Məhkəmə-Hüquq Şurasının sədri: "Azərbaycan iqlim dəyişiklərinin qarşısının alınmasında əvəzsiz töhfələrini verməkdədir"


  • 6 Sentyabr 10:37

"Hüququn yaranması hüquqşünasların fəaliyyətindən asılı olduğu kimi, onun tətbiqində də hüquq peşəsinin nümayəndələrinin rolu əsasdır. Bu prosesdə vəkillərin, prokurorların, hakimlərin, ədliyyə işçilərinin, hüquq müdafiçilərinin, elm xadimlərinin və digər hüquq peşə sahiblərinin əlaqəli fəaliyyəti qəbul edilmiş hüququ səmərəli edir. Bu baxımdan bugünkü “Law and Climate” tədbirinin məqsədi hüquq ictimaiyyətini bir araya gətirməklə, diqqəti iqlim dəyişikliyi probleminə cəlb etmək, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə müzakirələr aparmaqla məsələni gündəmdə saxlamaqdır".

E-huquq.az xəbər verir ki, bu sözləri Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov “Hüquq və İqlim” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, fəaliyyətləri bir-biri ilə əlaqəli olan hüquq peşəsinin sahibləri bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və tətbiqində, eləcə də məhkəmə təcrübəsinin formalaşdırılmasına, iqlim dəyişikliyi ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsində vacib rola malikdirlər. Bütün hüquq institutları ekoloji cinayətkarlıqla mübarizədə effektiv olduqları kimi, təbiəti mühafizə sahəsində də yeni hüquq münasibətlərinin yaranmasının təşəbbüskarı kimi çıxış edirlər. Nəticə etibarilə hüquqi yanaşmaların da paralel olaraq inkişaf etməsinə təkan verirlər.

İ.Kərimovun sözlərinə görə, “Hüquq və İqlim” mövzusunda beynəlxalq konfrans Azərbaycan Respublikası tərəfindən iqlim dəyişiklərinin qarşısının alınması üçün qəbul edilmiş səylərin və tədbirlərin təqdimatında səmərəli olacaq: "Dünyada gedən proseslərə hər zaman müsbət töhfəsini verən ölkəmiz də iqlim dəyişikliyi ilə mübarizədə həmrəylik nümayiş etdirir. Azərbaycan iqlim dəyişiklərinin qarşısının alınmasında, beynəlxalq hüququn formalaşmasında əvəzsiz töhfələrini verməkdədir və beynəlxalq təsəbbüslərin irəli sürülməsində qabaqcıl ölkələrdən biridir. İnanırıq ki, bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29 kimi mötəbər beynəlxalq tədbir iqlim dəyişikliyi ilə mübarizə sahəsində vacib qərarların, qlobal təşəbbüslərin və beynəlxalq hüquqi sənədlərin qəbul edilməsinə şahidlik edəcəkdir. Ümid edirəm ki, bugünkü konfrans da iqlim dəyişikliyi ilə bağlı Azərbaycanın bu sahədə təşəbbüslərinə və dünyada gedən proseslərə hüquq ictimaiyyətinin diqqətini çəkməklə effektiv hüquqi müzakirələrə yol açacaq və bu sahədə görülən işlərə öz töhfəsini verəcəkdir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər