Müdafiə hüququn mayasıdır!


  • 18 Fevral 11:47

Güvənə biləcəyimiz tək şey müdafiəmizdir, xəyal etdiyimiz deyil, qurduğumuz müdafiə...

“...heç kəsi ittihamçıları ilə üz-üzə görüşdürmədən və ona bu ittihamların qarşısında özünü müdafiə etmək imkanı vermədən kimlərisə razı salmaq xatirinə ittihamçılarının əlinə vermək olmaz.”

Əhdi-Cədid, “Həvarilərin işləri”, 25:16

“Taun” əsərində Kamyu yazırdı: “... ona mane olan əsas cəhətlərdən biri özünün də çox arxayın olmadığı “hüquq” sözünü işlətmək idi.” Müəllifin ehtiyyatla yanaşdığı “hüquq” günümüzdə cəmiyyətin və dövlətin inkişafında müstəsna rola malikdir, lakin bu zərurət “hüququ” heç də birmənalı şəkildə diqqətə çatdırmır.

İnsanlar “hüququ” müxtəlif baxış bucaqlarından “arzulanan” və “təqdim olunan” olmaqla quruplara ayırır və burada hər ikisini zəruri sayaraq hərəkətdə “arzulanan hüquq”u, müdafiəfidə isə “təqdim olunan hüquq”u seçirlər. Lakin seçimlərdən fərqli olaraq “arzulanan hüquq”la “təqdim olunan hüquq” arasında müvafiq əks qütblərin olduğu danılmazdır ki, “arzulanan hüquq” heç də “təqdim olunan hüquq” siyahısına düşə bilmir, nəticədə insanların hərəkətdə seçdikləri “arzulanan hüquq” istənilmədən “təqdim olunan hüquq”a çevrilir.

Eyni zamanda “təqdim olunan hüquq” da “arzulanan hüquq” kimi sərbəst dolaşmır, çərçivə daxilində, amma güvənli formada fəaliyyət göstərir. Nəticə olaraq “arzulanan hüquq” “təqdim olunan hüquq” içərsində qismən də olsa məskən tapa bilir, amma bu məskən heç zaman öz yeri ilə kifayətlənməyərək daha geniş ərazilər iddiası ilə çıxış edir. Bu normaldır! Çünki “hüquq” da insan faktoru kimi inkişafdadır və bu inkişafın bir qolu da artımdır, nə qədər qəribə səslənsə də insan sayı artıqsa “hüquq”un əhatə dairəsi də artır. Bu artımın işığında “arzulanan hüquq”un “təqdim olunan hüquq” daxilində artımı birbaşa müdafiədən asılıdır, çünki müdafiə olmasa “arzuolunan hüquq” etibarlı və effektli olmayacaqdır.

Hüququn mayasını müdafiə təşkil edir, bəli, düz eşitdiniz, müdafiə! Çünki hüququn mövcudluğu dərhal müdafiəni meydana gətirir, çünki hüquq sərhədsiz anlayışdır, onun sərhədləri nə qədər çox çəkilsə də o sərhəd içərsində sərhədsiz bir vəziyyət yaradacaqdır. Eynən kainat kimi! Bu sərhədsizliyin içində hüquqdan sui-istifadə hallarının mövcudluğu danılmazdır, axı, burada insan faktorundan söhbət gedir. Məhz baş verəcək sui-istifadə hallarının vaxtında qarşısını almaq üçün müdafiə nəinki hazır olmalı, mütləq şəkildə mövcud olmalıdır.

“Müdafiə”nin sərhədlərinə gəlincə, bu vəkillik fəaliyyəti ilə məhdudlaşmır, daha geniş sahəni əhatə edərək bura hər bir şəxsi, o cümlədən dövləti də daxil edir, yəni müdafiə institutu həm insanlar, həm də insanların yaratdıqları dövlətlər tərəfindən həyata keçirilə bilər, sadəcə mərhələ fərqi mövcuddur, vəkilliyə isə “peşəkar müdafiə” mərhələsi düşür. Məhz “peşəkar müdafiə” termini “hüquq” təyinatında fərqli baxışların meydana gəlməsi nəticəsində özünü tarixin müxtəlif mərhələlərində müxtəlif - “özünü müdafiə” və digər adlarla nümayiş etdirmək zərurətində qalmışdır.

