Anar Bağırov: "Azərbaycanda vəkillərin sayı 2502 nəfərə çatıb"


  • 21 İyun 10:28

"Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan vəkilliyi bu gün daha da böyüyür, güclənir"

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlərin andiçmə mərasimində çıxışı zamanı deyib.

Sədr bildirib ki, bu gün vətəndaşlarımızın hüquqi yardıma çatımlılığı tam təmin edilir:

"Bu sahədə aparılan islahatlar, o cümlədən vəkillik təsisatının gücləndirilməsi ölkə rəhbərliyinin Azərbaycan vəkilliyinə diqqət və qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyevin tövsiyəsinə uyğun olaraq bu gün ölkəmizdə vəkillərin sayı artmaqdadır. Belə ki, 2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 13 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 5488 namizəddən 1627 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran ümumilikdə 51 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar”.

A.Bağırov qeyd edib ki, namizədlər sırasında əvvəllər hakim işləmiş 6, vəkilik fəaliyyəti ilə məşğul olmuş 6 nəfər qanunvericiliyə uyğun olaraq şifahi müsahibədə uğur qazanaraq icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxılıb:

"O cümlədən 3 hüquq elmləri doktoru vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edir. Beləliklə, vəkillərin sayı 2502 nəfərə çatıb. Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 32 nəfəri kişi, 19 nəfəri isə qadındır. Bununla da qadın vəkillərin sayı 503 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil etməkdədir".

Oxşar xəbərlər