Ağadadaş Ağayevin vəkili: "Həmin mühafizəçi əvvəllər dəfələrlə məhkum olunub"


  • 25 İyul 12:17

"Ağadadaş Ağayev video görüntülərdən göründüyü kimi, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və buna görə də ciddi həkim nəzarəti altında müalicəsini davam etdirir".

Bunu e-huquq.az-a açıqlamasında Ağadadaş Ağayevin vəkili Asim Abbasov deyib.

O bildirib ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Vəkilin sözlərinə görə, A.Ağayev həmin gün gecə saatlarında “Medera” Hospitalında qulaq nahiyəsindən ağır əməliyyat keçirib: "Həmin gecəni ağrıdan səhərə qədər yatmayıb, səhər isə yenidən qulağında şiddətli ağrılar yaranıb. Ağrılar dözülməz olduğu üçün o, eyvana çıxaraq “Medera” Hospitalının mühafizəçisindən köməklik istəyib, ondan həkim çağırmasını xahiş edib. Mühafizəçinin laqeyd münasibəti, daha sonra isə təhqiramiz ifadələri və təhrikedici hərəkətləri nəticəsində tərəflər arasındakı münasibət gərginləşdirib".

"Bundan başqa daha əvvəl dəfələrlə məhkum olmuş qarşı tərəf N.Cəlilov 2013-cü il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında AR CM-nin 144-cü maddəsi (adam oğurluğu) ilə təqsirli bilinərək 9 il müddətində azadlıqdan məhrum edilmişdir. O, həbsdən yeni çıxmışdır. Həmçinin N.Cəlilov daha əvvəl də Rusiya Federasiyasında “xuliqanlıq” maddəsi ilə məhkum edilmişdir", - A.Abbasov əlavə edib.

Vəkil qeyd edib ki, A.Ağayev bir neçə ildir ki, ciddi onkoloji xəstədir, mütəmadi olaraq ağır dərmanlar qəbul edir, bu səbəbdən də həm fiziki, həm də psixoloji vəziyyəti daimi gərginlik altındadır.

A.Abbasov hazırda iş üzrə zəruri istintaq hərəkətlərinin davam etdirildiyini bildirib: "Bu müddət ərzində kütləvi informasiya vasitələrini və media subyektlərini doğruluğu təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə səsləyirəm. Yayılmış video görüntü baş vermiş hadisənin sadəcə bir epizodunu əks etdirir. İş üzrə istintaq başa çatdıqdan sonra həmin epizoda qədər və ondan sonra da olan hadisələri özündə əks etdirən video görüntü və iş üzrə əhəmiyyət kəsb edən digər detallar ictimaiyyətə təqdim ediləcək. Bununla da əsl həqiqət hamıya məlum olacaq".

Oxşar xəbərlər