Vəkillər Kollegiyasının sədri: "Müasir dövrdə iqlim ədaləti məsələsi daha da aktuallaşır"


  • 6 Sentyabr 11:14

"Müasir dövrdə iqlim ədaləti məsələsi daha da aktuallaşır. İqlim dəyişikliyi ilə insan hüquqları arasındakı əlaqə iqlim ədaləti anlayışını ön plana çıxarır".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Hüquq və İqlim" mövzusunda beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, iqlim ədaləti iqlim dəyişikliyinin təsirlərini ədalətli şəkildə həll etmək və bu təsirlərdən ən çox təsirlənən qrupların hüquqlarını qorumaq məqsədi daşıyır. İqlim dəyişikliyinin yaratdığı problemlərin qlobal səviyyədə daha ədalətli şəkildə həlli üçün hüquqi çərçivələrin və beynəlxalq müqavilələrin rolu böyükdür. Qanunun müsbət mənada gücü ilə biz ətraf mühitin qorunmasına, ekoloji təhlükəsizliyin təmin edilməsinə və gələcək nəsillər üçün daha yaşıl bir dünya qurmağa töhfə verə bilərik.

"Bu gün burada bizim vəzifəmiz, yalnız mövcud problemləri müzakirə etmək deyil, həm də bu problemlərin həlli yollarını tapmaq və gələcək nəsillər üçün daha təhlükəsiz və ədalətli bir dünya qurmaqdır. Nəzərinizə çatdırmaq istərdim ki, Vəkillər Kollegiyası olaraq biz “ekosid” cinayətinin Cinayət Məcəlləmizə əlavə olunmasını publik qaydada təklif edib, bu məsələ ilə bağlı Milli Məclisə layihə təqdim edən ilk qurumlardan biriyik. Bu istiqamətdə səylərimizin nəticə verəcəyinə inanır və hər birinizə bu mühüm işdə uğurlar arzulayıram", - deyə A.Bağırov qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər