"Füzulinin işğaldan azad edilməsi ərazi bütövlüyümüzün bərpasında mühüm dönüş nöqtəsi oldu" - Deputat


  • 17 Oktyabr 14:25

"Vaxt var idi ki, xalqımız 30 ilə yaxın müddətdə şəhərlərimizin və kəndlərimizin Ermənistan tərəfindən işğalı günlərini böyük acı ilə qeyd edirdi. Ancaq artıq dörd ildir ki, torpaqlarımızın işğalçıların tapdağı altından azad edilməsi günlərini böyük qürur və sevinc hissi ilə qeyd edirik. Onlardan biri də Füzuli şəhəridir. 2020-ci ilin bu günündə Füzuli şəhərinin erməni işğalçılarından azad edilməsi Qarabağ probleminin həllində və ölkəmizin ərazi bütövlüyünün bərpasında mühüm bir dönüş nöqtəsi oldu".

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Deputat xatırladıb ki, Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur: “Heç kəsə sirr deyil ki, 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Lakin elə olmadı. Azərbaycan Ordusunun əsgər və zabitləri, igid Vətən oğulları Füzulini qısa müddətdə sahibinə qaytarmağı bacardı. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin peşəkar hərbi əməliyyatla hədəfə irəlilədiyini, sözün əsl mənasında, XXI yüzilliyin müharibəsini apardığını təsdiqləyir. Füzulinin azad olunması Azərbaycan Ordusunun, cəmiyyətimizin özünə inamını daha da artırdı. Bu hadisə Ermənistan hərbi-siyasi rəhbərliyinin isterika vəziyyətinə düşməsinə səbəb olmuş, işğalçı ölkənin təcavüzkar silahlı qüvvələrinin “yenilməzlik” mifini darmadağın etdi. Füzulinin azad edilməsi ilə həm də Azərbaycan Ordusunun Şuşaya və digər işğal altında olan torpaqlara doğru böyük zəfər yürüşünün yeni mərhələsi başlandı”.

Parlamentari qeyd edib ki, dövlətimizin başçısı tərəfindən Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığı da yüksək qiymətləndirilib: “Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 25325 hərbçimiz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bundan başqa, dövlətimizin başçısının ötən il iyulun 31-də imzaladığı sərəncamla da hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan xalqının milli ruhu Füzulini necə geri qazandırdısa, dövlətin iqtisadi potensialı da Füzulini qısa zamanda cənnətməkana çevirəcək: “Bildiyiniz kimi, Prezident İlham Əliyevin tapşırıq və göstərişləri əsasında hazırda Füzuli rayonunda böyük bərpa və quruculuq işləri həyata keçirilir, insanlarımızınöz ata-baba yurdlarına köçürülməsi təmin olunur. Bu proses hazırda da davam etdirilir. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq”.

Oxşar xəbərlər