Qız adı ilə tanış olduqları şəxsə qarşı quldurluq etməkdə təqsirləndirilənlərin məhkəməsi keçirilib


  • 13:41

Bakıda vətəndaşla qız adı ilə tanış olaraq ona qarşı quldurluq etməkdə təqsirləndirilən Məmixan Məmmədov, Sadiq Əzizov və Sultanə Həsrətovanın cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Məmixan Məmmədov ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxs Sultanə Həsrətovanı gecə klubundan tanıyırmış: "Sultanə ilə qeyri-rəsmi mümasibətimiz olub. Onu klubdan tanıyırdım. Bizimlə birgə qalırdı. Vüsal isə Sultanəyə görə gəlmişdi. Onlar "İnstagram"da danışırmışlar. Hadisə günü biz mənim evimdə 14 fevralı qeyd edirdik. Vüsal isə mənim evimə gələndə qorxuya düşdü. Çünki Sultanə ona deyibmiş ki, tək yaşayır. Evdə 3 nəfər gördü və dedi ki, biz bunu planlamışıq, o, bizi şikayət edəcək. Biz də onun qorxusunu gördük və arada münaqişə yarandı. Daha sonra onun kartından öz kartımıza 1100 manat pul köçürdük. Telefonunu da əlində aldıq. Saatını isə özü çıxarıb stola qoydu. Düzdür, münaqişə oldu, amma iddia olunan dəmir borudan istifadə etməmişik. Sonra isə Vüsal qapıdan çıxıb getdi. Onu Sultanə yola saldı. Məhəllədə mövcud olan kameraya da görüntüləri əks olunub".

Daha sonra dövlət ittihamçısı Rauf Malışov vaxtın az olması səbəbi ilə prosesi təxirə salmağı təklif edib.

Məhkəmənin növbəti iclası oktyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xətai rayonunda baş verib. Belə ki, Məmixan Məmmədov və Sadiq Əzizov "İnstagram" sosial şəbəkəsində özlərini "Fatimə" adı ilə təqdim edərək Vüsal Zeynalov adlı şəxslə tanış olublar. Onlar iş üzrə zərərçəkmiş olan Vüsalı "Sevgililər günü" yəni fevral 14-də kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə dəvət ediblər. İttiham aktında göstərilib ki, qrupun üzvü olan Sultanǝ Həsrətova Vüsal Zeynalovu qarşılayaraq həmin evə gətirdikdən sonra əvvəlcədən əldə edilmiş razılığa görə Məmixan Məmmədov və Sadiq Əzizov otağa daxil olaraq Məmixan Məmmədov özünü Sultanǝ Həsrətovanın əri kimi təqdim edib. Guya qısqanclıq zəminində Vüsal Zeynalovun Sultanǝ Həsrətova ilə mesajlaşmasını bəhanə gətirməklə ona yumruq təpik zərbələri ilə vuraraq xəsarətlər yetirib. Sadiq Əzizov isə əlində olan silah qismində istifadə etdiyi dəmir boru ilə Vüsal Zeynalovu vuraraq yüngül dərəcəli bədən xəsarətləri yetirib. Məmixan və Sadiq zərərçəkmişin smart qol saatını götürüblər, eyni zamanda Vüsalın pul kartından 999 manat, digər kart hesabından isə 196 manat pulu özlərinə göndərərək ümumilikdə 1.455 manat məbləğində ziyan vurublar.

Məmixan Məmmədova və Sultanə Həsrətovaya qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və Sadiq Əzizova isə 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər