"İcra məmuru icra sənədinin tələblərindən kənara çıxır"


  • 25 İyul 16:46

"İcra sənədinin izah olunmasına dair məhkəməyə müraciət edildiyi halda icra məmuru qanunvericiliyin tələbinə əməl etmir və icra prosesini davam etdirir. Bundan başqa, icra sənədinin tələblərindən kənara çıxır".

Bu barədə "Hayat Palace" QSC-nin baş direktoru Pərviz Hüseynov e-huquq.az-a müraciətində bildirib.

Onun sözlərinə görə, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında yerləşən "İzmir" restoranının mülkiyyətçisi Yasamal Rayon Məhkəməsinə müraciət edərək "Hayat Palace"ın restorana və onun altındakı əraziyə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunda maneə yaratdığını bildirib və bağlanmış avtomobil yolunun açılmasını tələb edib. Məhkəmə həmin iddianı təmin edib.

"Məhkəmə bizim üzərimizə öhdəlik qoyub ki, "İzmir" restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün guya "Hayat Palace"
QSC tərəfindən bağlanmış avtomobil yolunu açaq. Qeyd olunub ki, yoldan sərbəst istifadə üçün "Hayat Palace" QSC tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Halbuki qarşı tərəfin maneə hesab etdiyi hasar bizim yox, başqa bir şirkətin mülkiyyətində olan əraziyə düşür. Orada hasar əvvəldən olub və "Star Construction" MMC-nin mülkiyyətindədir. Belə olan halda bizim üzərimizə belə bir öhdəlik qoyulması əsassızdır. Təəssüf ki, vaxtilə bu mübahisəyə baxılarkən məhkəmə həmin sahənin mülkiyyətçisi olan "Star Construction" MMC-ni işə cəlb etməyib", - deyə baş direktor qeyd edib.

P.Hüseynov deyib ki, həmin qətnamənin könüllü icrası haqqında cavabdehə bildiriş göndərilməyib: "İcra sənədində hansı avtomobil yolundan bəhs edildiyi, avtomobil yolunun mövcudluğu, avtomobil yolu üçün hansı maneələrin aradan qaldırılması aydın şəkildə göstərilməyib və bunun izahına ehtiyac yaranıb. Odur ki, icra sənədinin izah olunmasına dair Yasamal Rayon Məhkəməsinə müraciət etmişik. Həmin müraciətin nüsxəsini Yasamal Rayon İcra şöbəsinə ərizə ilə göndərmişik. Şöbə rəhbərliyinə və icra məmuru İlqar Allahverdiyevə rəsmi şəkildə məlumat vermişik. Buna baxmayaraq, icra prosesi dayandırılmayıb və qərəzli şəkildə tələsik həmin əraziyə fəhlələr göndərilib. Problem bununla da bitmir. Məsələ ondan ibarətdir ki, icra məmuru bununla kifayətlənmir, hətta icra sənədindən kənara çıxır. Belə ki, olmayan məhdudiyyətləri aradan qaldırmaqla yanaşı, həmçinin asfalt yolu sökərək yeraltı naqilləri çıxarmaq istəyir. Həmin naqillər isə həm binaya, həm də digər obyektlərə elektrik enerjisinin verilməsini təmin edir. Həmin sahənin altından elektrik xətləri, su və qaz borularının keçməsi barədə məlumat versək də, icra məmuru buna əhəmiyyət vermir. Söküntü işləri təhlükəsizlik qaydalarına əməl olunmadan həyata keçirilir. Hesab edirik ki, icra məmuru öz səlahiyyətlərindən kənara çıxır. Bu hərəkətləri ilə həm bizim, həm də digər mülkiyyətçinin əmlakına ziyan vurur. Baş Prokurorluğun və Ədliyyə Nazirliyininin rəhbərliyindən xahiş edirəm ki, bu məsələ nəzarət götürülsün".

Oxşar xəbərlər