BDU-nun Hüquq fakültəsinin tələbələri “İqlim dəyişikliyi və insan hüquqları” müsabiqəsinin qalibi olublar


  • 2 Oktyabr 22:17

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri Ombudsman tərəfindən elan edilən “İqlim dəyişikliyi və insan hüquqları” müsabiqəsinin qalibi olublar.

E-huquq.az-ın məlumatına görə, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq gənclərin bu mövzu ilə bağlı araşdırmalar apararaq öz töhfələrini verməsi, habelə onların komanda işi bacarıqlarının inkişafı üçün Ombudsman Aparatı və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma yazı müsabiqəsi elan olunub.

Müsabiqə “İqlim dəyişikliyi və insan hüquqlarına gənclərin baxışı” (Youth Vision for Climate Change and Human Rights) şüarı ilə keçirilmişdir. Müsabiqə nəticəsində Hüquq fakültəsinin tələbələri və məzunları Minarə Rüstəmzadə, Nihad Musayev, Ayxan İsgəndərov, Aqşin İsgəndərzadə və Səyad Ələkbərovun təmsil etdiyi "Climate Defenders" komandası 1-ci yerə layiq görülmüşdür. Müsabiqədə İqlim dəyişikliyi və insan hüquqları haqqında yazı işi ilə yanaşı, mövzu barədə videoçarx da hazırlanıb.

Qalib komandanın üzvləri 2 oktyabr tarixində Ombudsman Səbinə Əliyeva tərəfindən “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda təşkil olunan Ombudsmanların Beynəlxalq Bakı Forumunda mükafatlandırılmışlar. Müsabiqə çərçivəsində qalib komanda tərəfindən hazırlanmış videoçarx forumda nümayiş etdirilib, daha sonra komandanın məruzəçisi Minarə Rüstəmzadə araşdırma yazı işi ilə bağlı nitq söyləyib.

Oxşar xəbərlər