Vəkillər Kollegiyasının nümayəndəsi Avstriyada beynəlxalq konfransda iştirak edib - FOTO


  • 24 Sentyabr 12:19

Cari il sentyabr ayının 12-14 tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Vəkillər Assosiasiyası (AEA-EAL) ilə Vyanada yerləşən “Women in Law” təşkilatının birgə əməkdaşlığı çərçivəsində “Hüququn hər kəs üçün cəlb edici edilməsi: Karyeranızı inkişaf etdirin, başqalarını gücləndirin və gələcəyi formalaşdırın” mövzusunda beynəlxalq konfrans keçirilib.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) üzvü Əminə İsmayılzadə sözügedən konfransa qatılıb.

Tədbirin məqsədi hüquq sahəsində gender bərabərliyi, inklüzivlik və müxtəlifliyi təşviq etməkdən ibarət olub.

Konfransda dünyanın müxtəlif yerlərindən hüquq peşəkarları, akademiklər və hüquq sahəsinin liderləri iştirak edib, qadın hüquqşünasların rolu, onların qarşılaşdıqları çətinliklər barədə ətraflı fikir mübadiləsi aparılıb, həmçinin iştirakçılar təşkil edilən “workshop”larda peşəkar şəbəkələrini genişləndirmək, təcrübələrini bölüşmək, habelə hüquq sistemində dəyişikliklərə necə liderlik edə biləcəklərini müzakirə etmək imkanı qazanıblar.

Eyni zamanda qadın hüquqşünasların liderliyinin gücləndirilməsi və gender bərabərliyinin hüquq sistemlərində daha geniş tətbiq olunması kimi mövzular konfransın əsas istiqamətlərindən biri olub.

Bundan başqa, “Young Voices: The Future of Law” panelində hüquq dünyasında yeni nəsillərin formalaşması və qadınların gələcək hüquqi innovasiyalarda liderlik edəcəyi vurğulanıb. “Unlocking Equal Pay” mövzusunda keçirilən digər paneldə isə qadınların əmək bazarındakı maaş bərabərsizliyi məsələləri müzakirə edilib, o cümlədən hüquq sistemlərinin bu sahədə daha güclü rol oynamasının vacibliyi diqqətə çatdırılıb.

Həmçinin konfransda davamlı inkişaf məqsədləri mövzularına xüsusi yer ayrılıb, “ESG & SDGs” adlı sessiya və seminarlar təşkil edilib.

Konfrans çərçivəsində Əminə İsmayılzadə beynəlxalq təşkilatların nümayəndələri ilə bir sıra görüşlər keçirib və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

Oxşar xəbərlər