Vəkillər Kollegiyasının nümayəndə heyəti Avstriyada CCBE-nin PECO Komitəsinin iclasında iştirak edib - FOTO


  • 28 Fevral 11:28

Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) "Mübadilə, əməkdaşlıq və dəstək platforması" (PECO) Komitəsinin növbəti iclası keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

İclasda CCBE-yə üzv olan qurumlar və müşahidəçilər tərəfindən hesabatlar təqdim olunub. Burada vəkillik peşəsindəki cari vəziyyət, eləcə də çoxsaylı ölkələrin ədalət sistemlərində baş verən son dəyişikliklər barədə yenilənmiş məlumatlar paylaşılıb.

Həmçinin ARVK-nın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə Kollegiyanın son illərdəki fəaliyyəti və bu dövrdə görülən işlərin vəkillərin sayının artımına və cəmiyyətdə peşənin nüfuzunun yüksəlməsinə birbaşa müsbət təsiri haqqında ətraflı hesabat təqdim edib. Hesabat zamanı vəkillik institutunun gücləndirilməsi, vəkillərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, vəkillərin hüquqlarının qorunması, habelə hüquq sistemində vəkillərin rolunun artırılması və vətəndaşların hüquqi yardıma çıxış imkanlarının genişləndirilməsi istiqamətində aparılan islahatlardan bəhs edilib. Eyni zamanda beynəlxalq hüquq cəmiyyətlərində vəkillərin fəal iştirakının təmin edilməsi üçün müxtəlif əməkdaşlıq proqramlarının həyata keçirildiyini vurğulanıb.

Hesabat təqdimatından sonra ARVK-nın nümayəndə heyətinin üzvləri iclas iştirakçılarının suallarını cavablandırıb, şəffaf müzakirələr aparılıb.

Müzakirələr zamanı Kollegiya sədri Anar Bağırov vəkillik peşəsinin tamamilə müstəqil olduğunu bildirib. Sədr nəzərə çatdırıb ki, ARVK maliyyə cəhətdən tam müstəqildir və heç bir dövlət, özəl və xarici təşkilatdan maliyyə dəstəyi almır. Kollegiyanın maliyyələşməsi yalnız vəkillik fəaliyyətindən əldə edilən vəsaitlər hesabına həyata keçirilir ki, bu da vəkilliyin tam müstəqil fəaliyyət göstərməsinə zəmanət verir. Anar Bağırov bu müstəqilliyin hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına və vətəndaşların ədalət mühakiməsinə çıxışının daha da təkmilləşdirilməsinə xidmət etdiyini qeyd edib.

Həmçinin iclasda bəzi ölkələrdə ödənişsiz hüquqi yardımın ƏDV-yə cəlb olunması məsələsi də müzakirə edilib. Bu mövzuda ARVK Rəyasət Heyətinin üzvü, ARVK-nın PECO-dakı səlahiyyətli nümayəndəsi Elçin Usub çıxış edərək öz qeyd və təkliflərini səsləndirib. O, ölkəmizin bu sahədəki təcrübəsini və regiondakı cari vəziyyəti izah edərək, ödənişsiz hüquqi yardımın əlçatanlığı baxımından bu cür vergi tətbiqlərinin potensial mənfi təsirləri barədə fikirlərini bölüşüb.

Daha sonra iclasın gündəliyindəki digər məsələlər müzakirə olunaraq fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər