- 11 Aprel 19:05
"Ötən il Ədliyyə Akademiyasında 1000-dən artıq vəkil peşəkar təlimlərdə iştirak edib".
E-huquq.az-ın xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov aprelin 9-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Vəkillər Kollegiyası arasında pulsuz hüquqi yardım sahəsində əməkdaşlıq memorandumunun imzalanması zamanı deyib.
Sədr bildirib ki, imzalanan əməkdaşlıq memorandumu pulsuz hüquqi yardım sahəsinin təkmilləşdirilməsində və vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılmasında mühüm rol oynayacaq. Bu əməkdaşlıq həm də gənc hüquqşünasların peşəkar hazırlığı, praktiki bilik və bacarıqlarının inkişafı baxımından çox əhəmiyyətlidir.
Anar Bağırov aztəminatlı və hüquqi yardıma ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardımın göstərilməsinin Kollegiyanın prioritet istiqamətlərindən biri olduğunu və Ədliyyə Akademiyası ilə birgə layihələrin bu sahədə əhəmiyyətli nəticələr verəcəyinə əminliyini ifadə edib.
Ədliyyə Akademiyası ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr Akademiyada birgə əməkdaşlıq çərçivəsində ötən il 1000-dən artıq vəkilin müxtəlif mövzularda təşkil olunmuş peşəkar təlimlərdə iştirak etdiyini diqqətə çatdırıb: “Bu, vəkillərin bilik və bacarıqlarının daim yenilənməsi və onların peşəkarlıq səviyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
Eyni zamanda Anar Bağırov qeyd edib ki, 2024-cü il ərzində Kollegiya tərəfindən ölkə üzrə ümumilikdə 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib: “Bu fəaliyyət əhalinin sosial həssas təbəqələrinin hüquqlarının müdafiəsinə yönəlib və hüquqi yardımın əlçatanlığını təmin etmək məqsədi daşıyır. Həmçinin ötən il həyata keçirilən pulsuz hüquqi yardım aksiyalarından 24-ü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müəssisələrində məhkumlar, 3-ü isə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin yerli qurumlarının qeydiyyatında olan şəxslər üçün təşkil olunub. Bu təşəbbüslər vəkillik institutunun sosial məsuliyyət prinsiplərinə əsaslanan fəaliyyətinin bariz nümunəsidir”.