- 10:44 | 10.10.2024
- Vəkillik
"Məişət zorakılığının qarşısının alınması sahəsində effektiv mübarizə üçün yalnız qanunvericiliyin təkmilləşdirilməsi kifayət deyil. Bu problemin həlli kompleks yanaşma tələb edir və bu yanaşmanın əsas komponentlərindən biri müxtəlif qurumlar arasında koordinasiyalı işin təşkil olunmasıdır. Beynəlxalq təcrübə göstərir ki, belə əməkdaşlıq modelləri zorakılığın qarşısının alınmasında ən effektiv yollardan biridir. Dövlət və qeyri-dövlət orqanları, habelə vətəndaş cəmiyyəti institutları arasında sıx əməkdaşlıq, informasiya mübadiləsi zorakılığın vaxtında aşkar edilməsi və zərərçəkmişlərin müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edir".
E-huquq.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun fikrincə, bu qurumların hər birinin öz sahəsindəki rolu və məsuliyyəti konkret müəyyən olunduqca, qarşılıqlı əlaqə və koordinasiya daha effektiv olur. Qarşılıqlı əməkdaşlığa əsaslanan sistem məişət zorakılığı ilə mübarizədə resursların daha səmərəli istifadə olunmasına və nəticələrin daha tez əldə edilməsinə imkan yaradır.
"Vəkillər Kollegiyası bu sahədə kordinasiyanı həyata keçirən əsas qurumlardan biri olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında səmərəli əməkdaşlıq mövcuddur. Belə ki, əməkdaşlıq çərçivəsində Kollegiya Komitə tərəfindən yaradılan işçi qruplarda fəal iştirak edir. Bu qruplar məişət zorakılığı ilə mübarizə sahəsində strateji planların hazırlanması və həyata keçirilməsi üçün mühüm bir platformadır. Vəkillərin bu işçi qruplarda iştirakı, hüquqi baxımdan praktiki və faydalı təkliflərin irəli sürülməsi və məişət zorakılığından zərər çəkmiş şəxslərə daha effektiv hüquqi dəstəyin göstərilməsi üçün vacibdir.
Eyni zamanda əməkdaşlıq çərçivəsində birgə təlimlər, konfranslar, dəyirmi masalar, pulsuz hüquqi yardım aksiyaları keçirilir. Həmçinin Komitə və Kollegiyanın birgə əməkdaşlığı çərçivəsində “Gender əsaslı zorakılıq qurbanlarına hüquqi yardım: milli və beynəlxalq müdafiə mexanizmləri” adlı tədris vəsaiti hazırlanmış və dərc olunmuşdur. Bu vəsaitdən həm vəkillərin ixtisasartırma təlimlərində, həm də vəkilliyə namizədlərin icbari tədrisində geniş istifadə olunur.
Birgə əməkdaşlıq çərçivəsində Kollegiya ilə komitə arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanmışdır. Memoranduma əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri, eləcə də müvafiq qeyri-dövlət yardım mərkəzlərindən Vəkillər Kollegiyasına müraciət daxil olduqda, Kollegiyanın təyin etdiyi vəkil tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxsə müvafiq Pro Bono hüquqi dəstək xidməti göstərilir", - deyə A.Bağırov qeyd edib.