Qəbələdə Beynəlxalq Qış Hüquq Məktəbinin VI buraxılışı keçirildi - FOTO


  • 20 Fevral 12:36

9-16 fevral tarixlərində Qəbələ şəhərində ELSA Azərbaycanın təşkilatçılığı, “Turan Legal and Tax Services”, “Legalize”, “BM Morrison Partners” və “KPMG Law Azərbaycan” kimi nüfuzlu hüquq şirkətlərinin əməkdaşlığı və maliyyə dəstəyi ilə müqavilə hüququna həsr olunmuş “WELS Gabala 2025” Qış Hüquq Məktəbi keçirilib.

E-huquq.az-ın məlumatına görə, tədbirin açılış mərasimində ELSA Azərbaycanın prezidenti Nazim Çələbiyev, Təşkilat Komitəsinin sədri Tünzalə Mustafazadə və akademik proqram üzrə məsul şəxs Mədinə Nağıyeva çıxış edərək bu tədbirin müqavilə hüququ sahəsində maarifləndirmənin artırılması baxımından əhəmiyyətini vurğulayıblar.

Tədbir müqavilə hüququ sahəsində aktual mövzuların müzakirəsi və gənc hüquqşünasların bilik və bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda xarici iştirakçıların sosial proqramlar vasitəsilə şəbəkələşməsini təmin etmək məqsədini daşıyıb.

Qış məktəbi çərçivəsində müxtəlif hüquqşünaslar və ekspertlər müqavilə hüququnun müxtəlif aspektlərinə dair məruzələrlə çıxış edib. Tədbirin sonunda isə iştirakçılar üçün praktiki biliklərin inkişafına yönəlmiş müqavilə mübahisələri üzrə simulyasiya təşkil olunub.

Eyni zamanda Avropanın müxtəlif ölkələrindən gəlmiş iştirakçılar 7 gün ərzində təşkil olunmuş mədəni proqramlarda iştirak edərək Azərbaycanın zəngin mədəniyyəti ilə yaxından tanış olublar.

Oxşar xəbərlər