- 10:53 | 10.10.2024
- Vəkillik
"Maarifləndirmə tədbirləri vasitəsilə cəmiyyətə məişət zorakılığı ilə bağlı məlumatların çatdırılması, zorakılıq qurbanlarının hüquqları barədə təlimlərin təşkili və ictimaiyyətin bu mövzu ilə bağlı məlumatlandırılması zəruri tədbirlər sırasına daxildir. Maarifləndirmə tədbirləri həm zərərçəkmişlərə, həm potensial qurbanlara, həm də zərərçəkmiş şəxslərlə işləyən şəxslərə, yəni vəkillərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, sosial xidmət orqanlarının əməkdaşlarına və digər şəxslərə münasibətdə aparılmalıdır".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, Vəkillər Kollegiyası olaraq bu məsələyə xüsusi əhəmiyyət verir: "Qeyd etdiyim kimi, həm icbari tədris proqramlarında, həm də ixtisasartırma təlimlərində məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış məsələləri geniş şəkildə tədris olunur. Hər bir vəkilin bu sahədə peşəkar biliyə və yanaşmaya sahib olmasını təmin etmək bizim prioritetlərimizdən biridir. Ədalət mühakiməsinin bərabərhüququlu tərəfi olan vəkillərin bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi şəxslərin Konstitusion hüququ olan keyfiyyətli hüquqi yardım alma hüquqlarının təmininə böyük tövfə verir. Bu cür təlimlər yalnız hüquqi biliklərin artırılmasına xidmət etmir, həm də vəkillərin empatiya və sosial məsuliyyətlərini daha da gücləndirir".
"Qeyd etdiyim iki istiqamət – qurumlar arasında koordinasiyalı iş və maarifləndirmə tədbirləri – məişət zorakılığı ilə mübarizədə həm preventiv, həm də müdafiə mexanizmlərini gücləndirərək cəmiyyətin sağlam inkişafına töhfə verə bilər. Vəkillərin, hakimlərin və digər hüquq peşə sahiblərinin qarşılıqlı təcrübə mübadiləsi yalnız və yalnız bir məqsədə ölkəmizdə ədalət mühakiməsinin yüksək standartlarına nail olmasına xidmət edir", - A.Bağırov əlavə edib.