"Ədalət mühakiməsinin səmərəli fəaliyyətinin təmini üçün güclü və nüfuzlu vəkillik institutu mühüm əhəmiyyət kəsb edir"


  • 21 İyun 10:57

"Ölkəmizdə vəkillik fəaliyyətinin gücləndirilməsi və müasirləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir".

E-huquq.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva vəkilliyə namizədlərin andiçmə mərasimində çıxışı zamanı deyib.

S.Əliyeva bildirib ki, vəkillik institutu insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatı kimi çıxış edir:

"Bu baxımdan, keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyətinin təmini üçün güclü və nüfuzlu vəkillik institutunun mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda müstəqil vəkillik institutunun yaradılması və inkişaf etdirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi altında Azərbaycan post-sovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biri oldu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi və bununla da ölkəmizdə vəkillik müstəqil peşə kimi tanındı. Vəkillik institutunun inkişafı və nüfuzunun artırılması, vəkillik fəaliyyətinin müasir tələblərə uyğun şəkildə təşkili istiqamətində tədbirlər Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilməkdədir. Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər çərçivəsində ölkə Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncamı Vəkillər Kollegiyasının fəaliyyətinin təkmilləşdirilməsi, regionlarda vəkillik fəaliyyətinin stimullaşdırılması, vəkillərin peşə hazırlığının və ixtisasının artırılması, dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin artırılması, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin təşkili baxımından müstəsna əhəmiyyət kəsb edir”.

S.Əliyeva vurğulayıb ki, ölkə Prezidentinin təşəbbüsü ilə qanunvericiliyə edilən dəyişikliyə əsasən mülki işlər üzrə də vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərin dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququ təsbit olundu:

"Beləliklə, ölkəmizdə vəkillik fəaliyyətinin gücləndirilməsi və müasirləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və göründüyü kimi, vəkillik sahəsində aparılan islahatlar son nəticədə insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə şərait yaradır. Ombudsman təsisatı olaraq əhalinin peşəkar hüquqi yardımla təmin edilməsi və bununla da hüquq və azadlıqların daha etibarlı müdafiəsi, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə işinin təşkili istiqamətində Vəkillər Kollegiyası ilə əməkdaşlıq davam etdirilir. Xüsusi ilə vurğulanmalıdır ki, Ombudsman “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun, habelə vəkillik fəaliyyəti ilə bağlı digər normativ-hüquqi aktların təkmilləşdirilməsi prosesində yaxından iştirak edir. Vəkillərin fəaliyyəti ilə bağlı Ombudsmana ünvanlanmış şikayətlərlə bağlı müvafiq araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün tərəfimizdən Vəkillər Kollegiyasına göndərilmiş müraciətlərə xüsusi həssaslıqla yanaşılır və zəruri tədbirlərin görülməsi təmin edilir. Bundan başqa, vəkillər tərəfindən Ombudsmana ünvanlanan şikayətlərə də qanunvericiliyin tələblərinə müvafiq qaydada baxılaraq cavablandırılması təmin edilir".

Oxşar xəbərlər