“Özünü müdafiə” şəxsin özünün müdafiəsini seçmək imkanından yararlanması anlamını daşıyır ki, burada “müdafiə” anlayışına şəxsin hansı baxış bucağından baxdığı çox önəmlidir. Hüquqa baxış fərqli olduğu kimi “müdafiə”yə də baxış fərqlidir, bu baxışda “mənfi” və “müsbət” kimi qarşı-qarşıya dayanmış seçimlər belə bəzən aciz duruma düşür. Yenə burada hüququn sərhədsizliyi və öz sözünü deməkdədir, müdafiə də sərhədsizliyə çevrilir. Elə bir sərhədsizliyə ki, burada nəinki insan faktoru, hətta təbiət qanunlarının səlahiyyətə malik olması qədər müdafiə mövcud olur. Yəni bəşər inkişafı boyunca insan müdafiəsi tək insandan deyil, Tanrıdan tutmuş təbiət hadisələrinə qədər səlahiyyətli şəxs tərəfindən həyata keçirilə bilən sayılmışdır. Məsələn, xristinalığın ilk illərində cinayət törətmiş müəyyən insanlar özlərini özləri tərəfindən müdafiə etməkdən imtina edirdilər, çünki onlar öz müdafiələrini Tanrıya həvalə edirdilər (“Zəbur”, 35:23) və onların müdafiələrini lazım bildiyi halda Tanrı mütləq şəkildə həyata keçirəcəkdir, yəni “özünü müdafiə” Tanrının yardımını seçməklə, özünü müdafiə etməkdən imtina idi. Lakin bəzi insanlar insanlar isə Bulusun hakim Feliks qarşısında “özümü müdafiə etməyə hazıram” (“Həvarilərin işləri, 24:10”) deməsi işığında “özünü müdafiə”də şəxsin özünü müdafiə etməsinin zəruriliyinə əsaslanırdılar. Təbii ki, bu seçimlər tarixin müxtəlif mərhələlərində dəyişikliklərə məruz qalaraq inkişaf adı altında müxtəlif istiqamətlərə üz tutdular. Günümüzə gəlincə isə, “özünü müdafiə” üçün “hüquq” zəruridir, eləcə də “hüquq” üçün “özünü müdafiə” və bu qarşılıqlı fəaliyyətdə “müdafiə” imkanında “peşəkar müdafiə” seçiminin olması bir növ “arzulanan hüquq”un inkişafıdır.

“Müdafiə”də əsas məsələsə münasibətin düzgün qiymətləndirilməsi və qiymətli hesab olunan münasibətin düzgün dəyərləndirilməsidir. Burada seçimlər nəticəyə görə fərqlənir, eyni nəticə daşıyan seçimlər bir-birindən elə də fərqlənmirlər. Bu ikinin ikiyə vurulması, yaxud toplanması kimi bir şeydir, hər ikisində nəticə eynidir, dörd! Müxtəlif nəticələr daşıyan seçimlər isə müxtəlifdir, burada bəzən kimin doğru olub-olmaması elə də əhəmiyyət daşımır, əsas məsələ həqiqətdir; baş verənlərin düzgün çatdırılması və bu çatdırılmaya münasibətdə düşünülən yanaşma. Lakin bu seçimin özü təhlükəli vəziyyətdir, elə bir təhlükə ki, burada ədalət balansının pozulması qaçılmazdır. Odur ki, nəticənin müxtəliyliyi işığında seçimin müxtəlifliyi “müdafiə”nin özülünə zərbə vurmamalı, onu yaralamamalıdır.

“Müdafiə” tək qanunların verdiyi imkanlardan yararlanmaq deyil, eyni zamanda qanunun özünün yaradılmasıdır. Unutmaq olmaz ki, qanunun yoxluğu hüququn yoxluğu deyil, amma müdafiənin yoxluğuna birbaşa dəlalət edir. Odur ki, müdafiə qanuna əsaslanıb parlamaqla daha etibarlı sayılmaqdadır. Etibarlı sayılan müdafiə isə hər zaman hüququn üstünlüyünə xidmət etmiş olur. Nəticə olaraq qanunu yaradan, qanunu tətbiq edən, qanunu nəzarətdə saxlayan hüququ nəzərdə tutmaqla bir növ müdafiəni həyata keçirmiş, müdafiəni tamamlamış olur. Odur ki, müdafiə həyatımızın hər anında, hər mərhələsində baş verəcək pozuntuya görə hüququn nəzarətdə saxlanılması üçün edəcəyimiz bir davranışdır.

Paşa Səfərov

Vəkillər Kollegiyası Deontologiya Komitəsinin sədri

Vəkillərin İntizam Komissiyasının üzvü vəkil

Oxşar xəbərlər