- 02 fev 2022 11:25
- Vəkillik
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi işdən çıxarılmanın ən riskli və nəticəsinin də olduqca ağır olduğu bir maddədir.
Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsidir ki, bu da işçinin sözün əsl mənasında ömürlük bədbəxt olması anlamına gəlir.
Belə ki, bu pozuntu (maddə) ilə işdən çıxarılan şəxslər əksər hallarda özünə yeni iş tapmaqda ciddi problemlərlə qarşılaşır və dezavantaj yaşaya bilirlər. Çox təssüf ki, bu məsələnin yüngülləşdirilməsi ilə bağlı bizim qanunvericiliyimizdə hər hansı bir norma nəzərdə tutulmamışdır. İnsanlar çıxış yolunu məhkəmələrə müraciət etməkdə görürlər ki, əksər hallarda da bu müsbət nəticə vermir.
Qeyd etmək istərdim ki, Avropa İttifaqında “unudulmaq hüququ” (şəxsi neqativ xarakterizə edən informasiyanın müəyyən müddət sonra elektron baza sistemlərindən silinməsi) deyilən bir anlayış vardır. Avropa Ədalət Məhkəməsinin Costeha işində Google-a qarşı qərar çıxararkən "unudulmaq hüququ"nun insan hüquqlarından biri olduğunu qanuni olaraq təsdiqləmişdir.
Azərbaycan Respublikasının da Avropa Şurasının və bir sıra digər beynəlxalaq təşkilatların üzvü olduğunu nəzərə alaraq təklif edərdim ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə bağlı bizim də əmək qanunvericiliyimizdə konkret müddəa öz əksini tapsın və həmin müddəadan sonra qeyd olunan pozuntu ilə işdən çıxarılmış şəxsin vəziyyəti yaxşılaşdırılsın və həmin pozuntu aradan qaldırılmış olsun.
Emil Mirzə
Vəkillər Kollegiyasının üzvü, vəkil