- 18:49
25-26 fevral 2025-ci il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə Avropa Şurasının (AŞ) Bakıdakı Ofisinin birgə əməkdaşlığı ilə AŞ-nin 2022-2025-ci illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının tərkib hissəsi olan "Azərbaycanda media peşəkarlığı və informasiya azadlığının təşviqi" layihəsi çərçivəsində ARVK üzvləri üçün əyani formada informasiya əldə etmək standartları üzrə 2 günlük təlim keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
AŞ-nin eksperti Nevena Ruzic tərəfindən aparılan təlimin məqsədi vəkillərin informasiyaya çıxışla bağlı beynəlxalq hüquqi standartlar barədə anlayışlarını artırmaq, xüsusilə, Avropa Şurasının Rəsmi Sənədlərə Çıxış Haqqında Konvensiyası (Tromsø Konvensiyası) və Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) müvafiq məhkəmə təcrübəsi barədə ətraflı təhlil və izahlar diqqətə çatdırılıb.
İştirakçılar interaktiv müzakirələrdə və praktiki işlərdə iştirak edərək Azərbaycanda informasiyaya çıxış qanunvericiliyinin tətbiqini araşdırıblar.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.
Qeyd edək ki, təlimdə ARVK-nın 25 üzvü iştirak edib.