- 11 Mart 15:03
Azərbaycanda son illər uğurlu ekran işlərindən biri kimi tanınan "Əqrəb Mövsümü" serialı növbəti dəfə müzakirələrə səbəb olub. Hüquqşünas-yazıçı Ceyhun Hidayətlinin "Əqrəb" romanının motivləri əsasında dram, triller və detektiv janrlarında çəkilən serialın bir neçə gün öncə yayımlanmış bölümündə prokuror və müstəntiq obrazları arasındakı dialoqda vəkillik peşəsi ilə bağlı səslənən fikir narazılıq yaradıb.
E-huquq.az xəbər verir ki, serialın ikinci sezonunun ilk bölümündə aktyor Azər Aydəmirovun canlandırdığı xüsusilə mühüm işlər üzrə müstəntiq Rauf Eyvazov obrazı söhbət zamanı aktyor Elşən Rüstəmovun həyat verdiyi prokuror Akif Məhərov obrazına köməkçiyə ehtiyacı olmadığını deyir və onun həmin vəzifədən uzaqlaşdırılaraq başqa yerə təyin edilməsini istəyir. Prokuror isə cavabında "göndər onu vəkildən zaddan işləsin" deyir. Serialda səsləndirilən bu fikirlər Azərbaycan vəkilləri arasında müzakirələrə səbəb olub. Bəzi vəkillər sosial şəbəkədə öz narazılığını dilə gətirib. Onlar vəkillər haqda bu ifadənin səslənməsinin qəbuledilməz olduğunu bildiriblər və bunu vəkillik peşənin nüfuzdan salınmasına yönələn hərəkət kimi qiymətləndiriblər. Həmin epizoda etiraz edərək bildiriblər ki, serialda səslənən “vəkildən zaddan işləsin” ifadəsi Vəkillər Kollegiyasının işgüzar nüfuzuna birbaşa zərər vurur.
Serialın ssenaristi Azər Aydəmir e-huquq.az-a açıqlamasında tənqidlərə münasibət bildirib.
"Hesab edirəm ki, narazılığa əsas yoxdur. Bu ifadə ssenari müəllifinin və həmin obrazları canlandıran aktyorların yanaşması deyil. Bu, həmin personajların danışıq tərzidir. Onların bir-biri ilə danışığı zamanı deyilən sözdür. Çox istərdim ki, vəkillər serialdakı personajın münasibəti kimi bunu qəbul etsinlər. Bizim şəxsimizə aid etməsinlər. Yəni, Azər Aydəmir müsahibəsində vəkillər haqda pis bir söz desə idi, onda haqlı olardılar. Çünki o, mənim fikrim olardı. Amma indiki halda o söz personajlar - Akif Məhərov və Rauf Eyvazovun arasında olan danışıqdır. Biz çalışırıq ki, real hekayələrə əsaslanan serial təqdim edək. Ona görə də bu serial sevilir", - deyə A.Aydəmir qeyd edib.
Şəbnəm Mehdizadə