Sənədlərin saxlanılmaq üçün qəbul edilməsi – Notariat hərəkəti


  • 30 Sentyabr 10:24

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən notariuslar tərəfindən 20 növdə notariat hərərkətinin aparılması nəzərdə tutulmuşdur ki, onlardan biri - sənədlərin saxlanmaq üçün qəbul edilməsidir. Notariuslar tərəfindən sənədlərin saxlanmaq üçün qəbul edilməsinin rəsmiləşdirilməsi qaydaları qeyd olunan Qanunun 84 və 85-ci maddələri ilə tənzimlənmişdir.

Bu hərəkətin aparılmasına zərurət o halda yaranır ki, istər fiziki şəxs, istərsə də hüquqi şəxs üçün hansısa bir sənədin təhlükəsiz şəraitdə saxlanılması zərurəti yaranır, lakin onun özünün bunun üçün kifayət qədər etibarlı imkanı və yaxud zəruri resursları mövcud olmur. Bu zaman həmin şəxs sənədin təhlükəsizliyini və əlçatmazlığını təmin etmək məqsədilə, sənədi saxlanılması üçün notariusa təhvil verməklə, həmin xidmətdən istifadə edə bilər. Belə olan halda, notarius müraciət edən şəxsin - fiziki və ya hüquqi şəxsin tələb etdiyi istənilən müddət ərzində saxlanılmaq üçün ona təhvil verilmiş sənədlərin təhlükəsiz şəraitdə saxlanmasını təmin edəcəkdir. O cümlədən, notarius müraciət edən şəxsin tələbi ilə saxlanmağa qəbul etdiyi sənədləri həmin şəxsə qaytaracaqdır.

Saxlanmaq üçün təqdim olunan sənədlərin növləri barədə onu qeyd etmək olar ki, istənilən növ sənəd notariusda saxlanıla bilər, lakin ən çox söhbət müxtəlif növ şəhadətnamələrdən, sertifikatlardan, mülkiyyət hüququna dair reyestrdən çıxarışlardan, borc öhdəliyini təsdiq edən sənədlərdən, yazılı sübutlardan, müqavilələrin əslindən və əqli mülkiyyət hüququnu təsdiq edən digər sənədlərdən gedir.

Notariuslar saxlanılması üçün onlara təqdim edilən sənədləri müraciət etmiş şəxsdən siyahı üzrə qəbul edirlər. Siyahı iki nüsxədə tərtib olunur və nüsxələr həm sənədləri saxlanılmaq üçün təhvil verən şəxs, həm də notarius tərəfindən imzalanır. Siyahının bir nüsxəsi notariusda, ikincisi isə sənədləri saxlanılmaq üçün təhvil vermiş şəxsdə qalır. Sənədlərin saxlanmaq üçün qəbul edilməsi siyahı tərtib olunmadan da aparıla bilər. Lakin bu halda saxlanmaq üçün təqdim edilən sənədlər, onları təhvil verən şəxs tərəfindən notariusun iştirakı ilə lazımi qaydada qablaşdırılmalıdır. Bundan sonra, qablaşdırma notariusun möhürü, notriusun özü və sənədləri saxlanılmaq üçün təhvil verən şəxsin imzaları ilə təsdiq edilməlidir. Sənədlərin saxlanılmaq üçün təhvil verilməsi rəsmiləşdirildikdən sonra, notarius tərəfindən sənədləri təhvil vermiş şəxsə qanunla müəyyən olunmuş formada şəhadətnamə verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan notariat hərəkətinin aparılmasına görə dövlət rüsumunun məbləği 10 manat təşkil edir.
Notarius tərəfindən saxlanılması üçün qəbul olunmuş sənədlər notariat ofisinin möhürü ilə möhürlənmiş dəmir şkaflarda və ya seyflərdə ayrıca qovluqda saxlanılır.

Sənədləri saxlanmaq üçün təqdim etmiş şəxsin özü və yaxud səlahiyyətli nümayəndəsi istənilən vaxt notariusdan sənədlərin geri qaytarlımasını tələb edə bilər. Bu zaman sənədlərin qaytarılmasını tələb edən şəxs notariusa müvafiq şəhadətnaməni və siyahının nüsxəsini təqdim etməlidir. Həmçinin, məhkəmənin qərarı ilə də notarusun üzərinə sənədlərin qaytarılması tələbi qoyula bilər.

Gündəlik təcrübədə qeyd olunan notariat hərəkəti ilə bağlı müraciətlərə nadir hallarda rast gəlinsə də, bəzi hallarla bağlı, misal üçün müəyyən müddətə yaşaması, əmək fəaliyyəti və s. ilə bağlı başqa ölkələrə getməsi zamanı şəxslər zəruri sənədlərinin təhlükəsiz şəraitdə saxlanılmasını təmin etmək məqsədilə notariusların qeyd olunan xidmətindən yararlana bilərlər.

Bəylər Məmişov

6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu

Oxşar xəbərlər

  • 30 Sentyabr 16:42
Baş nazir qərar imzaladı