Beynəlxalq Hüquqşünaslar Assosasiyasının Beynəlxalq Etik Kodeksi


  • 21 İyun 16:25

Beynəlxalq Hüquqşünaslar Assosasiyasının Beynəlxalq Etik Kodeksi

Qaydalar:

1. Yerli peşənin tamhüquqlu üzvü olmadığı yurisdiksiyada peşə fəaliyyəti ilə məşğul olan hüquqşünas fəaliyyət göstərdiyi yurisdiksiyada peşə etikası standartlarına riayət etməlidir. O, həmçinin fəaliyyət göstərdiyi ölkədə vəkillər üçün tətbiq olunan bütün etik standartlara əməl etməlidir.

2. Vəkillər hər zaman öz peşəsinin şərəf və ləyaqətini qorumalıdırlar. Həm şəxsi həyatlarında, həm də təcrübədə mənsub olduqları peşənin nüfuzuna xələl gətirə biləcək hər hansı davranışdan çəkinməlidirlər.

3. Vəkillər öz peşə vəzifələrini yerinə yetirən zaman müstəqilliklərini qorumalıdırlar. Öz hesabına və ya icazə verildiyi təqdirdə müştərək işləyən vəkillər müstəqilliklərinə xələl gətirəcək hər hansı başqa iş və ya peşə ilə məşğul ola bilməzlər.

4. Vəkillər öz peşə həmkarlarına qarşı son dərəcə nəzakətli və ədalətli davranmalıdırlar. Xarici həmkarına yardım etməyi öhdəsinə götürən vəkillər daima nəzərə almalıdırlar ki, onların əcnəbi həmkarı eyni ölkədəki başqa bir vəkildən daha çox ona bağlıdır. Odur ki, həm məsləhət verərkən, həm də xidmət göstərərkən onların məsuliyyəti daha böyükdür.

Buna görə də, vəkilləri işi digər işgüzar təzyiqlərin əsassız müdaxiləsi olmadan dərhal və lazımi səriştə ilə həll edə bilmədikləri halda, işi qəbul etmələri yersizdir. Bu hallarda rüsumlarla bağlı Qaydaların 19-cu bəndi tətbiq edilir.

5. Müvafiq ölkənin qanunvericiliyi və ya adət-ənənəsi başqa cür tələb etdiyi hallar istisna olmaqla, vəkillər arasında hər hansı şifahi və ya yazılı ünsiyyət, müvəkkilin adından konkret vədlər verilmədiyi və ya qəbul edilmədiyi halda, məhkəməyə münasibətdə prinsipcə məxfi xarakter daşıyır.

6.Vəkillər həmişə məhkəməyə lazımi hörmət göstərməlidirlər. Vəkillər çəkinmədən müvəkkillərinin mənafeyini müdafiə etməlidirlər və özləri və ya hər hansı digər şəxs üçün xoşagəlməz nəticələri nəzərə almamalıdırlar. Vəkillər heç vaxt qəsdən məhkəməyə yanlış məlumat və ya qanuna zidd tövsiyyələr verməməlidirlər.

7. Vəkillərin konkret iş üzrə həmin işdə başqa vəkil tərəfindən təmsil olunduğunu bildikləri hər hansı şəxslə həmin vəkilin razılığı olmadan birbaşa əlaqə saxlaması düzgün hesab edilmir.

8. Vəkil, həmin vəkilin tabe olduğu yurisdiksiyanın qaydaları ilə icazə verilən həddə və qaydadan başqa, reklam etməməli və ya xidmətini biznesə çevirməməlidir. Vəkil bu cür reklamın və ya tələbin qadağan olunduğu hər hansı ölkədə reklam etməməli və ya və ya xidmətini biznesə çevirməməlidir.

9. Bir vəkil heç vaxt işə baxmağa razı ola bilməz:

1) müvəkkil bilavasitə göstəriş vermədikdə;

2) iş səlahiyyətli orqan tərəfindən təyin edilmədikdə və ya başqa vəkil tərəfindən göndərilmədikdə;

3) müvafiq yerli qanunvericilikdə əks etdirilən başqa göstərişlər verilmədikdə.

10. Vəkillər hər zaman müştərilərə istənilən iş üzrə səmimi rəy bildirməlidirlər. Onlar ciddi qayğı və səylə kömək göstərməlidirlər. Bu, onlar imkansız bir şəxs üçün vəkil kimi təyin olunduqları halda da tətbiq edilir. Vəkillər, səlahiyyətli orqan tərəfindən təyin edilmədiyi təqdirdə, istənilən vaxt işə baxmaqdan imtina etməkdə sərbəstdirlər. Vəkillər işin gedişatında yalnız üzrlü səbəblərə görə və mümkünsə müvəkkilin maraqlarına mənfi təsir göstərməyəcək şəkildə işdən geri çəkilməlidirlər. Müvəkkilin iddiasını vicdanlı və səmimi müdafiə etmək müvəkkilin həyata keçirmək istədiyi hüquq və ya imtiyazlara tabe olmasına və ya bilərəkdən qanunu pozmasına səbəb ola bilməz

11. Müvəkkilin maraqlar ilə əlaqədar, vəkillər hüquqi tədbirlər görmədən öncə, məsələni məhkəmədənkənar barışıq yolu ilə həll etməyə çalışmalıdırlar. Vəkillər heç vaxt məhkəmə prosesini gərginləşdirməməlidirlər.

