- 13:00
“Məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Vəkillər Kollegiyasının üzvləri arasında yeni bir dövr başlayır”.
Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının Deontologiya Komitəsinin sədri Paşa Səfərov deyib.
O, Vəkillər Kollegiyasında yaradılacaq yeni işçi qruplar barədə məlumat verib.
“Ölkəmizdə ilk dəfə olaraq, hətta bunu xarici ölkə təcrübələrini də əlavə etsək, bir ilk saymaq olar, vəkillərlə hakimlər, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları arasında etik məsələlərə dair əməkdaşlığa dair İşçi Qrupu fəaliyyət göstərəcək. Belə ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin ötən gün keçirilən iclasında “Məhkəmə, hüquq mühafizə orqanları və vəkil peşələri arasında etik məsələlər üzrə əməkdaşlığa dair” İşçi Qrupunun yaradılması və vəkil üzvlərinin təyin edilməsi ilə bağlı Deontologiya Komitəsindən müraciətə baxıldı. Rəyasət Heyəti tərəfindən "Məhkəmə orqanları ilə etik davranış qaydaları üzrə əməkdaşlığa dair" və "Hüquq mühafizə orqanları ilə etik davranış qaydaları üzrə əməkdaşlığa dair" İşçi Qruplarının yaradılması qərara alındı”, - Komitə sədri bildirib.
P.Səfərov qeyd edib ki, sözügedən işçi qruplarının yaradılması həm hakim, həm də hüquq-mühafizə orqanlarına aid peşə sahibləri arasında istər peşə fəaliyyətini həyata keçirən zaman, istərsə də peşə fəaliyyətindən kənar münasibətlər zamanı etik və davranış qaydalarının tələbləri çərçivəsində qarşılıqlı hörmət və sayğının göstərilməsi, bu sahədə müvafiq təbliğat və görüşlərin təşkil edilməsi üçün mühüm əhəmiyyət daşıyır.
“Təbii ki, görülməsi nəzərdə tutulan işlər mütləq şəkildə istər peşə daşıyıcılarının, istərsə də cəmiyyətin həm məhkəmə hakimiyyətinə, həm hüquq mühafizə orqanlarına, həm də vəkilliyə olan müsbət baxışını artırmış olacaq”, - deyə o bildirib.
Şəbnəm Mehdizadə