- 16:05
"Dövlət hesabına hüquqi yardım üzrə saatlıq ödənişlərin artırılması hüquqi xidmətlərin keyfiyyətini yüksəldəcək".
Bunu e-huquq.az-a açıqlamasında vəkil Lalə Babayeva deyib.
O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərar vəkillərin əməyinin daha ədalətli qiymətləndirilməsi məqsədi daşıyır.
"Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərarla dövlət hesabına hüquqi yardım göstərən vəkillərə ödənilən saatlıq məbləğ 83,3 faizi artırılmaqla 11 manata çatdırılıb. Bu artım vəkillərin işlərinin dəyərinin daha real şəkildə əks etdirilməsinə və onların motivasiyasını artıraraq hüquqi yardıma çatımlılığı Konstitusion prinsip kimi təmin olunması baxımından əhəmiyyət daşıyır. Beləliklə, dövlət hesabına hüquqi yardım göstərən vəkillərə ödənilən saatlıq məbləğin artırılması hüquq sisteminin inkişafına, həmçinin vəkillərin sosial rifahının yüksəldilməsinə yönəlmiş əhəmiyyətli bir tədbirdir. Habelə, təcrübəli vəkillərin dövlət hesabına işlərə cəlb edilməsi ədalət mühakiməsinin keyfiyyətinə birbaşa müsbət təsir göstərəcəkdir. Həmçinin bu dəyişiklik hüquqa çıxışın Konstitusion prinsip kimi təmin olunması baxımından əhəmiyyət daşıyır. Qərarın icrası nəticəsində hüquqi yardım sistemində peşəkarlıq və dayanıqlılıq güclənəcəkdir", - vəkil qeyd edib.
L.Babayevanın sözlərinə görə, vəkillərə ödənilən saatlıq məbləğin artırılması onların sosial müdafiəsinin yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir: "Bu, peşənin nüfuzunu artırmaqla yanaşı, gənc hüquqşünasların vəkilliyə marağını da artıracaq. Beləliklə, uzunmüddətli perspektivdə ölkədə daha dayanıqlı və güclü vəkillik institutu formalaşacaq. Bununla belə, bu qərar yalnız vəkillər üçün deyil, bütövlükdə ədalət sisteminin səmərəliliyi və əhali üçün hüquqi yardımın əlçatanlığı baxımından mühüm rol oynayacaqdır".
Şəbnəm Mehdizadə