12. Vəkillər iṣin predmeti ilə bağlı maddi maraq əldə etməməlidirlər. Nə də onlar birbaşa və ya dolayısı ilə iştirak etdikləri məhkəmədə mübahisə predmeti olan əmlakı əldə etməməlidirlər.

13. Vəkillər heç vaxt məhkəmə proseslərində ziddiyyətli maraqları təmsil etməməlidirlər. məhkəmədənkənar işlərdə vəkillər bunu yalnız hər hansı münaqişə və ya potensial maraq toqquşmalarını iştirak edən bütün tərəflərə açıqladıqdan sonra və yalnız onların razılığı ilə etməlidirlər. Bu Qayda vəkil bürolarında olan bütün vəkillərə də şamil edilir.

14. Vəkillər məhkəmənin qanuni göstərişi olduğu və ya qanunun tələb etdiyi hallar istisna olmaqla, müvəkkilə olan xidmətini bitirdikdən sonra vəkil kimi onlara bildirilənləri heç vaxt açıqlamamalıdırlar. Bu vəzifə həm də onların tərəfdaşlarına, onlara kömək edən hüquqşünaslara və onların əməkdaşlarına da şamil edilir.

15. Maddi məsələlərdə vəkillər çox dəqiq və çalışqan olmalıdırlar. Onlar heç vaxt başqalarının vəsaitlərini özlərininki ilə qarışdırmamalı və hər zaman başqaları üçün saxladıqları pulu geri qaytarmalıdırlar.Həmçinin müvəkkili üçün əldə etdikləri pulları zərurətdən artıq müddətə saxlamamalıdırlar.

16. Vəkillər öz xərclərini ödəmək üçün depozit qoyulmasını tələb edə bilər, lakin depozit onların ödənişlərinin təxmini məbləğinə ,ehtimal olunan xərclərə və tələb olunan xidmət haqqına uyğun olmalıdır.

17. Vəkillər xidmətləri qarşılığında təzminat almaq hüququnu deyil, müvəkkillərinin maraqlarını və ədalət mühakiməsinin həyata keçirilməsi tələblərini üstün tutmalı olduqlarını əsla unutmamalıdırlar. Vəkilin əmanət və ya çəkdikləri xərclərin və öhdəliklərin ödənilməsini tələb etmək və ya ödənilmədikdə işdən imtina etmək və ya baxmaqdan imtina etmək hüququ, müvəkkilin bərpa olunmaz zərərinin qarşısını almaq üçün vaxtında Məhkəməyə müraciət edə bilməyəcəyi bir zamanda həyata keçirilməməlidir.

18. Qanun, peşə qaydaları və təcrübə ilə təsdiq edilmiş şərti ödəniş müqaviləsi risk, qeyri-müəyyənlik və ya kompensasiya da nəzərə almaqla işin bütün vəziyyətlərində ağlabatan olmalı və onun ağlabatanlığı məhkəmə tərəfindən yoxlanılmalıdır.

19. Məsləhət vermək və ya işin aparılmasında əməkdaşlıq etmək üçün əcnəbi həmkarını cəlb edən vəkillər, əksinə, açıq razılıq olmadıqda, xarici həmkarının haqqının ödənilməsinə cavabdehdirlər. Vəkillər müvəkkilini əcnəbi həmkarına yönləndirdikdə, onlar əcnəbi həmkarının qonorarının ödənilməsinə cavabdeh deyillər, lakin həmin əcnəbi həmkarının qonorarından da pay almaq hüququna malik deyillər.

20. Hüquqşünaslar öz peşəkar xidmətlərindən və ya adlarından qanuni olaraq vəkillik fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti olmayan şəxslərə imkan verəcək şəkildə istifadə edilməsinə icazə verməməlidirlər. Vəkillər fəaliyyət göstərdikləri ölkənin qanunlarına və ya adət-ənənələrinə görə yalnız ixtisaslı vəkil tərəfindən yerinə yetirilməli olan hər hansı işi qanuni səriştəsi olmayan və onların nəzarətində olmayan şəxsə həvalə edə bilməzlər.

21. Yerli Vəkillər Kollegiyasının qaydalarına uyğun olaraq, hər hansı qanun və ya konstitusiya qadağası olmadığı halda, vəkillərin peşə məsuliyyətini məhdudlaşdırmaları və ya istisna etmələri etik deyil.

QEYD: “Beynəlxalq Etik Kodeks” ingilis dilindən Bakı Dövlət Universiteti Hüquq fakültəsinin III kurs tələbəsi Aytac Ağayeva tərəfindən tərcümə edilib, Vəkillərin İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov tərəfindən redaktə edilib.

Oxşar xəbərlər