində strategiyanın, yaxud “Hüquq elminin və təhsilinin inkişaf konsepsiyası”nın hazırlanması və müvafiq islahatların həyata keçirilməsi cənab Prezident tərəfindən elan edilən “Konstitusiya və Suverenlik İli”nə də mühüm töhfə olar.

- Son olaraq, bizimlə paylaşmaq istədiyiniz fikirlərinizi eşitmək istərdim.

- Bakı Dövlət Universitetinin Hüquq fakültəsi demək olar ki, 100 ilə yaxındır ki, hüquqşünas kadrların hazırlanması üzrə aparıcı təhsil ocağı olaraq fəaliyyət göstərir. Bu gün onun nüfuzunu və əsas rolunu saxlamaq önəmli məsələlərdəndir. Qarşıya qoyduğumuz əsas məqsəd düzgün mühakimə yürüdən səriştəli, savadlı, yaradıcı və yüksək əxlaqi dəyərlər çərçivəsində formalaşmış mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Hüquq fakültəsi olaraq öz fəaliyyətimizdə təhsili millətin gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyevin ideya və prinsiplərini rəhbər tuturuq və hər zaman dövlətimizin bizə verdiyi dəstəyə arxalanırıq. Ulu Öndərimizin ideyaları əsasında həyata keçirilən gənclər siyasəti Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə daha da inkişaf etmişdir. Məhz bu gənclik Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əsas qüvvəsi olaraq 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış əzəli və əbədi torpaqlarımızı düşməndən azad etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə yalnız ərazi bütövlüyümüz, dövlət suverenliyimiz deyil, həm də işğal nəticəsində pozulmuş beynəlxalq hüquq normaları və fundamental insan hüquq və azadlıqları da bərpa olundu. Müstəqil dövlətimizi qorumaq və daha da inkişaf etdirmək, davamlı qələbələr qazanmaq və yeni zirvələri fəth etmək üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşmək hər birimizin, o cümlədən gənclərin vəzifəsidir. Son illərdə gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilmişdir. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətdə mühüm missiyanın daşıyıcılarına çevrilmişlər. Dövlət başçısının həyata keçirdiyi siyasətdə gənclərin irəli çəkilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Eləcə də müxtəlif xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və fəaliyyətində yaxından iştirak edirlər. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə dəstəyinin bariz nümunəsidir. Məhz bütün bunlar Azərbaycan gənclərinin inkişaf tempini və onların savadlı kadr kimi yetişməsini bir daha təsdiq edir. Bu sahədə Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu əvəzsizdir. Ulu Öndərin xeyirxahlıq missiyasını uğurla davam etdirən Fondun həyata keçirdiyi müxtəlif layihələr həm də təhsilin inkişafına xidmət edir. Xüsusi vurğulamaq istərdim ki, dövlətçiliyimizin və hüquq qaydasının möhkəmlən­di­rilməsinə xidmət etməklə, o cümlədən Azərbaycan cəmiyyətində xüsusi çəkiyə malik olmaqla hüquqşünas kadrların yetişdirilməsində Hüquq fakültəsi xüsusi və əvəzolunmaz rol oynamaqda davam edir. Hüquq fakültəsi hüquq elminin inkişafı və hüquq üzrə kadrların ha­zır­lanması sahəsində əsas elmi mərkəzdir. Əminik ki, zəngin tarix, böyük təcrübə və dayanıqlı ənənə Hüquq fakültəsinin davamlı inkişafını təmin edəcəkdir.

- Təşəkkür edirəm, Zaur müəllim, maraqlı müsahibəyə görə çox sağ olun.

- Siz də sağ olun.

Oxşar xəbərlər