- 11 Aprel 19:05
Daşıyıcısı olduğunuz bu peşənin şərəfini qorumaq hər birinizin üzərinə düşən başlıca vəzifədir. Bu vəzifəni hədəflədiyiniz istiqamət üçün seçdiyiniz yolda addımlayan zaman bir yük kimi daşıyacaqsınız.
Yükünüz ağır olacaq, bunu əsla unutmayın. Bu ağırlığa dözmək də çətin olacaq, elə bir çətinlik ki, siz dəyərli olan zamanınızı, hətta bəzi hallarda sağlamlığınızı xərcləməli olacaqsınız.
Bu yolda daşıdığı yükün ağırlığına dözməyib onu daşımaqdan imtina edən də, bu yükü başqa niyyətlə daşıyan da qarşınıza çıxacaqdır, bu əsla sizi rahatsız etməsin. Çünki uğurlu nəticə çətin sınaqlardan keçir, çəkilən hər bir zəhmətin sonu sevinclə tamamlanan kimi, sizin zəhmətiniz də vaxtı çatanda sevinclə tamamlanacaqdır, amma çəkdiyiniz zəhmətin düzgün və qanuni olmasına mütləq fikir verin...
Qarşınızda müxtəlif yollar açılacaq, bu yollar digər yollardan fərqli olaraq öncədən sonu müəyyənləşən, daha doğrusu sonu görünən yollardır. Odur ki, yol seçimində elə bir çətinliyiniz olmayacaq, yetər ki, seçim niyyətiniz çətin olmasın, düzgün və qanuni olsun. Niyyətiniz sizə yol seçimində birbaşa təsir gücünə malik olan başlıca vasitədir. Qarşınızdakı yolların nəticəsi də öncə görünəndir, odur ki, yolu nəticəyə görə seçməyin, yanılarsınız.
Unutmayın, müştərini yol deyil nəticə maraqlandırır, siz nə qədər də müştərinin maraqlarından çıxış etsəniz, onun maraqlarını üstün tutsanız belə sizi nəticə maraqlandırmamalıdır, yol maraqlı olmalıdır. Çünki gedəcəyiniz yolun hər bir çətinliyini, hər bir sevincini siz yaşayacaqsınız, bu sizə xidmət haqqı ödəyən müştərini çox da maraqlandırmır. Odur ki, onu da maraqlandıran nəticə sizi yalnız özününüzün bildiyi və qəbul etdiyi həddə maraqlandırmalıdır. Siz müştərinin istədiyi nəticəyə uzanan yolu gedənsiniz, odur ki, bu yolu müştərinin seçiminə görə deyil, öz peşənizin tələblərinə və öz biliyinizə arxalanaraq seçin.
Başlanğıc üçün sizi nəticə (daha çox maddi maraq) maraqlandırsa o zaman yol seçiminin əhəmiyyəti qalmayacaq. Nəzərə alın ki, nəticəyə gedən yol əksər hallarda aldadıcı olur, zinət əşyasının parıltısı kimi gözlərinizi qamaşdıra, şüurunuzu özünüzdən və arzularınızdan xəbərsiz halda oğurlaya bilər. Bu parıltı şərəfli peşənin şərəfli daşıyıcısı kimi sizi yolunuzdan azdırmasın, çünki bu parıltı müvəqqətidir, bu parıltı sizi batdıqca batılan bir bataqlığa çəkməkdən başqa bir şey deyil. Bunu sonunda olsa belə anlayacaqsınız, odur ki, sonunuzu indidən düşünün. Sizin olmayan bir şey uğrunda sizin olan zamanı, sağlamlığı, doğmalığı, münasibəti xərcləməyin.
Paşa Səfərov
Vəkillər Kollegiyasının Deontologiya Komitəsinin sədri