- 11:52
"Ailə, cəmiyyətin ən fundamental institutu və onun davamlı inkişafının əsas dayaqlarından biridir. Hüquqi baxımdan ailə insan hüquq və azadlıqlarının təmin olunduğu, sosial ədalətin qorunduğu ilk mühitdir. Məhz güclü ailə institutları sağlam cəmiyyətin formalaşmasına və dövlətin sabitliyinə töhfə verir. Azərbaycan dövləti ailə dəyərlərini qorumaq və onun möhkəmləndirilməsini təmin etmək üçün dövlət siyasətini müəyyən edir".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Sədr qeyd edib ki, müstəqil Azərbaycanda dövlətin ailə, qadın və uşaq sahəsindəki siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.
"O, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq qeyd etmişdir ki: "Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur". Məhz onun rəhbərliyi dövründə ailələrin sosial problemlərinin həlli istiqamətində prinsipial və davamlı tədbirlər görülüb, ailə münasibətlərini tənzimləyən müasir, milli dəyərlərə və beynəlxalq praktikaya əsaslanan qanunvericilik bazası yaradılıb. Azərbaycan Respublikasının Konstitusiyasında ailə, cəmiyyətin əsas özəyi kimi müəyyən olunub və dövlətin himayəsində olduğu bildirilib. Bununla da dövlət ailənin qorunmasına, onun sosial quruluşunun və nüfuzunun müdafiəsinə təminat verib", deyə - A.Bağırov bildirib.
O deyib ki, Ulu Öndərin ailə sahəsindəki siyasəti bu gün Prezident cənab İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurlu davam etdirilir: "Cənab Prezidentin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsi bu sahədə aparılan islahatların daha da dərinləşməsinə mühüm töhfə verməkdədir. Sərəncamda vurğulandığı kimi insan hüquqlarının təmin edilməsi və sosial rifahın yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu kontekstdə ailə institutunun qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və müvafiq dövlət proqramlarının icrası xüsusi əhəmiyyət kəsb edir".