Anar Bağırov: "Hüquq ekosistemi iqlim dəyişikliyi ilə mübarizədə əsas rol oynamalıdır"


  • 6 Sentyabr 11:09

"Məlum olduğu kimi ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişaf üçün müəyyən etdiyi beş milli prioritetdən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olaraq seçilmişdir. Bu prioritetə uyğun olaraq, ətraf mühitin yaxşılaşdırılması, yaşıllıqların bərpası və genişləndirilməsi, su ehtiyatlarının və dayanıqlı enerji mənbələrinin səmərəli istifadəsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Hazırda yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin əsas prioritetidir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Hüquq və İqlim" mövzusunda beynəlxalq konfransında deyib.

O bildirib ki, ölkəmizdə ekoloji problemlərin həllinə, bərpa olunan enerji mənbələrinin inkişafına və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinə xüsusi diqqət yetirilir: "Noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 Konfransı Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə oynadığı mühüm rolu bir daha təsdiqləyəcək. Belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinə üzv dövlətlərin yekdil qərarı verilməsi ölkəmizə beynəlxalq ictimaiyyətin böyük hörmət və etimadının, habelə iqlim dəyişmələrinin neqativ təsirlərinin qarşısının alınması işinə verdiyimiz töhfənin nəticəsidir. Məhz bu qeyd olunanlardan irəli gələrək 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Ölkəmizdə bu sahədə aparılan islahatlar, ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində nəzərəçarpacaq nəticələr verir. COP29 Konfransı iqlim dəyişikliyi ilə mübarizədə dünya dövlətlərinin bir araya gəlməsi və daha təsirli tədbirlər görməsi üçün vacib bir platformalardan biridir. Bu tədbir, həm hökumətlərarası danışıqlar, həm də vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, hüquqşünaslar, digər maraqlı tərəflər arasında da geniş dialoqun və iqlim dəyişikliyi və ekoloji sahədə fəaliyyət göstərən şəxslər arasında geniş və səmərəli dialoqlar üçün əsas zəmin rolunu oynayacaqdır".

A.Bağırov qeyd edib ki, hüquq ekosistemi iqlim dəyişikliyi ilə mübarizədə əsas rol oynamalıdır: "Hüquq mühafizə orqanları, məhkəmələr və eləcə də biz vəkillər birgə çalışmalı, qanunvericiliyin təkmilləşdirilməsi və iqlim dəyişikliyinin neqativ təsirlərinin qarşısının alınmasını təmin edilməsi üçün yeni yanaşmalar inkişaf etdirməliyik. Biz qanunun gücündən istifadə edərək, ətraf mühitin qorunmasına, ekoloji təhlükəsizliyin təmin edilməsinə və iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı qlobal səviyyədə daha təsirli tədbirlər görməliyik".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər