İrkutsk əyalətinin Vəkillər Palatasının nümayəndə heyəti Nərimanov Rayon Məhkəməsini ziyarət edib - FOTO


  • 16:25

Ölkəmizdə səfərdə olan Rusiyanın İrkutsk əyalətinin Vəkillər Palatasının üzvlərindən, habelə bu ölkənin aparıcı təhsil müəssisələrindən hesab edilən və Şərqi Sibirin ən qədim ali təhsil ocağı olan İrkutsk Dövlət Universitetinin tərkibində fəaliyyət göstərən Hüquq institutunun müəllim və tələblərindən ibarət nümayəndə heyəti oktyabrın 18-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşəbbüsü ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi ziyarət edib.

E-huquq.az-ın məlumatına görə, ziyarət zamanı qonaqları salamlayan Nərimanov Rayon Məhkəməsinin rəhbərliyi və hakimlər məhkəmə binasında yaradılan şərait, məhkəmənin fəaliyyəti və görülən işlər barədə ətraflı məlumat verib.

Məhkəmə binası ilə tanış olan qonaqlara "Elektron məhkəmə" informasiya sisteminin yaradılması və fəaliyyətindən söz açılıb, eyni zamanda məhkəmə proseslərinin audio-video və digər texniki vasitələrlə qeydə alınması, proses iştirakçıları üçün yaradılmış şərait barədə diqqətə çatıdırlıb.

Həmçinin nümayəndə heyəti ilə birgə məhkəmə zallarına baxış keçirilib, fotoşəkillər çəkilib.

Yekunda İrkutsk əyalətinin Vəkillər Palatasının prezidenti Oleq Smirnov və onun başçılıq etdiyi nümayəndə heyəti əldə etdikləri məlumatlara və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, oktyabrın 15-də ARVK-nın Hüquqi Yardım Mərkəzində Rusiyanın İrkutsk əyalətinin Vəkillər Palatasının prezidenti Oleq Smirnovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Oxşar xəbərlər